"Təzadlar"ın (eyni adlı saytın) 28 yanvar 2024-cü il tarixli buraxılışında dərc edilmiş "VƏTƏNDAŞ "PAŞA SIĞORTA"YA MÜRACİƏT ETDİ: AVTOMOBİLƏ DƏYMİŞ ZƏRƏR DÜZGÜN QİYMƏTLƏNDİRİLMİR" yazısına "Paşa Sığorta" ASC-nin
Hüquq Departamentindən cavab məktubu almışıq. Aşağıda olduğu kimi təqdim edirik: "Salam! Zəhmət olmasa, yaxın günlərdə xəbər portalınızda yayımlanan xəbər haqqında cavabımızla tanış olub və yerləşdirmə edəsiniz. Xəbərin linki: VƏTƏNDAŞ "PAŞA SIĞORTA"YA MÜRACİƏT ETDİ: AVTOMOBİLƏ DƏYMİŞ ZƏRƏR DÜZGÜN QİYMƏTLƏNDİRİLMİR (tezadlar.az).
Bildirmək istəyirik ki, 08.12.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində 77 XD 079 dövlət qeydiyyat nişanlı BMW 328i markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə “Zərərlərin birbaşa tənzimlənməsi” çərçivəsinə aid olduğuna görə zərərçəkən Əhmədov Cəmaləddin Davud oğlu bilavasitə öz icbari sığorta şirkətinə - “PAŞA Sığorta” ASC-yə müraciət etmişdir. Cəmaləddin bəyin mətbuata müraciətində də vurğuladığı kimi hadisə “PAŞA Sığorta” ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə qeydə alınmışdır. Növbəti mərhələdə avtonəqliyyat vasitəsi müvafiq təmir müəssisəsinə yönləndirilmiş və dəymiş zərər qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsi müştəriyə təqdim olunmuşdur. Müştəri qiymətləndirmənin nəticəsi ilə razı olmadıqda zərər məbləğinin pul şəklində ödənilməsi əvəzinə sığorta ödənişinin əmlakın təmiri və ya bərpası formasında həyata keçirilməsi təklif olunmuşdur. Müştəri avtonəqliyyat vasitəsini “PAŞA Sığorta” ASC-nin təklif etdiyi təmir müəssisəsinə təqdim edərsə, qanunvericiliyə müvafiq olaraq avtonəqliyyat vasitəsinin təmiri və sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması istiqamətində zəruri addımlar atılacaqdır.”
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
Hörmətlə: "Paşa Sığorta" ASC-nin Hüquq Departamenti"