Osman Gündüz: “Düşünürəm ki, seçki sistemimiz nəinki müasir çağırışlardan, hətta ölkəmizin rəqəmsal inkişaf səviyyəsindən ən azı 3-4 il geri qalıb”

2024-cü ilin 7 fevralında keçirilən növbədənkənar Prezident seçkiləri arxada qaldı. Hamının inanıb güvəndiyi, MDB məkanında ilk dəfə olaraq, Azərbaycan ərazisində erməni separatçılarının kökünü kəsən Ali Baş komandan Prezident İlham Əliyev böyük səs çoxliğu ilə- 92,4 faizlə yenidən prezident seçildi.

 Bəs Mərkəzi Seçki Komisiyasının (MSK) seçki prosesində müasir texnologiyadan istifadə etməsi yetərincə idimi? Seçki prosesi rəqəmsal inkişaf səviyyəsinə və müasir standartlara cavab verirdimi?

 Bildiyimiz kimi, üç ictimai birlik - “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı 542 müşahidəçi ilə 63 seçki dairəsi üzrə 792 seçki məntəqəsində seçkiləri müşahidə edib.

Ona görə də məni maraqlandıran suallara cavab almaq üçün  “Multmedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin sədri Osman Gündüzə müraciət etdim. Osman bəylə qısa lakin çox maraqlı söhbətimiz alındı.

-Osman bəy, xoş gördük. Seçki prosesi ilə bağlı bəzi bəzi məqamlara aydınlıq gətirmək üçün sizin fikrinizi öyrənmək istəyirəm.

-Buyurun, bacardığım qədər çavab verməyə çalışaram.

-Çox gözəl. Elə isə deyin, bu seçkilər sizi qane etdimi? Sizin müşahidəçilər səsvemə zamanı hər hansı qanun pozuntusu aşkar etdimi?

-Bəli, seçki günü arxada qaldı. Müşahidələr onu deməyə əsas verir ki, bəzi xırda texniki çatışmazlıqlar olsa da, ötən dövrlərdə baş verən ciddi pozuntular olmayıb, qanunvericiliyə və beynəlxalq normalara uyğun olub. Seçki günü seçici fəallığı yüksək olsa da, namizədlərin seçki öncəsi  fəaliyyəti cəmiyyətin ictimai fəallığını və aktivliyini yüksəldə bilməyib.

- Bizim seçki sistemi, seçki infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsinə və müasir çağırışlara adekvatdrmı?

-Təəssüf ki, bu, belə deyil. MSK sadəcə seçicilərin dəqiqləşdirilməsi üçün ASAN infrastrukturunda müəyyən innovativ həllər tətbiq edib və bununla da iş bitib. Düşünürəm ki, aşağıdakılar onu deməyə ciddi əsas verir ki, bizim sesçki sistemi müasir çağırışlara yetərincə cavab vermir. Birinci, ölkədə son bir neçə ildə, az da olsa, rəqəmsal transformasiya baş verib, vətəndaşların biometrik identifikasiyasına əsaslanan sistemlər yaradılıb. Vətəndaşların şəxsi məlumatları rəqəmsal resurslarda yerləşdirilib (MyGov, e-Polis və s.). Yəni hökumət vətəndaşın rəqəmsal identifikasiyasına  SON SEÇKİLƏRDƏN SONRA  xeyli investisiya yatırıb. MSK isə, seçki günü seçki məntəqələrində vətəndaşın şəxsiyyətini müəyyən edən istənilən kağız sənədi tələb edib, lakin rəqəmsal məlumatları qəbul etməyib.

 İkinci, MSK bildirib ki, son illərdə seçici sayı 1 milyon artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib ki, son iki-üç ildə 2 milyon ev təsərrüfatına fiber optik kabellə internet çəkilib. Elm və Təhsil Nazirliyi də (ETN) açıqlayıb ki, son bir-iki ildə 1500 məktəbə optik kabellə internet xətti çəkilib. Yəni, seçki məntəqələrini veb-kameralarla təmin etmək üçün SON SEÇKİLƏRDƏN SONRA ölkədə daha ucuz və daha keyfiyyətli mühit formalaşıb. Lakin MSK-nın veb- kamera ilə təhciz etdiyi məntəqələrin (orta məktəblərin) sayı 10 il əvvəllki qaydada olub, cəmi 1000 məntəqə kamera ilə təchiz edilib.

 Üçüncüsü isə, qeyd olunduğu kimi, ölkədə son illər rəqəmsal tarnsfromasiya güclənib və vətəndaşların identifikasiyası xeyli rəqəmsallaşıb. İndi hər bir vətəndaş üçün əlçatan olan SİMA rəqəmsal imzası var. Dövlətin kibertəhlükəsizliyi də xeyli güclənib. SON SEÇKİLƏRDƏN SONRA bu sahədə ciddi uğurlar var. Lakin bütün bunlara baxmayaraq, MSK heç bir məntəqədə, pilot qaydada da olsa, elektron səsvermə təşkil edə bilməyib.

-Osman bəy, bu təcrübədən istifadə edən qonşu ölkələr varmı?

-Əlbəttə, var. Qonşu ölkələrdə və Avropada bu praktikadan istifadə edilir. Bizdə 2000-ci illərdə buna cəhdlər olub, sonradan proses dondurulub. Beləliklə, düşünürəm ki, seçki sistemimiz nəinki müasir çağırışlardan, hətta ölkəmizin rəqəmsal inkişaf səviyyəsindən ən azı 3-4 il geri qalıb.Ümid edirəm, MSK, Seçkilər İnformasiya Mərkəzi, RİNN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi növbəti seçkilərədək seçki texnologiyalarını təkmilləşdirəcək və bu infrastrukturun rəqəmsal transformasiyasını gücləndiriəcək.

-Osman bəy, maraqlı və gərəkli məlumatlar üçün təşəkkür edirəm.

-Çox sağ olun!

   Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN