Ermənilərin Nerkin-And kəndi yaxınlığındakı mövqenin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, bu barədə bu gün fevralın 13-də günorta saatlarında Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Erməni KİV-lərinin məlumatına görə, ölənlər “Yerkrapah” könüllülər birliyinin üzvləridir.
Qeyd edək ki, erməni təxribatına cavab olaraq ötən gecə Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Bu barədə "Təzadlar"a DSX-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Sitat: "Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən qeyd edilib.
Tezadlar.az onu da xatırladır ki, dünən fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Beləliklə, Paşinyan hökuməti başa düşməlidir ki, bir təxribatın cabaı bundan sonra 4 erməni hərbçinin ölümü deməkdir.
A.Məmmədli