Məncə, nəşriyyatın problemlərinin həllolunmazlığında direktor Ağabəy Əsgərovu yox, nəşriyyatı ələ keçirmək üçün pusquda duranları hədəfə almaq lazım idi...
Bu günlərdə Prezidentin İşlər İdarəsinin balansında olan, Azərbaycan mətbuatının təmərküzləşdiyi yeganə məkan-”Azərbaycan” nəşriyyatının bərbad vəziyyəti barədə AzTV-də, ardınca, sanki pusquda durmuş törəmə TV-lərin qərəzli sujetlərini izlədim... Şəxsən, həmişə sözümə özüm cavabdehlik daşıdığımdan, deyəcəklərimə də indi özüm cavabdeh olduğumu bəyan edib fakta söykənərək sizləri bu unikal mətbəə-nəşriyyat-redaksiyalar korpusunun keçmişinə ekskursiya etməyə dəvət edirəm...
...Vaxtilə “Kommunist”, 1991-ci ildən “Azərbaycan” nəşriyyatı adlanan bu media məkanına 1977-ci ildən ayaq basmaqdayam... Bircə fakt: ölkəmizdə yəqinki yeganə jurnalistəm ki, ən çox müddətə-1993-cü ildən dayanmadan nəşr olunan bir qəzetin baş redaktoruyam. Bunu ona görə deyirəm ki, bilməyənlər bilsin, əvvəla, redaktorların nəşriyyat rəhbərliyi ilə münasibətlərdə özəl məsuliyyəti olur... İkincisi, “Azərbaycan” nəşriyyatında qəzetçilik təkcə yazı yazmaq deyil, həm də peşəkar naşir, redaktor... olmaqdır! Və biləsiniz, mən nəşriyyatın alüminium borularla TASS-dan gələn xəbər bülletenlərinin qəbulu ritualını da görənlərdənəm, həm də uzun illər çapa gedəcək yazı şriflərinin alüminium metal ştamplara necə qəliblənməsi kimi mürəkkəb işlərin-qəzetçiliyin can boğaza yığan mərhələlərini yaşayanlardanam...
Sözümün qısası: bu nəşriyyatın Brejnev, Heydər Əliyev, Andropov, Qorbaçov, Yeltsin və Kamran Bağırov, Vəzirov, Ayaz Mütəllibov, Elçibəy, 1993-dən yenidən Heydər Əliyev və 2003-cü ildən İlham Əliyev dövrünü görənlərdənəm. Biz təkcə (özümdən danışıram) o dövrü görməmişik, həm də o dövrü həyatımızda-peşə fəaliyyətimizdə yaşamışıq. Vaxt vardı bu nəşriyyatın mətbəəsində 1-2 milyon nüsxə tirajla qəzetlər nəşr olunurdu. Nəşriyyatın direktorları-Nazim İbrahimovun, uzun illərdir rəhbərlik edən Ağabəy Əsgərovun fəaliyyətini görüb-izləyənlərdənəm... Təsəvvür edin, 1978-ci ildən 2021-ci ilin indiki sentyabr ayının bu günü! Neçə il keçib? Saya bilmədiniz? Kömək edirəm, bu da nəşriyyatın texniki korpusunu zaman-zaman kəsib-tikib özünə ailə biznesi yaratmaq deyil ki?! Bəli, mən düz 43 ildir nəinki bu nəşriyyatda nəfəs alıram, həm də bu nəşriyyatla nəfəs alıram!!!
***
...İndi AzTV-nin dünənki də yox, bu günkü uşaqları çiy veriliş hazırlayır ki, nəşriyyatda niyə xalçayuma, dülgər və s. sexi var??? (Sifarişçinin dəsti-xətti bəllidir... Az sonra kimliyini də biləcəksiniz, elə bilirlər camaat çörəyi qulağına yeyir...). Amma “bu günün uşaqları” demir ki, ləğv edilmiş KİVDF-nin keçmiş ofis binası da daxil, niyə nəşriyyatın bütün o ərazilərindəki o yaşayış binası, o ofis, o BMM və s. tikililər kimindir??? Kim tikib həyatını bu nəşriyyatın kirli, təmirsiz otaqlarında keçirən, ömrünü çürüdən jurnalistlərin başı üzərindən bunları??? Jurnalistlərin halal-haqqı olan bu binada bu zəhərli ailə biznesini kim yaradıb??? Bilmirsiz? Bilmirsinizsə, niyə soruşmadınız??? Soruşdunuzmu? Yox! Soruşsaydınız, ən azı ictimai cavab gələcəkdi ki, o qanunsuz tikilənlərin taleyi indi Bakı Ağır Cinayətlər Məhkəməsində çözülür. Və Prezident Adminstrasiyasının tabeliyində olan KİVDF-nin sabiq direktoru Vüqar Səfərli deyir ki, “Azərbaycan” nəşriyyatının bu qanunsuz zəbt edilmiş ərazilərindəki bahalı tikilərin müəllifi PA-nın mətbuatın qara gününə ağ gün arzulamalı Əli Həsənovdur!!! İstintaq materillarında və məhkəmə istintaqında bu məsələlər artıqlaması ilə çözüldüyündən, gəlirəm mətləbə: dəqiq deyirəm, hələ neçə il əvvəl şəxsən mən bu barədə yazmışam, “Azərbaycan” nəşriyyatının indiki direktoru Ağabəy Əsgərov dəfələrlə Prezident Adminstrasiyasına yazıb ki, gəlin nəşriyyatı xilas edək! Yəni, təmir etdirək... Amma və lakin... “Amma”nı deyim, “lakin”i özünüz tapın: təbii ki, Əli Həsənov və dəstəsi istəyərdimi ki, nəşriyyat onun özünün ələ keçirdiyi və qanunsuz olaraq oğlu Şamxal Əli oğlu Həsənovun adına sənədləşdirdiyi KİVDF-nin, BMM-in və digər MMC-lərin yerləşdiyi ərazilər kimi super təmir olunsun??? Nəşriyyat dağılmalı idi ki, jurnalistlər-redaksiyalar bezib getsin, nəşriyyat icarə haqqını yığa bilməyib “Müflisləşmə haqqında” qanuna müvafiq bağlansın... Və güdükdə duranlar da cumsun irəli... Təsəvvür edirsinizmi, təxminən 12 il əvvəl Prezident İlham Əliyev nəşriyyatın rəngli qəzet çapı sexinin açılışına gəlir, mətbuatımızın “Xaç atası” Əli Həsənov nəşriyyatın əzəmətli-tarixi binasının Mətbuat Prospektinə açılan hissəsini cari təmir etdirib Brejnevdən yadigar alüminium pəncərə çərçivələrini sökdürüb metalloma verdirdi, əvəzinə plasmas pəncərələr qoydurdu... Nəşriyyat binasının həyətə açılan tərəfi isə... nimdaş vəziyyətdə, yəni çürük taxtadan pəncərələr saxlanıldı! Bu günə kimi də elədir... Görün nəyə “qənaət” edildi?! Və Prezident rəngli Çap sexinin açılışına gələndə işi elə qurdular ki, medianın-jurnalistlərin dostu olan Prezident dostu olduğu media əməkdaşlarının ilboyu həyat çürütdükləri iç vəziyyətdən xəbərsiz oldu...
***
...İndi Ağabəy Əsgərovu qınayırlar! Bəli, nəşriyyatın dərdi dəvə yüklüdür! Amma bu yükdə Prezidentin mediaya-mətbuata cavabdehlikdə köməkçisi olmuş deyil, nəşriyyatın direktoru məsuldur!. Guya PA-nın o vaxtkı rəhbəri Ramiz Mehdiyevin xeyir-duası ilə PA-nın balansındakı, toxunulmaz mülkiyyət olan nəşriyyatın istehsalat ərazisini ələ keçirib özünə fəxrlə ailə biznesi quran, indi məhkəmədə qusdurulan... Əli Həsənovun qanunsuz sənədləşmələrindən xəbəri yox idi??? Prezidentmi maraqlanmalı idi bunlarla??? Bəs Əmlak Komitəsinin o vaxtkı sədri Kərəm Həsənov niyə susudu bu misli görünməmiş qanunsuzluğa???
***
...Gəlin hər kəsi öz adı ilə çağırdığımız kimi, əməlini də ünvanlı çağıraq. Nəşriyyatda bilənlər bilir ki, direktor A.Əsgərovla “Təzadlar”ın elə də sıx münasibəti olmayıb. Yəni, bu yazının sifarişli və ya məqsədli olmasının mətləbə qəti dəxli yoxdur. Qondarma sayt rəhbəri xanımların avtomobilləri nəşriyyatın həyətində rahatlaşanda, bizm əməkdaşlar küçələrdə hələ də parklama yeri axtarmaqdadır... Və nə isə...
Gəlin nəşriyyatımızı xilas edək. Özümüz üçün yox, kiminsə xatirinə görə də yox... Bu nəşriyyatda Azərbaycanın Nəsir İmanquliyev başda olmaqla, çox görkəmli naşirləri, şair və yazıçıları, jurnalistləri... ömrünün ən şərəfli və şanlı səhifələrini qoyub gediblər. “Azərbaycan” nəşriyyatı media tariximizin bir parçasıdır, onu parça-parça etməyə qoymayaq, tarixini-keçmişini bərpa edək...
Asif MƏRZİLİ