Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında çıxış edib.
TEZADLAR.AZ xəbər verir ki, o, çıxışı zamanı BMT Nizamnaməsi və beynəlxalq hüququn dünyanı müharibədən qorumaq üçün bir yol xəritəsi təqdim etdiyini bildirib.
"Ancaq Rusiyanın Ukraynaya hərtərəfli müdaxiləsi hər ikisini pozdu", - təəssüflə qeyd edib.
Mövcud dünya nizamını “xaotik” adlandıran Antonio Quterreş bildirib ki, artıq ədalətli sülh əldə edilməlidir.
Müharibə zamanı hər kəsin əziyyət çəkdiyinə diqqət çəkən Antonio Quterreş Ukrayna xalqının müharibə səbəbindən ciddi ağrı-acı yaşadığını,
10 mindən çox mülki vətəndaşın öldürüldüyünü, xəstəxanaların, məktəblərin, səhiyyə müəssisələrinin və mülki infrastrukturun məhv edildiyini, BMT-nin genişmiqyaslı zorakılıqları qeydə aldığını bildirib.
Rusiya ordusunun mülki şəxslərə və əsirlərə qarşı işgəncə və cinsi zorakılıq aktlarının sənədləşdirildiyini bildirən Antonio Quterreş deyib: "Bunu törədənlər məsuliyyətə cəlb edilməlidir''.
Baş katib ukraynalı ailələrin uşaqlarını itirməkdən qorxduğunu, Ukraynadan çıxarılan bütün uşaqların ailələrinə qovuşmasının vacibliyini də bəyan edib.
O, 4 milyona yaxın ukraynalının yurd-yuvalarından didərgin düşdüyünü, onlardan 1 milyonunun uşaq olduğunu, ölkədə 14 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunua da diqqət çəkib.
Rusiyanın Krımı qeyri-qanuni ilhaqından 10 il keçdiyini xatırlaraq deyib: "Ukraynadakı müharibə Avropanın ürəyində qanayan yara olaraq qalmaqda davam edir''.
Müharibənin rus xalqına da zərər verdiyini, minlərlə rus gəncinin cəbhədə həlak olduğunu, münaqişənin genişlənmə riskinin yüksək olduğunu da dilə gətirib.
Həmçinin bu müharibənin bütün dünyada geosiyasi parçalanmaları dərinləşdirdiyini və diqqətin digər aktual qlobal problemlərə yönəlməsinə mane olduğunu qeyd edib.