Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" sosial media hesabındakı paylaşımda bildirib.
"Biz Azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük", - deyə səfir əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.