Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb... Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib. Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu da eşşək əti satmanın "bəhrəsi". İstehlakçıları eşşək yerinə qoyanın cəzası isə ağır olur! Adam ancaq eşşək olmalıdır ki, belə əməl törətsin! Aidiyyəti qurumlar başqa cəza da verə bilər: məsələn, həmin eşşəyin ətindən bozbaş bişirtdirib ona təklif etmək, yaxud yeməyə məcbur etmək!
A.Məmmədli