“Baxın, əgər siz barışıq edib həmin ərazidən yol alsanız, bununla da düşmənçiliyə, dava-dalaşa son qoyulacaq, yox, əgər məhkəmə və ya hansısa dövlət qurumu vasitəsi ilə oradan sizə yol versələr, düşmənçilik ömrü boyu davam edəcək”

Redaksiyamıza Tərtər rayonunun Sarıcalı kənd sakini, birinci qrup əlil Sərdar Səmədovdan şikayət daxil olub. Şikayətdən məlum olur ki, anadangəlmə əlilliyi olan S.Səmədov iki qoltuq ağacı ilə çətinliklə də olsa, yaxınlıqda olan qardaşıgilə gedir və yaxud da qardaşları onlara gəlir.

 Sərdar qardaşıgilə qısa yolla getmək üçün həmişə  evinin yanındakı 50 sotluq, dövlətin su anbarı olmuş və təxminən 100 metrlik məsafədəki ərazidən keçirmiş. Şikayətdən bəzi məqamlara nəzər salaq:

“Hörmətli redaksiya!

Artıq üç ildir ki, qardaşım evinə getmək üçün böyük əngəllər yaranıb. Əgər əvvəllər qardaşım evinə getmək üçün dövlətin su anbarına məxsus boş ərazidən keçərək iki əsa ilə 100 metr piyada, birtəhər gedirdimsə, indi həmin ərazi bir ailə tərəfindən qanunsuz zəbt edilərək çəpərlənib və mən qidalanmaq, yaşamaq üçün zəruri olan ehtiyaclarımı ödəmək məqsədilə bir kilometrdən çox yol qət edib qardaşımın evinə getməyə məcburam. Axşam olanda yenə həmin əziyyətlə də geri qayıdıram. Dəfələrlə bu yolda küçə itlərinin hücumuna da məruz qalmışam. Bir hektar ərazini zəbt edənlərin birinci qrup əlilə bir cığır verməməsi ilə bağlı dəfələrlə müraciətlər olsa da, razılıq verilməyib. Əksinə, dava düşüb və qarşıdurmanın fəsadları aylarla davam edən məhkəmə proseslərinə qədər gedib çıxıb. Torpağın qanunsuz zəbt edildiyi barədə rayon polisinə, prokurorluğa, icra hakimiyyətinə müraciətlər heç bir nəticə verməyib…”.

 Birinci qrup əlil Sərdar Səmədovun bu şikayəti istər-istəməz adamı düşündürür ki, necə yəni, əlilə belə hörmətsizlik edilir? Və məsələyə aydınlıq gətirmək üçün Tərtərin Sarıcalı kənd bələdiyyəsinin sədri Yaşar Əliyevlə telefon əlaqəsi saxladıq. Y,Əliyevlə söhbətdən məlum oldu ki, birinci qrup əlil Sərdar Səmədovun yolunu bağlayan rəhmətə getmiş doğma qardaşı Elbrus Səmədovun Ramin və Elnur adlı oğlanlarıdır. Əlbəttə, olduqca maraqlı idi ki, niyə Ramin və Elnur anadangəlmə şikəst, ahıl yaşda olan əmilərinə niyə belə zülm verirlər?

 Maraq güc gəldi və hadisəni yerində öyrənib ətraflı məlumat almaq məqsədilə Tərtərin Sarıcalı kəndinə getməli oldum.

***

Tərtərdə olarkən həm Sərdar Səmədovla, həm də qardaşı Səttar Səmədovla görüşdüm. Hər ikisinin söhbətindən belə başa düşdüm ki, keçmişdə olduğu kimi, iki nəsil arasında, daha doğrusu, onlarla qardaşı oğlanları arasında çox dərin bir uçurum yaranıb. Bu uçurumu yaradan isə, həmin yerə görə aralarında dəfələrlə olmuş davalarıdır. Sərdargil mənə bu davaları əks etdirən şəkil və videogörüntüləri  göstərdilər. Əraziyə və hadisə yerinə Rayon İcra Hakimiyyətinin müavini Elvin müəllim, Rayon Polis Şöbəsinin müavini Həsən Məmmədov, Əmlak Komitəsinin Tərtər Rayonu üzrə mütəxəssisi Natiq Əliyev və bir çox rəsmi qurumlar da gəliblər.

tert-1

 Səttar və Sərdar qardaşları qeyd etdilər ki, qardaşı oğlanları Ramin və Elmir hadisə yerinə gələn polisləri və digər rəsmiləri belə oradan qovublar. Yenə də məni maraq götürdü ki, atadan sonra əmilər bu oğlanlara ata əvəzi olmalıdır, amma kənddə olanda burada tam əksini gördüm. Yəni, əmilərlə  rəhmətə getmiş qardaş Elbrus Səmədovun uşaqları, sanki qanlı-bıçaqdırlar. Adi kol-kos və məftillə çəpərlənən həmin ərazidən gediş-gəliş üçün öz şikəst əmilərinə bir metr yol vermək nə problemdir ki?

 Bu suala da aydınlıq gətirmək üçün Ramin və Elmir qardaşları ilə də görüşmək istədim. Sərdar da, Səməd də bildirdilər ki, məsləhət deyil, məni yaxşı qarşılamayacaqlar. “Hər halda, öldürməyəcəklər ki” – deyib, rəhmətə getmiş qardaş Elbrusun evinə getdim. Rəhmətliyin həyat yoldaşı Kəmalə xanım məni çox yaxşı qarşıladı. Bir azdan Ramin və Elmir qardaşları da gəlib çıxdılar. Nə məqsədə gəldiyimi biləndə ürəkləri açıldı. Mənə olduqca isti münasibət və qonaqpərvərlik nümunəsi göstərdilər. Bu gənc qardaşlar da davaları əks etdirən videoları mənə göstərdilər ki, əmiləri at belində onlara necə hücum edir? Vallah bu, artıq sözün bitdiyi yerdir. Doğma əmi və qardaş uşaqları dövlətə məxsus torpağın üstündə az qala bir-birlərini qırırlar. Bu mübahisələr bir az da davam eləsə, yəqin ki, ciddi hadisə baş verəcək.

 Elmirlə söhbət zamanı belə bir fikir səsləndirdim: “Elmir, bəlkə siz hər halda kiçik olduğunuz üçün əmilərinizə doğru bir addım atasınız, şikəst əminiz üçün o çəpərdən bir metr enində cığır verəsiniz. Axı siz özgə deyilsiniz, doğma insanlarsınız”.

 Elmirin cavabı belə oldu: “Elçin müəllim, artıq gecdir, məsələ çox dərinə işləyib. Məhkəmənin hakimi də sizin kimi bizdən xahiş etdi ki, ona yer verək. Mən də razılaşdım. Bir də görürəm həmin şikəst əmim 6-7 metr enində yerə usta gətizdirib dəmir dirək basdırır və deyir ki, mən buranı “Kamaz” yolu edəcəyəm. Bundan sonra mən də razılaşmadım və beləcə bu məsələ hələ davam edir”.  Söhbətdən o da məlum oldu ki, Elmirin anası Kəmalə xanım, sonra Elmirin özü oradakı su ambarında 30 il mühafizəəçi kimi işləyiblər. Ev şəraiti darısqal olduğundan Elmir ailəsi ilə həmin anbarın ərazisində olmuş mühafizəçi otağını bir az da genişləndirərək, orada yaşayır. Bunun üçün həm Bələdiyyədən, həm də Məhkəmə qərarı ilə rəsmi icazə də alıb. Məhz bu səbəbdən dövlətə məxsus ərazini çəpərləyib ki, buna mənim haqqım çatır. Çünki Kəmalə xanımın və oğlanlarının dediyinə görə, həmin ərazidən təkcə birinci qrup əlil olan əmisi yox, çoxsaylı insanlar, cavan oğlanlar, kişilər hay-küy sala-sala keçib gedirlər ki, bu da onun gənc ailəsinə problem yaradır.

 Bu yerdə anaları Kəmalə xanım söhbətə qoşulur: “Mən çox çalışdım ki, məsələni sülh yolu ilə həll edək. Ancaq məni eşidən olmadı. Nə qədər ki, uşaqların atası sağ idi, belə söz-söhbət olmayıb. Amma gərək belə olmayaydı. Hər halda uzaq yox, çox yaxın qohumuq axı. Mən başsız qalmış qadınam. Heç olmasa, gərək mənə hörmət qoyardılar?”

Daha bir neçə arqumentlər də gətirildi ki, məhz belə hallar barışmağa əl yeri qoymayıb.

Sağollaşıb yenidən Səttar və Səməd qardaşlarının yanına gəlib dedim: “Ay Sərdar, ay Səttar, dava elədiyiniz adam rəhmətə gedən qardaşınızın doğma balaları və onun başsız qalmış xanımıdır. Siz onlara böyüklük eləməlisiniz. Axı bu qardaşlar gəncdirlər, siz isə böyüksünüz. Bəlkə Səttar, sən mənimlə gedəsən uşaqların yanına, bir barışıq olsun, bununla da problem həllini tapsın. Bütün müharibələrin axırı sülhlə qurtarır. İndiyə qədər nə olubsa, olub. Nəhayət, bu problemə nöqtə qoymaq olar”.  

Mənim xahişimdən sonra Səttar, sanki meyllənmişdi ki, gedib qardaşı uşaqları ilə mənim yanımda danışsın, birdən nə fikirləşdisə, getməyi məsləhət bilmədi.

 Mən buna çox təəssüf etdim ki, doğma insanları barışdıra bilmədim. İnsan bu dünyadan gedəndə ona qəbrdə iki metr torpaq qismət olur. Amma bu dünyada özlərinin olmayan, yəni dövlətə məxsus torpağın üstündə qırğın gedir.

 Bundan sonra hər iki qardaşa belə bir məsləhət verməli oldum: “Baxın, əgər siz barışıq edib həmin ərazidən yol alsanız, bununla da düşmənçiliyə, dava-dalaşa son qoyulacaq, yox, əgər məhkəmə və ya hansısa dövlət qurumu vasitəsi ilə oradan sizə yol versələr, düşmənçilik ömrü boyu davam edəcək. Nə qədər mən burdayam, gəlin sizi barışdırım və sonra rahat həyat yaşamağa davam edin”.

 Mənim bu təklifim Sərdar və Səttar qardaşlarını əməlli-başlı düşündürdü. Xeyli fikirləşdilər və təsdiq etdilər ki, məsələni barışıq yolu ilə həll etsələr, daha yaxşı olar. Amma nədənsə, yenə ilk olaraq addım atmağa cəsarət etmədilər.

Sonra yola düzəldik, bir necə dəfə də təkrar etdilər ki, “Sən düz deyirsən, barışııq yolu ilə həll olsa, düşmənçilik də qurtarar…”.

 Onu da qeyd edim ki, Sərdar Səmədov həmin yerdən yol almaq məqsədilə Tərtər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Çünki ərazi dövlət fondunda olan torpaq sahəsidir və hər hansı vətəndaş bu yerə iddia edə bilməz. Belə olan surətdə S.Səmədov Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib. Bu instansiya məhkəməsinin qərarı hələ məlum deyil. Ona görə də məsələni rəsmi qaydada araşdırmaq üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşdüm. Müstəqim müəllim məni çox səmimi qarşıladı, hadisə barədə məlumatlı olduğunu bildirərək belə dedi: “Həmin ərazi Əmlak Komitəsinin tabeliyində olan Torpaq Komitəsinə məxsusdur. Ora vaxtilə su anbarının ərazisi olub və indi də dövlətə məxsusdur. Mən birinci müavin Elvin müəllimi ora göndərmişəm ki, bəlkə qohumlar arasında sülh yarada bildi. Hərçənd, bu məsələnin İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Bununla belə, Elvin müəllim onlarla görüşüb, söhbət aparıb, lakin aralarında sülh yaratmaq mümkün olmayıb. İndi iş məhkəmə müstəvisindədir. Məhkəmə nə qərar çıxartsa, yəqin ki, o da icra olunacaq”.

 Söhbətimizdə iştirak edən Elvin müəllim də bildirdi ki, doğrudan da hadisə yerində olub, sülh yaratmaq üçün çox çabalar göstərib. Lakin bu qohumlar ipə-sapa yatmırlar və s.

tert-3

 Məsələ artıq aydın idi… Ona aid olmasa da, hər halda rayonun yiyəsi kimi Müstəqim müəllim qohumlar arasında sülh yaradılması məqsədilə bir neçə dəfə cəhd edib, lakin bu baş tutmayıb. İndi də iş məhkəmə predmeti olduğu üçün heç kəsin bu işə qarışmağa qanuni ixtiyarı yoxdur.

 Dava zamanı hadisə yerində olmuş Tərtər Rayon Polis Şöbəsinin rəis müavini Həsən Məmmədovla əvvəlcə telefonda danışdıq. H.Məmmədov birmənalı şəkildə bildirdi ki, “Bu qohumlar heç cür yola gəlmək istəmirlər. Ona görə də iş məhkəməyə verilib. Mən çox çalışdım ki, bu qohumları barışdırım, faydası olmadı”.

 Sonra iş elə gətirdi ki, Həsən müəllimin özü ilə də görüşməli olduq. H.Məmmədov görüşümüz zamanı belə dedi: “Tərtər torpağına xoş gəlmisiniz, mən telefonda sizə ətraflı məlumat verdim. Doğurudan da dövlətə məxsus torpağın üstündə bu qohumlar bir-birinə düşmən olublar. Aralarında, hətta yüngül davalar da olub. Onlar da ictimai asayişi pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimələniblər. Polis torpaq işinə baxmır, asayişi qoruyur. Biz də öz funksiyamızı yerinə yetirmişik”.

 Həsən müəllimə təşəkkür edib, Əmlak Komitəsinin Tərtər rayonu üzrə mütəxəssisi Natiq Əliyevlə də görüşmək istədim. Çünki mənə verilən məlumata görə, N.Əliyev bu iş barədə daha çox məlumatlıdır. Mənə verilən telefon nömrəsi ilə N.Əliyevə zəng edərək özümü təqdim etdim və gəlişimin məqsədini bildirdim. N.Əliyev laqeyidcəsinə suala cavab vermədi. Bircə onu dedi ki, “Mən ərazidəyəm və mənlik burada heç nə yoxdur, mən sizə cavab vermək səlahiyyətində deyiləm. Bundan ötrü Bərdədə Regional İdarəmizin rəhbəri Nicat müəllim var, telefon nömrəsini verim, ona müraciət edin”.

 Amma sonradan o, görüşdən qaçdığı kimi, sözündən də qaçaraq Bərdə Regional İdarəsinin rəisi Nicat Abbasovun telefon nömrəsini vermədi. Belə olan surətdə N.Əliyevə bunları dedim: “Natiq müəllim, mübahisə düşən ərazi barədə məlumat vermirsiniz, eybi yoxdur. Sizi buna məcbur edə bilmərəm…».

 O isə yenidən “Mən ərazidəyəm, rayon mərkəzinə nə vaxt qayıdacağam, bilmirəm” – deməklə, bir növ aradan çıxdı. Mən buna yalnız təəssüf edə bilərəm.   Artıq məsələ məlum idi. Ona görə də elə həmin gün geri qayıtmalı oldum.

***

 Bakıya qayıdandan sonra Əmlak Komitəsinin Mətbuat xidmətinin rəhbəri Elmar müəllimlə də danışıb problem barədə ətraflı məlumat verdim. O da öz növbəsində bu işlə ciddi maraqlanıb bizə də əlavə məlumat verəcəyini bildirdi. İnanırıq ki, problemin həlli tezliklə tapılacaq və birinci qrup əlil Sərdar Səmədov, nəhayət, qısa yolla qardaşlarının yanına gedib-gələ biləcək.

 Onu da öyrəndik ki, dövlət fondunda olan torpağı   qanunsuz zəbt etdiyinə görə Elmir Səmədov haqqında da tədbir görüləcək. Amma mən belə başa düşürəm ki, bir ağsaqqal, qarasaqqal ortaya düşsə, bu qohumları barışdırmaq mümkündür. Nə qədər dalaşsalar da, qan qohumudurlar. Gec-tez bir yerdə mehribancasına yaşamalı olacaqlar. Mən atasız olan Ramin-Elmir qardaşlarında da, əmilərində də bu meyli hiss etdim və hər biri bu düşmənçiliyin bitməsində maraqlıdırlar. Amma heç kim birinci addım atmaq istəmir. Təbii ki, bu addım nəhayət, atılmalıdır... Özü də böyüklər birinci qabağa düşməlidirlər...

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ

Bakı-Tərtər-Sarıcalı-Bakı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN