"Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmayacaq və mənasız cəhddir..."
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak müsahibəsində deyib. Podolyakın qənaətinə görə, sözügedən ritorika Rusiya hakimiyyətinə yardımçı olmayacaq. Sitat: "Səfərbərlik [Rusiyada] olduğu kimi davam edir. Cəmiyyətin militarizasiyası göz qabağındadır. Bütün bunları etməyə imkan verən təbliğat isteriyası tamamilə göz qabağındadır. Rusiyanın hər hansısa başqa məqsədlərə yönəldiyini müşahidə etmirik”.
Podolyak hesab edir ki, Kremlin “bu terror aktından səfərbərlik proseslərini daha da gücləndirmək üçün istifadə etməsinin mənası yoxdur”: “Bütün bunlar onsuz da baş verir”.
Müşavirin sözlərinə görə, Kremlin bu cür davranışı bir sıra ölkələrin Ukraynaya münasibətini dəyişdirmək cəhdi olub: “Düşünürəm ki, yəqin ki, bu, demokratik ölkələrin Ukraynaya loyallığının azalmasına nail olmaq cəhdi idi. Amma bir daha vurğulayıram ki, [terror aktı ilə bağlı] obyektiv faktlar olduğu üçün Rusiya bu məqsədinə nail ola bilmədi”.