Birləşmiş Ərəb Əmirliklərində Səhiyyə Nazirliyinin nikahdan əvvəl cütlüklər üçün genetik testi mütləq edən qayda qüvvəyə minib.
TEZADLAR.AZ Newsru.co.il-ə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən bütün BƏƏ vətəndaşları üçün nikahdan əvvəl genetik müayinə məcburi olub.
Qeyd edildiyi kimi, əvvəllər nikahdan əvvəl həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün yalnız nikahdan əvvəl tibbi müayinədən keçmək lazım idi. İndi, genetik test evlənmək niyyətində olan bütün BƏƏ vətəndaşları üçün mütləq qaydada edilməli olan nikahdan əvvəl müayinə proqramının bir hissəsi olacaq. Bu qərar, BƏƏ hökumətinin noyabr ayında keçirilən illik iclaslarında təsdiqini alan Əmirliyin Genomik Şurası tərəfindən qəbul edilib.
Bildirilir ki, prosedurun məqsədi gələcəkdə gəlin və bəyin övladlarını təhdid edə biləcək ümumi genetik mutasiyaların olub olmadığını öyrənməkdir. Test cütlüklərə ailəni planlaşdırarkən sağlamlıqları ilə bağlı məlumatlı qərarlar qəbul etməyə imkan verəcək.
Testlər kardiomiopatiya, epilepsiya, onurğa əzələlərinin atrofiyası, eşitmə itkisi və kistik fibroz kimi irsi xəstəliklərə səbəb ola biləcək 840-dan çox pozuntu ilə əlaqəli 570-dən çox genetik mutasiyanı müəyyən edir.
Ölkənin səhiyyə və profilaktika nazirliyi bu qərarın davamlı inkişafı təmin etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün gələcək texnologiyalardan istifadə etməklə səhiyyə sektorunda transformativ dəyişikliklərə töhfə verəcəyini vurğulayıb.
JASMİN