Mərkəzi Bankın İdarə Heyəti bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0,5 faiz həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi və bu normativin 01 mart 2025-ci il tarixindən sonra tətbiqinə başlanması ilə bağlı qərar qəbul edib.

TEZADLAR.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2 faizi üstələməsi nəzərə alınaraq qəbul olunub. Əlavə olaraq, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.

2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən, kredit portfelinin illik artımı 19,6 faiz təşkil edib ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-da kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.

Müvafiq qaydalara əsasən, kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə, bu göstərici 2,9 faiz təşkil edərək, kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.

Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18,4 faiz təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 milyard manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17,5 faiz olub. Bu şəraitdə banklar ötən il ərzində 456 milyon manat, cari ildə isə 610 milyon manat dividend ödənişi həyata keçirib.

Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı, onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcəkdir.

Hesablamalara əsasən, kontr-tsiklik buferin tətbiqindən sonra sektorun risk üzrə ölçülmüş potensial aktivlərinin həcmi 18.7 milyard manat səviyyəsində qiymətləndirilir. Bu onu göstərir ki, yeni qərardan sonra da bank sektorunun kredit portfelinin əhəmiyyətli genişlənmə potensialı qalır. Həmçinin buferin iki aydan sonra tətbiqinə başlanması onun növbəti dövrlərdə banklarda strateji planlaşdırma və büdcə proseslərində, habelə kapitallaşma və dividend siyasətlərində nəzərə alınmasına imkan yaradır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN