Azərbaycan Respublikasının Diasporla İzrə Dövlət Komitəsinin dəstəyi ilə
Almaniyanın Maqdeburq (Barleben) şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək. Komitədən "Təzadlar"a bildirilib ki, yarışlarda 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis edilmiş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılar medallar və hədiyyələrlə mükafatlandırılacaq. Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin (WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), Diaspora Boks Liqasının (DBL-DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ənənəvi olaraq hər il Almaniyada Ulu Öndərin doğum günü geniş miqyasda qeyd edilir. Yarışlarda məqsəd Ulu Öndərin idmanla bağlı tövsiyələrinə əməl etmək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı, eləcə də digər xalqların idmançı nümayəndələri ilə əlaqələrin qurulması, üçrəngli bayrağımızın dünya arenalarında dalğalandırılması, Ümummilli Liderin adını daşıyan Dünya Boks Komitəsinin təsis etdiyi WBCA kəmərinin 5 nüfuzlu kəmər sırasına düşməsidir.