Dünən ev dustaqlığına buraxılan Qubad İbadoğlu barəsində cinayət təqibinə tam xitam verilməsinə nail olmaq niyyətindədir...
Sitat: "Məhkəmənin qərarını tam azadlıq əldə etmək kimi qiymətləndirmək olmaz. Hələlik mənim barəmdə qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdiriblər. Bakıdan kənara çıxa, Azərbaycanı tərk edə bilmirəm, yaşayış yerimi dəyişdirdikdə müvafiq orqanı məlumatlandırmalıyam. Mənə qarşı əsassız ittihamlar hələ ləğv olunmayıb", deyə İbadoğlu "Turan" agentliyinə bildirib. Lakin ev dustaqlığına keçirilməyi onun "sağlamlığı ilə ciddi şəkildə məşğul olmasına" imkan verəcək. "Həbsdə olduğum 9 ay ərzində şəkərim yüksək olduğu üçün səhhətim ciddi şəkildə pozulub...".
İbadoğlu vəkillərinə, onun işini işıqlandıran jurnalistlərə və mətbuat orqanlarına, hüquq müdafiəçilərinə, beynəlxalq demokratik təşkilatların nümayəndələrinə, xarici akademik dairələrdən olan həmkarlarına onun azad edilməsində səylərinə və dəstəklərinə görə minnətdarlığını bildirib.
Tezadlar.az xatırladır ki, 2023-cü ilin yulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmiləri isə Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirmişdi. Belə olan təqdirdə, gələcəkdə qeyd olunan cinayət işi üzrə keçiriləcək məhkəmə proseslərində ya bu və ya digər ittihamlar sübut edilməli, ya da ona bəraət verilməlidir...
A.Məmmədli