Qəzet rəhbərliyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların tələblərinin kobud surətdə pozulmasına görə məhkəmədə iddia qaldırıb…
«Təzadlar» qəzetinin rəhbərliyi Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadəyə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Artıq iddia ərizəsi icraata qəbul edilib. Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə ərizə və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə, çox maraqlıdır ki, 14 fevral «Sevgililər Günü»nə təyin olunub.
***
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti artıq iş üzrə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin Sərəncamında bildirilir ki, cavabdehdən 28 yanvar 2025-ci il tarixədək iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi və inzibati icraat materiallarının təsdiq olunmuş surətini məhkəməyə təqdim etməsi tələb olunur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası isə 14.02.2025-ci il tarixə (saat 12:00) təyin edilib.
Qısa olaraq bildirək ki, iddiaçı-«Təzadlar» qəzetinin rəhbərliyi ərizəsində məhkəmənin diqqətinə çatdırmışdır ki, cavabdeh- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Mehdi qızı Abbaszadə) T-18-01-2024 saylı, 18.11.2024-cü il tarixli İnformasiya sorğusu göndərilmişdir. Həmin sorğuda 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakının 242 və 151 saylı orta məktəblərində təhsil almış Nahid Rza oğlu Bağırov adlı şəxsin Dövlət İmtahan Mərkəzinin (DİM) nəzarəti altında həyata keçirilmiş test imtahanlarından keçərək hansısa yerli və ya xarici Ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir. 18.11.2024-cü il tarixli İnformasiya sorğusuna DİM-nin Hüquqi təminat, insan resursları və dövlət qulluğu Departamentinin müdiri Nərminə Bayramova 29 dekabr 2024-cü il tarixdə rəsmi elektron və ənənəvi poçt ilə cavab göndərmişdir. N.Bayramova cavabında yazır: «Sizin Bagırov Nahid Rza oğlunun ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək Azərbaycan Respublikasının və ya xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunması barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət lmtahan Mərkəzinə ünvanladığınız məktuba baxılmışdır. Məktubunuzla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır və öz razılığı olmadan kimsəinin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir...».
Xanım N.Bayramova daha sonra bu qanunsuz və əsassız cavabını əsaslandırmaq üçün «İnformasiya əldə etmək haqqında» Az.Res. Qanunun 3-cü maddəsini əsas gətirərək guya tələb olunan informasiyanın «Fərdi məlumatlar» siyahısında olduğunu sübut etməyə çalışmışdır. N.Bayramova daha sonra adı çəkilən qanunun 15.3-cü maddəsini misal gətirərək yazır ki, tələb olunan məlumatlar həm də «Fərdi məlumatlar haqqında» Qanunun 5-ci maddəsinə zidd olduğundan verilə bilməz.
Qəzet rəhbərliyi məhkəmənin diqqətinə çatdırmışdır ki, o, İnformasiya Sorğusunda heç bir halda «…şəxsi və ailə həyatının sirrinə aid…» hansısa məlumat istəməmişdir. Sorğuda xahiş etmişdir ki, «4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakının 242 və 151 saylı orta məktəblərində təhsil almış Nahid Rza oğlu Bağırov adlı şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) nəzarəti altında həyata keçirilmiş test imtahanlarından keçərək Azərbaycanın və ya xarici ölkələrin hansısa Ali təhsil ocağına qəbul olunmuşdurmu?”
Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət lmtahan Mərkəzi (əvvəllər TQDK) hər il istər ali və orta texniki məktəblərə tələbə qəbulunda yüksək nəticə toplamış tələbələrin adlarını və s. «Abituriyent» jurnalında, eləcə də DİM-in elektron bazasında ictimaiyyət üçün açıq olan formada kütləvi yayımlayır. Kütləvi yayımlanan informasiyalar necə «Fərdi məlumat» və ya “şəxsi həyat sirrinə aid” məlumat sayıla bilər?
İkincisi, təkrar edirik, qəzet rəhbərliyi kütləvi ictimailəşdirilmiş, «Abituriyent» jurnalında yayımlanmış, DİM-in elektron bazasında yerləşdirilmiş olan məlumatların mövcud olub-olmamasının «İnformasiya sorğusu» əsasında rəsmi təsdiqini istəmişdir, hansısa «şəxsi və ailə həyatının sirrini…» öyrənmək istəməmişdir.
Üçüncüsü, redaksiyanın İnformasiya sorğusunda rəsmən təsdiqini xahiş etdiyi məlumat adı çəkilən Bagırov Nahid Rza oğlunun özünün tərcümeyi-halında (bütün sosial mediada vardır) və Beynəlxalq informasyia şəbəkəsi olan Vikipediyada özü tərəfindən fərqli formada yayımlanmışdır.
Buradan göründüyü kimi, DİM-nin Departament rəisi N.Bayramova bilərəkdən, yaxud məlumatsızlıqdan, ola bilsin İnformasiya Sorğusunun mətnini oxumadan redaksiyaya yalnış, təhrif edilmiş cavab məktubu göndərmişdir. Xanım N.Bayramova «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların tələblərini kobud surətdə pozaraq aşkar şəkildə redaksiyanın jurnalist kollektivinin peşə fəaliyyətinə də qəsdən mane olmaq yolu tutmuşdur.
Beləliklə, cavabdeh Dövlət İmtahan Mərkəzinin rəhbərliyi sorğuya qanuni cavab verməməklə qanunvericiliyin tələblərini pozmuş, iddiaçı “Təzadlar” qəzetinin peşə fəaliyyətini həyata keçirməsinə dolayısı ilə mane olmuşdur. İş üzrə cavabdeh yuxarıda göstərilən qanunvericilik aktları ilə yanaşı “Məlumat azadlığı haqqında” və “Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında” Azərbaycan Respublikası qanununun müvafiq tələblərini də kobud surətdə pozmuşdur.
SONDA: ərizədə məhkəmənin diqqətinə çatdırılmışdır ki, ötən illərdə DİM-ə (keçmiş TQDK) dəfələrlə eyni məzmunlu sorğu göndərilmişdir və hamısı da qanuni əsaslarla cavablandırılmışdır(hər birinin nümunə üçün surəti təqdim edilir). N.Bayramovanın imzaladığı həmin cavabların heç birində onun «Fərdi məlumatlar haqqında» Qanunun indi qeyd etdiyi maddələrinə istinad edilməmişdir və cavabdan imtina olunmamışdır. Bəs indi nə baş vermişdir??? Hesab edirik ki, N.Bayramova redaksiyanın qanuni informasiya sorğusuna qəsdən aldadıcı cavabı ilə sorğunu cavablandırmaqdan imtina etməsi ilə şübhə yeri qoymuşdur ki, deməli, həqiqətən də adı çəkilən Nahid Rza oğlu Bağırovun ali təhsil diplomu şübhəlidir. Yaxud, həmin şəxs Nərminə Bayramovanın yaxın qohumudur və ya ailə üzvüdür ki, onun barəsində olan qanuni informasiyanı verməkdən qəsdən imtina edir.
Beləliklə, qəzet rəhbərliyi yuxarıda göstərilənlərə əsasən məhkəmədən xahiş etmişdir ki, iddiaçı “Təzadlar” qəzetinin T-18-01-2024 saylı, 18.11.2024-cü il tarixli İnformasiya sorğusuna cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməməsi qanunsuz hesab edilsin, eləcə də həmin sorğunun qanuni şəkildə cavablandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi barədə qərar qəbul edilsin.
Elçin MƏMMƏDLİ