Hazırkı dövrdə dünyanın inkişaf etmiş bütün ölkələrinin tarixinə nəzər saldıqda onların bu səviyyəyə əsasən təhsil sahəsindəki nailiyyətlər hesabına çatdıqlarının şahidi olarıq. Bəli, bu gün heç kəsə sirr deyil ki, ölkələrin bütün sahələr üzrə inkişafında təhsil siyasəti öndə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.  
    XX əsrin 70-ci illərindən başlayaraq quruculuq missiyasını cəsarətlə həyata keçirən dahi şəxsiyyət, Ulu Öndər H.Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. Azərbaycanın inkişafı tarixinda əldə olunan nailiyyətlər, təhsil sahəsində aparılan islahatlar H.Əliyevin böyük və əvəzsiz xidmətlərinin nəticəsidir.
        Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan H.Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın iyul plenumunda birinci katib seçiləndən sonra milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, elm və təhsil, iqtisadiyyatın yüksəldilməsi yolunda düşünülmüş siyasət yeritməyə başladı. Elm və təhsilin inkişafına diqqət və qayğı artırıldı. O, hakimiyyətə gələn kimi  ilk növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Əvvəllər də dövlət işlərində çalışmış H.Əliyevi Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti daim maraqlandırmış və o, bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilin nailiyyətləri, qüsurları, nöqsanlarını da bilir, təhsil məsələlərinə ciddi fikir verirdi.
    H.Əliyev dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxıb, bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi idealının gerçəkləşdirilməsinə yönəldirdi. Digər tərəfdən, azərbaycanlılar üçün o dövrün mürəkkəbliklərindən, çətinliklərindən biri də sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış erməni mafiyası idi. Bakıda yaşayan ermənilər siyasi-iqtisadi, hərbi və hüquq-mühafizə orqanlarında, hakimiyyətin bütün pillələrində isti yuva qurmuşdular və qüvvələrini milli kadrların yetişməsinin qarşısını almağa yönəltmişdilər. Belə ziddiyyətli, ağır və mürəkkəb bir dövrdə, 1969-cu ildə  H.Əliyev Azərbaycana rəhbər təyin olundu.
      H.Əliyevin siyasətinin başlıca məramı güclü iqtisadiyyata malik dövlət qurmaq və sağlam milli kadrlar yetişdirmək idi. Ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü.
      Təhsildə islahatlar dönüş xarakteri aldı, yeni təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas aldı. 1969-cu ildə 50, 1969-1975-ci illərdə 600, 1977-1978-ci illərdə 800-900 nəfər, ümumi olaraq 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali təhsil məktəblərinə təhsil almağa göndərilmişdi. Bu barədə danışarkən sonsuz iftixar və qürur hissi ilə qeyd etmək istərdim ki, belə xaricə göndərilmiş tələbələrdən biri də oxuduğunuz sətirlərin müəllifi – mən olmuşam. 1980-cı ildə Sankt – Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1985-ci ildə bütün keçmiş SSRİ miqyasında ən qabaqcıl təhsil müəssisələrindən biri olan bu elm ocağında təhsilimi uğurla başa vurduqdan sonra dogma respublikamıza qayıdaraq bu günə qədər Vətənimə, Xalqıma, Dövlətimizə, Təhsilimizə xidmət edirəm. Hazırda səviyyəmi daha da artırmaq üçün AMEA – nın Fəlsəfə və Sosiologiya İnstitunun “Heydər Əliyevin siyasi iris və Azərbaycançılıq fəlsəfəsi” şöbəsində staj keçirəm.
    Göstərilməliyəm ki, qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, xeyli yeni məktəblərin əsası qoyuldu.  1970-ci illərin ortalarında düşünülmüş kadr siyasəti nəticəsində erməni kadrlarının vəzifədən uzaqlaşdırılması nə qədər həyəcan və qalmaqal doğursa da, görülən tədbirlər ən yüksək səviyyədə respublikamızın rəhbəri H.Əliyev tərəfindən himayə olunurdu. Mərkəzdə də aydın başa düşürdülər ki, ölkə rəhbəri yerlərdə aparılan kadrların milliləşdirilməsi siyasətini və dəyişikliklərini daim müdafiə edir.
    1970-1980-ci illərdə Azərbaycanda 300 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadayə verildi. Tədricən 8 illik təhsildən 10 illik təhsilə keçid üçün zəmin yaradıldı. 
    1972-ci il avqustun 10-da “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul edildi. Gənclərin orta təhsillə tam əhatə olunması, məktəblərin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri məsələlərinə ciddi nəzarət edildi, məktəb binalarının digər müəssis və idarələrə verilməsi qadağan edildi. Nəticədə orta təhsil alan uşaqların sayı 1980-ci ildə 710 minə qədər artdı.
      1970-1980-ci illərdə respublikada geniş vüsət alan tikinti quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı, daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqjoi Rus dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun şərqşünaslıq fakültosinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda beş yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar H.Əliyevin ali təhsilin inkişafina, respublikanın milli kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.
XXX 
    Azərbaycanda təhsilin tənəzzülü ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqillik əldə edildikdən sonra xüsusilə geniş miqyas aldı, təhlükəli meyllər özünü göstərməyə başlamışdı. 
      1993-cü ilin iyunundan başlayaraq H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə respublikamızın mövqeləri və müstəqilliyi daha da möhkəmləndirildi.   Digər sahələrdə olduğu kimi elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyllərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı. 
Təqdirə layiq haldır ki, təhsil sahəsində inkişaf, tərəqqi Ulu Öndərimizin layiqli varisi İlham Əliyev cənablarının hakimiyyəti dövründə də uğurla davam və inkişaf etdirilir, bu sahədə getdikcə daha böyük uğurlar əldə edilir. Böyük iftixar və qürur hissi ilə demək istərdim ki, bu il bir çox Beynəlxalq qurumlar tərəfindən təhsil sahəsində keçirilmiş sorğular nəticəsində respublikamızın iki ali məktəbi -  BDU və hazırda özümün də çalışdığım ADNSU dünyanın TOP – 500 Universitetləri siyahısına daxil olmuşdur. 
Ümidvaram ki, yaxın gələcəkdə digər ali məktəblərimiz də daha da inkişaf edəcək və Ulu Öndərimizin arzu və istəklərini həyata keçirərək dünyanın ən aparıcı, mötəbər ali məktəbləri sırasına daxil olacaq, hazırda TOP – 500-ə daxil olan ali məktəblərimiz isə mövqelərini daha da yüksəldəcəkdır?
 Faiq Həsən oğlu Əliyev,
 ADNSU-nun “Humanitar fənlər” kafedrasının dosenti
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN