Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (PA) Azərbaycanda sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb.
Tezadlar.az ATƏT PA-nın rəsmi saytına istinadla bildirir ki, ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin məlumatda qeyd edilir ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir: “Biz qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət almışıq və missiya göndərməyi planlaşdırırıq. Təşkilati işlərə yenicə başlanılıb və missiya rəhbərləri hələ təyin olunmayıb. Müşahidəçilərin sayı son qeydiyyat tarixindən sonra, yəni seçki gününə bir neçə həftə qalmış müəyyən ediləcək”.
Bundan əlavə, bildirilib ki, seçki günü ATƏT PA missiya rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirəcək. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xatırladırıq ki, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili daim narazılıqla müşaiyət edilmiş Ağdam 119 saylı Seçki Dairəsindən namizədliyini verib. Hazırda imzatoplama mərhələsi davam edir.
Elçin MƏMMƏDLİ