3 avqust tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə

müəllimlərlə görüş keçirilib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, tədbirə Marneulidən, Qardabanidən, Bolnisidən, Dmanisidən, Tbilisidən və Kaxetidən müəllimlər, valideynlər və gənclər qatılıblar. Görüşdə ana dili üzrə dərs saatlarının azaldılması, təhsil proqramından “Azərbaycan ədəbiyyatı”nın çıxarılması, o cümlədən universitetə qəbul imtahanlarına “Azərbaycan dili və ədəbiyyat” fənninin daxil edilməsi müzakirə edilib.

A. İsayeva çıxışında ana dili üzrə dərs saatlarının ikinci xarici dil hesabına azaldılmasının qəbuledilməz olmasını vurğulayıb. Sitat: “Bizim ana dilində təhsil almaq hüququmuz Gürcüstanın təhsil qanunvericiliyi ilə qorunur. Gürcüstan həmçinin bizim milli, mənəvi dəyərlərimizin, mədəniyyətimizin, ana dilimizin qorunub saxlanılması ilə bağlı beynəlxalq konvensiyaları imzalayıb. Təəssüflər olsun ki, Gürcüstanın Təhsil, Elm və Gənclər nazirliyinin qəbul etdiyi qərara əsasən ana dilimiz müəyyən şərtlər daxilində tədris edilir və ana dili üzrə dərs saatları 2-ci xarici dilin hesabına azaldılıbdır. Təhsil nazirliyinin qəbul etdiyi sərəncamda qeyd edilir ki, “etnik azlığın dilinə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır”. Əvvala, biz, Gürcüstanda yaşayan azərbaycanlılar etnik azlıq deyilik. Biz diaspor da deyilik. Biz yaşadığmız torpağın yerli, aborigen əhalisyik. Bizim əsas tələblərimizdən biri ana dili üzrə dərs saatlarının artırılması ilə bərabər Milli Tədris Planından, təhsil proqramından “etnik azlığın dili” ifadəsinin çıxarılması və əvəzində “Azərbaycan dili və ədəbiyyat” sözünün işlədilməsi ilə bağlıdır. Sertifikasiya imtahanlarında iştirak edən müəllimlər həm “Azərbaycan dilindən”, həm də “ədəbiyyatdan” imtahan verirlər. Burada bir uyğunsuzluq var və bu səbəbdən də Milli Tədris Planına “etnik azlığın dili” yazılması məntiqli deyil. Çox təəssüflər olsun ki, kurikulumda, təhsil proqramında ana dilimiz xarici dil səviyyəsinə endirilibdir. Mədəni surətdə heç kəslə razılaşdırılmadan bizim ədəbiyyatımız kurikulumdan çıxarılıbdır. Dövlət dili ilə ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Hazırda bir çox azərbaycandilli məktəblərdə gürcü dili üzrə dərs saatarı Azərbaycan dilindən çoxdur. Tədqiqatlar onu göstərir ki, insan öz ana dilini yaxşı bilməyəndə, digər dilləri öyrənməkdə çətinlik çəkir. Apardığımız tədqiqatlar, həmçinin onu da göstərir ki, azərbaycandilli məktəbləri bitirən şagirdlər gürcü dilini daha tez mənimsəyirlər və hətta sinxron tərcümələr edirlər. Bu faktı təhsil nazirliyinin nümayəndələri də təsdiq edirlər. Gürcüdilli məktəblərdə “Gürcü dili və ədəbiyyat” fənninə ibtidai siniflərdə həftədə 7 saat, baza və tam təhsil səviyyəsində isə həftədə 5 saat ayırırlar. Uyğun olaraq azərbaycandilli məktəblərdə də “Azərbaycan dili və ədəbiyyat” fənninə ibtidai siniflərdə həftədə 7 saat, yuxarı siniflərdə isə 5 saat ayrılasını tələb edirik. Bizim ana dilimiz məişət dili səviyyəsinə enmək üzrədir. Bir müqayisə aparmaq istərdim. Sovet dövründə azərbaycandilli məktəblərin sayı 200-dən çox idi. Müstəqil Gürcüstanda 116 azərbaycandilli məktəb mövcuddur və bu məktəblərin sayı ilbəil azalmaq üzrədir. Sovet dövründə Azərbaycan dili və ədəbiyyat fənninə ayrılan həftəlik dərs saatları 7, ibtidai siniflərdə isə 8 saat idi. İndi əksər məktəblərdə 3 saatdır. Sovet dövründə Puşkin adına Pedaqoji İnstitutda (indiki llya Dövlət Universitetində) Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanırdı. Müsəqil Gürcüstanda Azərbaycan bölməsi bağandı və yeni kadrların hazırlanması dayandırıldı. Məlumat üçün onu da qeyd edim ki, Tbilisi Dövlət Universitetində “Ermənişünaslıq” ixtisası mövcuddur və kadr çatışmazlığı problemi onlarda yaşanmır. Ümumiyyətlə bütün bunlar, milli məktəblərimizin sayının azalması, dərs saatlarının azaldılması, yeni kadrların hazırlanmaması Azərbaycan dilinin sıxışdırılmasına və məişət dili səviyyəsinə enməsinə gətirib çıxardır”.

 Qeyd edək ki, görüşün sonunda dövlət qurumlarına ünvanlanan müraciət oxunaraq yekdilliklə qəbul edilib. İmzatoplama aksiyasında qısa müddət ərzində 2000-dən çox müəllim iştirak edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN