Gürcüstan ictimaiyyəti də Saakaşvilinin azad edilməsinə sayılı günlər qaldığını düşünür...
“Prezident Salome Zurabişvili Mixeil Saakaşvilinin əfvi məsələsini nəzərdən keçirir”, - deyən ölkə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində xatırladıb ki, Zurabişvilinin impiçmenti məsələsi müzakirəyə çıxarılanda “Vahid Milli Hərəkat” Partiyası bu layihənin əleyhinə səs verib və nəticədə prezident öz kürsüsündə qalıb: "Bu addım prezidentin Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Salome Zurabişvili hazırda məhz Mixeil Saakaşviliyə görə öz vəzifəsini qoruyub saxlayır. Təbii ki, kimisə əfv etmək prezidentin səlahiyyətindədir, lakin mən əminəm ki, dövlət başçısı öz səlahiyyətindən istifadə edib, Saakaşvilini əfv edəcək. Bunda təəccüblü nə var? Nika Qvaramiyanın əfv edildiyi yerdə Saakaşvilini əfv etmək niyə çətin olacaq?".
Parlament sədri Salome Zurabişvilini birbaşa seçkiqabağı təşviqatda iştirak etməkdə, konstitusiyanı pozmaqda və müxalifət partiyalarının birliyini təşkil etməkdə ittiham edib. Həqiqətən də Gürcüstanın siyasi həyatında ilk hadisədir ki, prezident müxalifəti birliyə çağırıb. Bu isə hakim partiyada ciddi narazılıqlara səbəb olub.
A.Məmmədli