“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqca məsuliyyətli və çətin işdir.”
***
Hər kəs bilir ki,mən ədalətli xanımam. İnsanlara, baş verən hadisələrə baxış bucağında düzə düz, əyriyə əyri olmuşam.
18.01.2025 il tarixində İmişli rayonunda baş vermiş yol-nəqliyyat hadisəsisi zamanı yaşanan insidentlə bağlı gedişat müzakirələrə səbəb oldu. Əldə etdiyim məlumatlara, gördüklərimə və bildiklərimə əsasən, baş vermiş hadisəylə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev və onun tapşırığı ilə aidiyyəti qurumlar qəza baş verən andan hadisə yerində olublar.
TEZADLAR.AZ xəbər verir ki, bunu İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu özünün sosial media hesabında bildirib.
“Vətəndaşlarla hər tərəfli söhbətlər aparılıb və sona qədər dünyasını dəyişən məktəblilərin valideynlərinin yanında olaraq, onlara mənəvi dəstək göstəriblər. Hadisənin üzücü məqamlarından məyus olan və aqressivləşən vətəndaşlar dinlənilib və onların narazılığına səbəb olan məsələlərin düzgün həlli istiqamətində mühüm tədbirlər görüləcəyi bildirilib. Nəzərinizə çatdırmaq istəyirəm ki, İmişli rayonu hərtərəfli sahədə özü özünü maliyyələşdirən beş rayondan biridir. Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqca məsuliyyətli və çətin işdir.
Elçin Rzayev İmişli rayona rəhbər təyin olunduğu gündən rayon əhalisinin böyük rəğbətini qazanıb. O, mütəmadi olaraq, qəsəbə və kəndlərdə camaatla görüş keçirir, onları dinləyir və mövcud problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Hər zaman şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərir. İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü kimi yuxarıda qeyd etdiyim gedişatı vaxtaşırı müşahidə edərək şahidi olmuşam.
Rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bəzi insanlar çirkin xarakterli görüntü yaratmağa çalışdılar. Əminliklə deyirəm ki, rayon rəhbərliyi əhalinin qarşısına çıxaraq zamanında bu xoşagəlməz gedişatın qarşısını aldı və vacib addımlar atıldı”, - deyə Yasəmən xanım qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Siyavuş Novruzov Parlamentin plenar iclasında İmişlidə baş verən faciəvi avtomobil qəzasından danışarkən rayonun RİH başçısını, polis rəisini insanların qarşısına çıxmamaqda, onlarla söhbət aparmamaqda, dərdlərinə şərik olmamaqda ittiham edib və onların fəaliyyətini tənqid edib.
Y.Məmmədli