“Gürcü arzusu” partiyasının seçki kampaniyası çərçivəsində Rustavidə regional görüşü baş tutub.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, görüşdə Rustavi, Bolnisi, Dmanisi, Marneuli, Qardabani, Tsalka və Tetritskaro sakinləri iştirak ediblər. Vətəndaşlar qarşısında Baş nazir İrakli Kobaxidzə və “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili çıxış edib. İvanişvili gürcülərə, azərbaycanlılara, ermənilərə, yunanlara, almanlara və digər millətlərin nümayəndələrinə müraciət edib. Sitat: "Mən qonaqpərvərliyi və tolerantlığı ilə məşhur olan, gürcülərlə, azərbaycanlılarla, ermənilərlə, yunanlar, almanlar və digər millətlərin nümayəndələri ilə birlikdə özlərinə vətən tapdıqları guşəni alqışlayıram. Xristian memarlığının ən mühüm abidələrindən biri - Bolnisi Siyoni və Gürcüstan şərabının vətəni olduğunu sübut edən qədim üzümçülük izlərinin tapıldığı məsgənə xoş gəlmisiniz! Mən bir siyasətçi olaraq sizinlə ilk dəfə 2012-ci ildə görüşdüm və ölkəmiz üçün o qaranlıq dönəmdə sizə söz vermişdik ki, bir yerdə dayanmaqla “Milli Hərəkat” rejimini, əhalini qorxu içində saxlayan rejimi mütləq məğlub edəcəyik. Oktyabrın 1-dəki tarixi qələbədən sonra biz birlikdə ölkəmizi düzgün inkişaf yoluna çıxara bildik. Nəticədə biz sizinlə birlikdə demokratiyaya, qanunun aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanan ölkə qurulmasının əsasını qoyduq. Biz məhkəmə və prokurorluq orqanlarını gücləndirmişik, media müstəqildir, biznes toxunulmazdır. Ona görə də insanlar rahat nəfəs alır və heç kimdə siyasi təqib qorxusu yoxdur. Hakimiyyətə gəldikdən sonra Kvemo Kartlidə yeni infrastruktur layihələri təşkil etdik və inkişaf etdirdik. Əhalinin mənafeyinə uyğun hazırlanmış dövlət proqramları ilə əvvəlki hakimiyyət dövründə tənəzzülə uğramış kənd təsərrüfatını dirçəltdik, kəndli və fermerlərimizin əvvəllər bağlı olan bazarlara yolunu açdıq. Biz ölkəmizin enerji müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışıq, bu istiqamətdə Kvemo Kartliyə çoxlu sərmayə qoyulub. Biz “Milli Hərəkat” rejiminin etnik azlıqların nümayəndələrini ikinci dərəcəli vətəndaş kimi qəbul etdiyi və onların ancaq seçkilər zamanı dilə gətirildiyi vaxtları həmişəlik keçmişik. Bu gün dövlətin başlanğıc nöqtəsi insandır! Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı bərabərdir və dövlətin vətəndaşlara verdiyi bütün imtiyazlardan tam istifadə edir. Keçmişdə olduğu kimi, bu gün də radikal müxalifət ölkənin, xalqın mənafeyinə uyğun deyil, kənardan aldığı tapşırıqlara uyğun fəaliyyət göstərir. Bu adamların hakimiyyətdən uzaqlaşdırıla bilməməsinin əsas səbəbi budur, ona görə deyirik ki, biz oktyabrın 26-da yaxşı ilə pis arasında deyil, müharibə ilə sülh arasında seçim edirik. Xarici güclərin ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyəcəyik, çünki oktyabrın 26-da Gürcüstan əhalisi xarici qurumu yox, milli siyasəti həyata keçirən siyasi qüvvəni - “Gürcü arzusunu” seçəcək! Gürcülərə qarşı fəaliyyət göstərən “Milli Hərəkat” kollektivi nəinki hakimiyyətdən uzaqlaşdırılmalı, əksinə, onların konstitusiyaya zidd elan edilməsi, ən sərt şəkildə mühakimə olunması məsələsi qaldırılmalıdır. 2008-ci ildə baş verən ən dəhşətli faciənin məsuliyyətini məhz “Milli Hərəkat” daşıyır. Xarici tapşırığı yerinə yetirmək üçün bizə 400-dən çox insanın həyatına, 30 min insanın didərgin düşməsinə və itirilmiş ərazilərə başa gələn müharibəyə başladılar! Bununla bağlı hələ də çoxlu risklər və çağırışlar olsa da, sizə söz verirəm ki, şəxsən mən “Gürcü arzusu”nun siyasi komandası ilə birlikdə Gürcüstanda nəyin bahasına olursa olsun müharibəyə, bomba yağışına imkan verməyəcəyik! Mən Qori şəhərində çıxışımda barışıq və qarşılıqlı bağışlamanın vacibliyindən danışanda kollektiv “milli hərəkat” barışığı satqınlıq, dostluğu isə düşmənçilik adlandırdı. Bununla da gürcü xalqına bir daha göstərdilər ki, onlar üçün müharibədən, dağıntıdan, etnik zəmində qarşıdurma qızışdırmaqdan başqa heç bir yol və məqsəd yoxdur! Sonda bir daha qeyd edirəm ki, sizin dəstəyinizlə oktyabrın 26-da sülh müharibəyə qalib gələcək. Allah bizi və ölkəmizi qorusun".
Təbliğat kampaniyası davam edir...