Teyyub Abdullayev: "Cənab Prezident! İsmayıllı rayonunda 25 illiyə icarəyə götürdüyüm torpaq sahəsini əkib-becərməyimə imkan vermirlər. Təsəvvür edin, lizinqlə aldığım, hələ dəyərini belə ödəmədiyim texnikanı taxıl səpini apardığım yerdə icra başçısı Nahid Bağırov və müavini Mahmud Süleymanov sahəyə gələrək polis gücünə sahədən çıxardılar. Artıq üçüncü ildir ki, həmin sahə əkilmir..."

Xəbər verdilimiz kimi, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən məlumatlardan bəlli olurdu ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sitat: “...İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir...".

Xatırladırıq ki, həbs edilən hər iki şəxs icra başçısı təyin ediləndən bir ay sonra Prezidentin Sərəncamı ilə töhmət alan İsmayıllının icra başçısı Nahid Bağırovun sağ əlidir. Rayondan "Təzadlar"a göndərilən məktubdan o da bəlli olur ki, Əlişir Süleymanov həbs edilərkən xidməti otağındakı seyfindən rüşvət kimi aldığı 130 min manat pul müstəntiqlər tərəfindən sənədləşdirilərək götürülüb.

XXX 

Bu azmış kimi, Nahid Bağırov üç ildir tanınmış sahibkar Teyyub Abdullayevlə məhkəmə çəkişməsindədir və sahibkarın 100 ha taxıl sahəsinin əkilməsinə imkan vermir. Sahibkarın "Təzadlar"a bildirdiyinə görə, gənc və təcrübəsiz başçı təzə təyin edilərkən şöbə müdiri vasitəsilə ondan şəhid ailələrinə kömək adı altında pul tələb edib, sahibkar isə həmin ailələrin siyahısını istəyəndə başçı qəzəblənib. Elə həmin gün sahibkarın icarəsində olan və 20 ildir taxıl əkilən torpaq sahəsinə dair müqaviləni ləğv edib. Nə qədər rəzil bir hərəkət! Hansı ki, sahibkar Teyyub Abdullayev məhkəmədə başçının həmin sərəncamının qanunsuz olduğunu sübut etdikdən sonra Nahid Bağırov öz sərəncamı ilə əvvəlki müqavilənin ləğvi barədə sərəncamını ləğv etməli oldu.

Amma bu hələ başçıya dərs olmadı. Azərbaycanın ərzaq təhlükəsizliyinə dəstək verən sahibkar ( dövlətdən heç bir yardım almadan) üç ildən çoxdur ki, Nahid Bağırovla məhkəmə çəkişməsindədir. Hansı ki, Nahid Bağırov 4 instansiya məhkəməni uduzur. Prezident Sərəncamı ilə töhmət alan gənc və təcrübəsiz başçıya bu da dərs olmur.

Beləliklə, sahibkar Teyyub Abdullayev dünən Prezident İlham Əliyevə teleqram vuraraq korrupsiya fəaliyyəti şübhə doğurmayan başçının cəzalandırılmasını xahiş edib. O, həmçinin Baş Prokuror Kamran Əliyevə də oxşar məzmunda teleqram vuraraq məlum cinayət işi üzrə zərərçəkmiş kimi dindirilməsini xahiş edib.

Nahid Bağırovun qanunsuz hərəkətlərindən cana doyan sahibkar T. Abdullayevin Prezident İlham Əliyevə ünvanlı şikayətində deyilir:

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına!

 Hörmətli cənab Prezident!

 Mən 1998-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkaram. Soğan, taxıl, qarğıdalı istehsalı ilə məşğulam. Özüm Ağdam rayonundan olsam da Ağdam, Ağcəbədi və İsmayıllı rayonları ərazisində torpaq sahələri icarəyə götürərək mütərəqqi üsulları tətbiq etməklə məhsul istehsal edirəm. Elə il olub ki, 8 min tondan çox soğan istehsal etmişəm. Amma cənab Prezident, Sizin göstərişlərinizə, sahibkarlar üçün yaratdığınız əlverişli mühitə rəğmən bəzi məmurlar yerlərdə bizlərə işləməyə imkan vermirlər. Məsələn, İsmayıllı rayonunda 25 illiyə icarəyə götürdüyüm torpaq sahəsini əkib-becərməyimə imkan vermirlər. Təsəvvür edin, lizinqlə aldığım, hələ dəyərini belə ödəmədiyim texnikanı taxıl səpini apardığım yerdə icra başçısı Nahid Bağırov və müavini Mahmud Süleymanov sahəyə gələrək polis gücünə sahədən çıxardılar. Artıq üçüncü ildir ki, həmin sahə əkilmir. Mən isə hüquqlarımı qorumaq üçün qalmışam məhkəmə yollarında. Üç məhkəmə prosesini udmuşam. İnzibati məhkəmə icra başçısının mənimlə bağlı qanunsuz sərəncamını ləğv etdi. Amma bütün bunlara rəğmən hələ də məhkəmə yollarındayam. Növbəti proses Ali Məhkəməbaxılcaq.

 Zati aliləri! Sahibkar olaraq incidilən tək mən deyiləm. İsmayıllı rayonunun İvanovka kənd sakinləri də artıq neçə ildir ki, icra başçısı N.Bağırov və müavini M.Süleymanovun qanunsuz tələb və hərəkətlərindən beziblər. Çox sağ olun ki, nəhayət İsmayıllıda da antikorrupsiya əməliyyatlarına start verildi. İnanırıq ki, gec də olsa İsmayıllı rayon rəhbərlərinin qanunsuz hərəkətlərinə son qoyulacaq və sahibkarların işləməsi üçün normal mühit yaradılacaq.

Cənab Prezident! Sizə inanırıq, Sizə qüvənirik! Qurtarın bizi harınlanmış yerli rəhbərlərin özbaşınalığından.

 İmza Teyyub Abdullayev, sahibkar fermer".

XATIRLATMA: Oxşar məzmunlu şikayət həm də Baş Prokuror Kamran Əliyevə göndərilib. Sahibkar T.Abdullayev məlum istintaq üzrə dindirilməsini xahiş edir...

"Təzadlar"ın Araşdırma Qrupu

img_4758 

 img_4815

img_4816

img_4814

img_4817

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN