Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verib.
Tezadlar.az Gürcüstanın "İmedi" kanalına istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib. Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi. Gürcüstan hökuməti həmçinin Avropa İttifaqının hər hansı büdcə qrantından da imtina edir. Baş nazir bildirib ki, Gürcüstandan islahatlar deyil, ancaq ləyaqətdən imtinanı nəzərdə tutan addımlar tələb olunur. Sitat: "Gürcüstandan islahatlar deyil, sadəcə olaraq, ləyaqətdən imtinanı nəzərdə tutan addımlar tələb olunur. Bunlar “QHT”nin şəffaflığı haqqında qanunun ləğvi, LGBT təbliğatına qarşı qanunun ləğvi, sanksiyaların tətbiqi və Gürcüstan iqtisadiyyatının öz əlimizlə çökməsi, Mixeil Saakaşvilinin azadlığa buraxılması və s. tələblərdir". Baş nazir deyib ki, texniki nöqteyi-nəzərdən danışıqların başlanmasından Avropa İttifaqına daxil olmaq üçün cəmi bir il yarım - 2 il vaxt lazımdır: "Texniki nöqteyi-nəzərdən danışıqların başlanmasından Avropa İttifaqına daxil olmağa cəmi il yarım - 2 il vaxt lazımdır və 2030-cu ilə qədər heç kim Avropa İttifaqının şərqə doğru genişlənməsini planlaşdırmayıb. Bu, bəzi avropalı siyasətçi və bürokratların danışıqlara başlamaq mövzusunda Gürcüstan dövlətinə qarşı apardıqları şantajın nə qədər süni və son dərəcə təhqiramiz olduğunu göstərir. 2028-ci ilin sonu Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamaq üçün iqtisadi baxımdan lazımi şəkildə hazırlanacağı vaxtdır. Biz dayanmırıq və Assosiasiya Gündəliyi və Azad Ticarət Sazişi üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik və bu gün təsdiq edilmiş hökumət proqramında göstərildiyi kimi, 2028-ci ilə qədər bu öhdəliklərin 90 faizindən çoxunu yerinə yetirmiş olacağıq. Üstəlik, biz bütün bu öhdəlikləri Avropa İttifaqından heç bir maliyyə yardımı olmadan öz maliyyəmizlə yerinə yetirəcəyik. Biz Avropa Birliyinə yalvarıb, bir ayaq üstə durmaqla yox, ləyaqətlə, düzgün demokratik sistem və güclü iqtisadiyyatla Avropa Birliyinə daxil olmağa hazırlaşırıq".
O, həmçinin 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına üzv olmağa bütün namizəd ölkələrdən daha hazır olacağını da deyib.
Ölkədə isə siyasi gərginlik hələ də davam edir. Xüsusən də Baş nazirlə Prezident komandası arasında ciddi fikir ayrılığı və ziddiyyətlər qalmaqdadır.
A.Məmmədli