Xəbər verdiyimiz kiki, Medianın İnkişafı Agentliyinin təklif və təşəbbüsü ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik olunacaq. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə də edilib. Müzakirələrfə bildirilib ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsif olunub.
Artıq indidən medalın kimlərə verilib- verilməyəcəyi ilə bağlı müxtəlif fikirlər səslənməkdə, müzakirələr aparılmaqdadır. Müzakirələrdə iştirak edənlərin çoxu bu təşəbbüsü alqışlamaqla yanaşı, narahatlıqlarını da ifadə edirlər ki, görəsən bu medal da vaxtilə kütləvi şəkildə kimə gəldi verilən "Əməkdar jurnalist" fəxri adının aqibətini yaşamayacaq ki!?
Xatırladırq ki, "Təzadlar" jurnalistlərə verilən fəxri adlarla bağlı ciddi araşdırmalar aparıb və məlum olurdu ki, "Əməkdar jurnalist" adı alanların bir çoxunun, ümumiyyətlə, ya jurnalistikaya aidiyyəti yoxdur, ya da onların əməkdarlığının izi- soraşı mətbuatda hiss edilmir.
XXX
"Təzadlar"ın baş redaktoru Asif Mərzili Milli Mətbuatımızın 150 illiyi şərəfinə təsis olunacaq yubiley medalı ilə bağlı mediada aparılan müzakirələrə toxunub. Sitat: "...Medianın İnkişafı Agentliyinin təşəbbüsü alqışa layiqdir və ən azından Azərbaycan cəmiyyəti bir daha Zərdabi məktəbinin keçdiyi yolun hardan gəlib keçdiyini bildirən daha bir rəsmiyyətlə yaddaşını təzələyəcək... O ki qaldı medalın kimlərə veriləcəyinə, hesab edirəm ki, keçmiş illərin acı təcrübəsi hamını narahat edir. Məsələn, tanıdığım adamlar var ki, adicə korrektordur, amma Əməkdar jurnalist statusuna malik edilib... Yaxud, çoxsaylı belələri var ki, mətbuatda yaddaqalan hansısa bir jurnalist yazısı ortada yoxdur. Mən hələ onu demirəm ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hansısa heç məqaləsini, yazısını demirəm, heç olmasa cəhdinə belə rast gəlmirik... Mətbuatda Mətbuat Şurasının sədri Rəşad Məcidin, professor Qulu Məhərrəmlinin və Əməkdar jurnalist Azər Həsrətin fikirlərinə rast gəldim. Dəyərli açıqlamaları və fikirləri var, dəstəkləyirəm. Amma Azər Həsrətin bu fikirləri diqqətimi xüsusilə çəkdi. Jurnalist haqlı olaraq bildirir ki, adətən belə tədbirlər olanda iddia edənlərin sayı həddindən artıq çox olur. Sitat: "Misal üçün, Əməkdar jurnalist fəxri adına, ayrı-ayrı medallara, ordenlərə iddia edənlər çoxdur. Hətta şəxsən mənim özümə də illərlə müraciət edənlər olub ki, təqdimatımızı verməyə kömək edin, fəxri ad alaq, yaxud təltif olunaq deyə. Mən də soruşmuşam ki, hansı xidmətlərinə görə? Onda da mənə deyiblər ki, bəs filankəsə hansı xidmətlərinə görə verilib? Belə sualların olmaması üçün meyarlar dəqiq elan edilməlidir. Kifayət qədər vaxtımız var. İyul ayının 22-sinə qədər yarım il vaxtımız var. Bunun üçün Azərbaycan Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, Prezidentin mətbuatla işləyən müvafiq köməkçisi bir araya gəlməli, bağlı qapılar arxasında müzakirə açmalıdırlar ki, hansı kateqoriyadan olan insanlara bu medal verilə bilər. Yəni, filankəsin dostudur, qohumudur, yerlisidir, bunu filankəs təqdim elədi, xahiş etdi kimi məsələlər yığışdırılmalıdır. Azərbaycan mətbuatı qarşısında həqiqətən də xidmətləri olan, jurnalistikanın standartlarına uyğun olan insanlara verilməlidir bu medal. Özü də çox insanlara deyil, az sayda həqiqi media mənsublarına təqdim etməliyik. Yəni, ucdantutma kimə gəldi medal versək, onu gözdən salacağıq. Bir sözlə, beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etməyi bacaran, bunun üçün işlər görən şəxslər ilk kateqoriyada olmalıdır. Belələrinə medal vermək olar. Yoxsa elə adamlar var ki, şəxsən mən də tanıyıram, vaxtilə müxtəlif mükafatlar, təltiflər alıblar. Bəzən olur Azərbaycan dövləti, prezidenti, ümumiyyətlə, hər şeyimiz təhqir edilir, kimlərsə üstümüzə gəlir. Amma o adamlar susurlar. O adamlara mən dəfələrlə demişəm ki, siz də bu məsələlərə reaksiya verin, mövqe bildirin. Onlar yaxalarını kənara çəkiblər, boyun qaçırıblar. Amma görəcəksiniz, həmin adamlar yenə gələcəklər ki, mənə də medal verilsin. Mən düşünürəm ki, dövlətimiz monitorinq aparmalı, kimin kim olduğu burada ayırd edilməlidir. Yoxsa, ucdantutma medalpaylama olacaqsa, bu medal artıq dəyərini, əhəmiyyətini itirəcək. Ona görə də dəyər məsələsində diqqətli olmalıyıq. Hər yoldan ötənə medal verilməməlidir”.
Tamamilə doğru fikirlərdir. Təklif edərdim ki, bu dəfə "Əməkdar jurnalist" adının verilməsi "təcrübəsi" bir kənara qoyulsun və Azərbaycan jurnalistlərinin inanıb etibar etdiyi təcrübəlilərdən ibarət xüsusi işçi qrup yaradılsın, Medianın İnkişafı Agentliyinin nəzarəti altındaş çünki təşəbbüskarlıq bu quruma məxsusdur, daxil olan təkliflər paketi təhlil edilsin... Sonra qərar verilsin. Onsuz da indiki elektron media əsrində kimin jurnalistikada izi olduğunu asanlıqla müəyyənləşdirmək mümkündür... Yəni, inanmaq istərdim ki, bu sahədə seçim elə olsun ki, Zərdabi babamızın bu günümüzə ərməğan etdiyi "Əkinçi"nin adına hörmət gətirən bir seçim kimi tarixləşsin...".
Elbar ŞİRİNOV