TEZADLAR.AZ xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında minimum əmək haqqı artırıldıqdan sonra fərdi sahibkarların ödəyəcəyi sosial haqlarla bağlı açıqlama verib, eyni zamanda təklif irəli sürüb.
Deputat diqqətə çatdırıb ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır.
O qeyd edib ki, artıq cari ildən minimum əmək haqqı artdığı üçün sahibkarların ödəyəcəyi sosial haqların məbləğində də artım olacaq. Vüqar Bayramov daha az gəliri olan sahibkarların da nəzərə alınması və az sosial sığorta ödəyə bilmələri üçüb təklif də irəli sürüb.
"Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi.
Əhalinin sosial təminatının daha da gücləndirilməsi üçün minimum əmək haqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu, nəticədə minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.
Müraciətlərin sayını nəzərə alaraq bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini təqdim edirik:
1 Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz)
2 Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz)
3 digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz)
4 rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz)
5 kənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz)", - deyə izah edib.
JASMİN