Millət vəkili Rəşad Mahmudov Prezident İlham Əliyev haqqında yazdığı məqaləsini özünün sosial platformasında paylaşıb... Tezadlar.az həmin məqaləni təqdim edir:
-Əziz dostlar, dəyərli həmvətənlər!
Vətəni, vətəndaşı olduğun ölkəni təkcə sevmək kifayət deyil, gərək həm də onu qoruyasan, inkişaf etdirəsən. Fikir dahilərindən biri əbəs yerə demirdi ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib və belə nümunələr çox azdır. İki əsrlik tariximizə nəzər yetirdikdə aydın görürük ki, məhz belə fövqəl- qəhrəmanlığı Azərbaycan lideri İlham Əliyev bacarıb və bununla o, xalqın ictimai düşüncəsində fenomenə çevrilib.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, hərbi, sosial cəhətdən möhkəmləndirərək, yeni tarixinin ən mühüm sınaqlarından üzüağ çıxmağı bacardı, böyük Qələbə qazandı, ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bütün bunların fonunda 7 fevral növbədənkənar prezident seçkiləri isə Azərbaycan dövlətinin tarixində yeni epoxal mərhələnin başlandığını təsdiqlədi. Çünki müasir Azərbaycan tarixində xalqımız ilk dəfə ərazi bütövlüyü təmin edilmiş ölkədə liderinə səs verirdi. Şübhəsiz, bu yeni dövrə Azərbaycan son onilliklərdə əldə edilən bütün görkəmli nailiyyətlərin memarı, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə qədəm qoydu. Prezident İlham Əliyev dövlət idarəçiliyində uzun illər təcrübəsi olan siyasətçi kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqelərini möhkəmləndirən güclü lider kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin başçısı bütün dünyada xalqımız və soydaşlarımız tərəfindən böyük məhəbbət və ehtiramla qarşılaşır. Prezident İlham Əliyevin siyasəti iqtisadi inkişafa, enerji diplomatiyasına və milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlik praqmatizmliyilə xarakterizə olunur. Onun rəhbərliyi ilə Azərbaycan neft və qaz ixracından əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə artırmağı bacarıb ki, bu da ölkənin infrastrukturunun və sosial sferasının müasirləşməsinə töhfə verib. Beləliklə, İlham Əliyev təcrübəni, strateji düşüncəni və dəyişən siyasi şəraitə uyğunlaşmaq bacarığını özündə birləşdirən lider kimi dünyada təqdir olunur.
Birmənalı şəkildə demək olar ki, “Güclü Azərbaycan” ideyası İlham Əliyevin siyasi gündəliyinin əsas elementidir.
Azərbaycanın dövlətçiliyinin, iqtisadi qüdrətinin, hərbi potensialının və beynəlxalq nüfuzunun gücləndirilməsini nəzərdə tutan bu konsepsiya mərhələli şəkildə uğurla icra olunmaqdadır. Bunun nəticəsi kimi Azərbaycan zəngin neft və qaz ehtiyatları sayəsində öz iqtisadiyyatını tamamilə gücləndirə bilib. Ölkəmiz çoxvektorlu xarici siyasət yürüdür, həm Qərblə, həm də Şərqlə münasibət qurur. Bakı həm də beynəlxalq dialoq platforması kimi özünü göstərir, müntəzəm olaraq sammitlər və forumlar kimi böyük tədbirlərə evsahibliyi edir.
![ilham-aliyev](/images/2024-10/ilham-aliyev.jpg)
Prezident İlham Əliyevin müəllifi olduğu “Güclü Azərbaycan” ideyası həm də milli kimliyin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Vətənpərvərlik, tarixi irs və mədəni dəyərlər, milli birliyin gücləndirilməsi İlham Əliyev ictimai-siyasi fəaliyyətinin ana xəttini təşkil edir. Böyük tarixi qələbədən sonra Qarabağ və ətraf rayonlar üzərində nəzarətin bərpası Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsində mühüm addım oldu. Eyni zamanda, “Güclü Azərbaycan” konsepsiyası ölkənin müstəqillik, tərəqqi və dünya miqyasında mövqelərini möhkəmləndirməklə yadda qaldı. 7 fevral seçkiləri bu konsepsiyasını daha da gücləndirdi, yeni inkişaf üfiqlərini açdı. Növbədənkənar prezident seçkiləri həm də onunla yadda qaldı ki, Azərbaycanı sabitlik adasına çevirən, xalqın ən ağrılı problemi olan Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev rəqib tanımır. Çünki xalqı üçün yaşayan və xalqına şərəflə xidmət edən İlham Əliyev elə bütöv xalqın seçimi oldu!
7 fevral seçkilərində Azərbaycanda təkcə demokratiya qalib gəlmədi, seçən də, seçilən də qalib Azərbaycan xalqı oldu. Növbədənkənar seçki yüksək səviyyədə təşkil olundu, demokratik prinsiplər qorundu və səsvermə tam şəffaflıqla yekunlaşdı. Eyni zamanda, seçkiqabağı mühit və namizədlərin təbliğat-təşviqat kampaniyası üçün yaradılmış bərabər şərait də bu gözləntiləri təsdiqlədi. Əslində bu, təəccüblü deyil, ona görə ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən seçki ənənəsi formalaşıb. Bu ənənə şəffaflıq, demokratik prinsiplərə sadiqlik və qanuni tələblərə ciddi əməl olunması kimi prinsipləri özündə əks etdirir. Azərbaycanın demokratik seçki ənənəsi 7 fevral seçkilərində daha qabarıq şəkildə özünü büruzə verdi. Qalib xalq Liderini seçdi. Heç bir kənardan müdaxilə cəhdləri, qarayaxma kampaniyaları xalqımızın iradəsinə mane ola bilmədi. Bununla da növbədənkənar prezident seçkiləri ötən ilin ən yadda qalan parlaq hadisəsi oldu.
Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi yeni qlobal nəslin liderinin siyasi kursuna bütün xalqın artan inamını bir daha nümayiş etdirdi. Ona görə də təəccüblü deyil ki, Prezident İlham Əliyevin parlaq qələbəsinə dünyada faktiki olaraq heç kim şübhə etmirdi. Bu gün dünyanın aparıcı liderlərindən olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf dövründədir. Nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, xalqın, dövlətin maraqlarına xidmət edən siyasi xətti ölkəmizin başçısına ümumxaql sevgisi və sonsuz inam qazandırdı. Qələbəyə həsrət qalmış, uzun müddət məhrumiyyət, acılar çəkmiş, evindən, isti ocağından didərgin həyata silah gücünə məhkum edilmiş xalqımıza mükəmməl siyasi, hərbi qərarları ilə ardıcıl qələbə yaşadan Prezident İlham Əliyevin fəaliyyəti dünya liderləri üçün örnək, müasir tariximizin ən şanlı səhifəsidir. Çünki Prezident İlham Əliyev unudulmaz Heydər Əliyevin siyasi yetirməsidir. Ona özü qədər inanan ümummilli lider Heydər Əliyevin nə qədər haqlı olduğunu Müzəffər Ali Baş Komandan yazdığı zəfər tarixi ilə bir daha sübut etdi.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı