Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

 Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verib və ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışıb. Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: Ənənəyə uyğun olaraq, müzakirələrimizin əvvəlində sözü Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə vermək istərdim. İlham Heydəroğlu, xahiş edirəm, çıxış edəsiniz". İlham Əliyev çıxışında regiondakı son proseslərə diqqət çəkib: "Müharibənin başa çatmasından, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən bir il keçməsi ilə əlaqədar bizim regionda yaranmış vəziyyət barədə sizi məlumatlandırmaq istərdim. Bu bir il ərzində nələr baş verməsi, qarşımızda duran çağırışlar və regional inkişafın perspektivləri barədə informasiyanı sizə təqdim etmək istərdim. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi. Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı.

Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı. Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.

İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək", - deyə İ. Əliyev çıxışında qeyd edib. Qeyd edək ki, daha sonra təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları çıxış ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN