Baş Prokurorluğun korrupsiyaya və korrupsionerlərə qarşı mübarizəsi sərtləşdikcə, həm də bu mübarizəyə müqavimət göstətənlərin müqaviməti artmaqdadır... Beləliklə, Sumqayıt şəhər internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyevanın gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb etməsi ciddi etirazla qarşılanmaqdadır. Bu barədə "Təzadlar"ın elektron poçtuna gimnaziyadan daxil olan şikayətdə bildirilir. “Direktor gimnaziyanın otaqlarının və fasadının boyanması üçün müəllimlərdən bu həftə ərzində 20 manatdan pul vermələrini tələb edir. Dilarə Səfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir. Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər tərəfindən Təhsil Nazirliyinə də şikayət olunub. D.Səfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz istədiyi şəkildə idarə edir. Pul vermək istəməyən müəllimləri isə direktor kimi təsdiqləndikdən sonra onlara qarşı görəcəyi tədbirlərlə hədələyir”.
Təhsil Nazirliyindən verilən açıqlamada bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq... Əlavə məlumat veriləcək. Gün ərzində direktorun iş telefonuna zəng etdik. Katibə xanım direktor Dilarə Şəfiyevanın icra hakimiyyətində olduğunu bildirdi. Direktorla əlaqə saxlamağa çalışırıq. Onun şikayətə dair mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədli