Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov sözügedən dəyişikliyin səbəbini və mahiyyətini açıqlayıb. O bildirib ki, dəyişikliklə fərdi qaydada və vəkil qurumunda fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta haqqının hesablanmasında mövcud olan fərqliliklər aradan qaldırılmaqla, qanunvericiliklə vahid qaydada yanaşma təmin olunacaq: "Vəkillərin vergi öhdəlikləri ilə bağlı məsələlərin düzgün tənzimlənməsi, onların vergi və digər risklərinin aradan qaldırılması ötən dövr ərzində Vəkillər Kollegiyasının diqqət mərkəzində olmuş və Kollegiya tərəfindən mütəmadi olaraq bu sahədə də bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Tərəfimizdən vəkillərin vergi öhdəlikləri təhlil edilərkən məlum olmuşdur ki, vəkil qurumunda fəaliyyət göstərən vəkillərin vergi öhdəliklərində (habelə məcburi dövlət sosial sığorta haqqı üzrə tutulmada) fərdi qaydada fəaliyyət göstərən vəkillərlə müqayisədə artımla müşaiyət olunan fərqli yanaşma mövcuddur.

Vergi Məcəlləsinin 99.3.11-ci maddəsində vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə, Məcəllənin VIII fəslində “Fiziki şəxslərin gəlir vergisi” hissəsinə aid edilmişdir.
Fərdi qaydada fəaliyyət göstərən vəkillər fiziki şəxs olaraq vergi orqanında qeydiyyata alındığından onların vergi məsələləri Məcəllənin VIII fəslinə uyğun tənzimlənir.

Vəkil qurumunda fəaliyyət göstərən vəkillər isə vergi orqanında qeydiyyata alınmadığından, Məcəllədə və digər qanunvericilikdə “vəkil qurumu” və bu qurumda fəaliyyət göstərən vəkillərin vergi münasibətlərinin hansı qaydada tənzimlənməsi konkret göstərilmədiyindən vergi orqanı tərəfindən qurum vəkillərinə münasibətdə fərqli normaların tətbiq olunması qeyd olunmuşdur.

Belə ki, fərdi qaydada fəaliyyət vəkillərin vergi münasibətləri Vergi Məcəlləsinin 101.2-ci maddəsi (14 faiz dərəcə) ilə tənzimləndiyi halda, qurum vəkilinə münasibətdə Məcəllənin 101.1-ci və 150.1.7-ci maddələri əsas götürülmüşdür. Bu isə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxs kimi qurum vəkilinin gəlirindən gəlir 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda əlavə olaraq həmin hissədən çox olan məbləğin 25 faizi məbləğində verginin tutulmasını şərtləndirir. Eyni zamanda bu fərqlilik məcburi dövlət sosial sığorta haqqı üzrə tutulmada da özünü göstərmişdir (Fərdi qaydada fəaliyyət göstərən vəkillərə “Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsi tətbiq edildiyi halda, qurum vəkillərinə həmin Qanunun 14.5.2-ci maddəsinin tətbiq olunması bildirilmişdir)".

A. Bağırov qeyd edib ki, bu hallar vəkil qurumunda fəaliyyət göstərən vəkillərə münasibətdə risklərə - öhdəliklərin düzgün müəyyən edilməməsi səbəbindən maliyyə itkilərinə məruz qalmasına şərait yaratdığından Vəkillər Kollegiyası tərəfindən bu uyğunsuzluqların aradan qaldırılması, habelə vəkillərin vergi və digər məsələləri ilə bağlı məsələlərin ətraflı təhlil edilməsi və təkliflərin hazırlanması məqsədilə İşçi Qrupu yaradılmışdır.

"Vergi məsələlərində peşəkar və təcrübəli vəkillərin də daxil olduğu həmin İşçi Qrupu dəfələrlə Dövlət Vergi Xidməti ilə müzakirələr aparmış, habelə Dövlət Vergi Xidmətində vəkillərin vergi məsələləri ilə bağlı geniş müzakirələrdə iştirak edərək vəkillərin bu sahədə mövcud problemlərini nəzərə çatdıırmışdır. Həmin müzakirələr nəticəsində problemin həlli məqsədilə qanunvericilikdə “vəkil qurumu” anlayışının təsbit olunması, vəkil qurumunun mövcud təcrübəsi – qurum vəkillərinin vergi münasibətlərinin həmin qurum tərəfindən tənzimlənməsinin qanunvericilikdə əksini tapması təşəbbüsü dəstəklənmişdir.
Qeyd edək ki, həmin dövrdə bəzi vəkil qurumlarına Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyinin) müvafiq qurumları tərəfindən verginin “düzgün” hesablanmaması və ya vəkil qurumunun mənfəət əldə etməsi əsas gətirilməklə icra tədbirləri həyata keçirilmişdir. Halbuki, vəkil qurumunun ayrıca bank hesabı vardır və həmin qurumda fəaliyyət göstərən vəkillərə “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə” əsasında ödənilən qonorar (hüquqi yardım haqqı) həmin bank hesabına köçürülür. Vəkil qurumu hər bir vəkilə münasibətdə həmin vəkilə aid olan hüquqi yardım haqqına münasibətdə vergi və digər məcburi ödənişləri (zəruri xərcləri) ödədikdən sonra vəkilin haqqının onun kart hesabına köçürülməsini təmin edir. Vəkil qurumu həmin bank hesabına köçürülmüş hüquqi yardım haqqından heç bir mənfəət əldə etmir.

Vəkillər Kollegiyası tərəfindən aparılan rəsmi yazışmalarla verilən izahlar nəticəsində həmin icra tədbirləri Dövlət Vergi Xidməti tərəfindən aradan qaldırılmış və həmin qurumlarda əvvəlki vəziyyət bərpa edilmişdir. Eyni zamanda Vəkillər Kollegiyası ilə Dövlət Vergi Xidməti arasında qarşılıqlı razılıq əsasında qanunvericilikdə müvafiq dəyişiklik olunanadək qurum vəkillərinin vergi öhdəliklərində fərqli yanaşmanın aradan qaldırılması Dövlət Vergi Xidmətinin müvafiq məktubu ilə aidiyyəti vergi orqanlarına bildirilmişdir.

Hazırda qeyd olunan məsələnin tənzimlənməsi məqsədilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik barədə” Qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Həmin layihədə “vəkil qurumu” – vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkillər tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən qeyri-kommersiya hüquqi şəxs olaraq qeyd olunmuşdur", - deyə sədr vurğulayıb.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN