…Onun adı hamıya yaxşı tanışdır. Mətbuat Şurası İdarə Heyətinin üzvü də olmalıdır…

Ən vacibi, millət vəkilidir. Yəni, millətimizin bir qisminin əmlak, sosial və hüquqi-siyasi maraqlarını Milli Məclisdə müdafiə etmək onun vəzifə borcudur. O, həm də Parlamentdə daim millət vəkillərinin maddi-maaş maraqlarının təmin olunmasından ötrü sinə döyən, yaxa cıran, hay-küy salan olub. Neyləsin, deputatlar millətin dərdini çəkə-çəkə özlərinə bir gün ağlaya bilməsələr də, barı evlərinə bir tikə çörək aparmaq üçün maaşları yüksək olmalıdır…

***

…Bəli, bu həmin Cavanşir Feyziyevdir… İndi məlum olur ki, xalqın-seçicilərinin dərdini çəkməkdən xəstə düşən deputatımızın İngiltərədə ailə üzvlərinə məxsus 15 milyon funt sterlinq, yəni 20,5 milyon (!) dollarlıq hesabları varmış. Amma artıq indi üstü açılıb və nəzarətə götürülüb. Britaniya Milli Cinayət Agentliyi onların üzərinə həbs qoyulması üçün vəsatət verib. Bu hələ üzə çıxanıdır, gör hələ altda nə var, axırı nə olacaq... Pullar Cavanşir məllimin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Javanşirin (6,4 milyon f.s.) və qohumu Elman Cavanşirin adına olan hesablardadır.

Məlumat «OCCRP - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi» təşkilatının araşdırma məqaləsindən götürülüb. Orada deyilir ki, Feyziyevin yaratdığı 2 dərman şirkəti dövlətdən 138 milyon dollar gizli pul alıb.

«Niyə gizli? Niyə deputat? Bəs deputat bizneslə məşğul olmamalıdır? Deputatda, ailəsində haradandır bir belə pul? Ona verilən dövlət vəsaiti özünə verilməyib axı, dərman almağa verilib, niyə öz qohum hesablarına keçirib? Bəs dövlətin uşaqpulu verməyə, yaralı və əlil qaziləri müalicə etməyə, onlara fərli təqaüd verməyə, pandemiyayla bağlı kasıbların hamısına 190 manat (?!) verməyə pulu çatmır, qazın, işığın, suyun qiymətini qaldırır?!». Bunu isə tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoy yazır... Və həm də Azərbaycanın sosial media istifadəçiləri deyir, müzakirə edirlər.

Bəs Azərbaycanın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu və ya digər suallara necə cavab verərdi… Axı bu qədər də yox!!! Dövlətin Qarabağın bərpasına manat-manat pul axtardığı bir vaxtda, Milli Məclisdə maaş davası döyənimizin İngiltərədə 20,5 milyon dollarlıq (təxminən 38 milyon manat) oğurluq pulu ortaya çıxırsa, daha sözümüz yoxdur… Sonra da deyirik ki, xarici düşmən belə elədi… Daxildəkini qoyub xaricdə düşmən axtarmağa dəyərmi???

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN