Xəbər verildiyi kimi, Azərbaycanın Xalq yazıçısı, bədii yaradıcılığı ilə Azərbaycanı dünyaya tanıdan, görkəmli yazıçımız Çingiz Abdullayevin Sumqayıtda oxucuları ilə görüşündə birinci və ikinci Qarabağ müharibəsi ilə bağlı söylədiyi fikirləri (elektron mediada yayımlandığından təkrarlamaq istəmirik) qərəzli formada və yanlışlıqla yozularaq ictimailəşdirilməkdədir.
Təəssüflər olsun, Azərbaycanı dünyada əsərləri ilə ən çox təmsil edən görkəmli yazıçımız Çingiz Abdullayevin həmin çıxışının nəinki canlı şahidi olmayan, hətta bu çıxışı eşitməyən, sosial mediada videoformada belə izləməyənlər ağıllarına gələn fərziyyə və böhtanları uydurub mahiyyətdən kənar fikirlər səsləndirirlər.
"Təzadlar" həmişə olduğu kimi, Azərbaycanın dəyərli ziyalılarına bəlli məqsədlərlə çamur atanlara qarşı sinəsini qabağa verib və bu dəfə də o müqəddəs yola sadiq olduq. …Və Ç.Abdullayevin əleyhinə süni, qərəzli, məqsədli…(məqsədi sonda biləcəksiniz) kampaniyanın arxasında nələrin dayandığına aydınlıq gətirməli olduq. Ən pisi və bizi də məyyus edən isə odur ki, ömründə ortaya alababat bir məqalə (biz hələ əsər demirik), qoymayan, Çingiz Abdullayev kimi yazıçıların kölgəsində gəzişən və baş saxlayanlar belə, indi onun əleyhinə elə hədyanlar yazırlar ki, sadəcə, söz tapa bilmirik. Bunun adı isə nankorluq və siyasi-bədii korluqdur!!!
Beləliklə, Xalq şairi Vahid Əzizin bu rəzil kampaniya müəllifləri barədə mövqeyini öyrəndik.
- Vahid müəllim, yəqin ki, Xalq yazıçısı Çingiz Abdullayev barədə yazılan qərəzlərdən xəbərdarsınız… Bununla bağlı nə deyərdiniz?
- O, Yazıçılar Birliyində ən ləyaqətli, arxa çevirməlilərdən biri elə Çingiz Abdullayevdir… Onunla birgə işləmişəm, mən Sizə rəsmi deyirəm, söylədiyimə başımla cavabdehəm… Çingiz müllim, əvvəla, nə dediyini yaxşı bilir, sadəcə, onu başa düşmək istəməyən beş-üç adam var, məqsədləri bəllidir, bilirsiniz, Allah onlara da ağıl versin… Gəlin, səmimi olaq, nə Vahid Əziz dünyada elə tanınandır, nə o biri sinəsinə döyənlər… İndi Azərbaycanı dünyada tanıdan yazıçımız Çingiz Abdullayevdir. Bu anti-təbliğatın arxasında duranların məqsədi, əslində, odur ki, ay xarici düşmənlər, görürsünüz, bir dənə irəlidə gedənimiz vardı, o da belə. Yəni, siz tırkalayın, biz 37-ci illərdə olduğu kimi, indi də Çingizləri məhv etməyə hazırıq! Olmaz, belələrinə meydan vermək olmaz!!! Qardaşım, Çingiz Abdullayevə Rusiyanın Prezidenti Vladimir Putin "Dostluq" Ordeni təqdim edib. Deməli, bu insan Rusiya kimi bir ölkədə də tanınır, qəbul edilr, sevilir, qiymətləndirilir… Bəs biz?! Psixologiyada bir məntiq var: məqsədli adamlar başlayır üstünə qışqırmağa, baxır ki, sən reaksiya vermirsən və susursan, sonra sakitcə çəkilib gedir. Çingiz müəllimin ustalığı ondadır ki, bu tiplərin məqsədini bildiyindən susdu, cavab da vermədi… Necə ki, vaxtilə Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə… belə hücumlar vardı. Çingiz müəllim susub reaksiya verməmə sükutu ilə onlara cavabını vermiş oldu. Yəni, siz məni hələ anlamırsınız, özünüz bilərsiniz, gedin, işinizlə məşğul olun…
***
Azərbaycanın Xalq artisti Mənsum İbrahimov:
- Çingiz Abdullayev Azərbaycanın adını dünyada tanıdan, yüksəklərə qaldıran böyük yazıçımızdır. Ona qarşı qərəzli kampaniya aparmaq yolverilməzdir. O, Azərbaycanın müasir beynəlxalq yazıçılıq məktəbinin simvoludur. Bizim borcumuz belə dəyərləri qorumaqdır…
***
Azərbaycanın Xalq artisti Flora Kərimova:
- Çingiz Abdullayev kimi yazıçı bəlkə də bundan sonra bir də dünyaya doğulmayacaq. Biz olanımızı qorumalı, müdafiə etməliyik. Çingiz müəllimin dünya çapındakı əsərlərinin böyük bir hissəsi Azərbaycanın problemlərinə, mədəniyyətinə, Qarabağına… həsr olunub. İndi durub demək ki, o, Qarabağ müharibəsi haqqında belə deyib?! Yozumlara lüzum yox: Çingiz müəllim Qarabağ faciəsini hər birimiz kimi, bəlkə də daha arrtığını yaşayan bir böyük ziyalı, dərdaş, vətən fədaisidir… Dostlar, onu qoruyun, o, böyük Azərbaycanlıdır!
"Çingiz Abdullayevin çıxışına irad bildirənlər zəif təfəkkürlü, yalnız burnunun ucunu görən feysbuk trollarıdır ki, bəzi rüşvətxor məmurların birbaşa tapşırığını yerinə yetirənlərdir"
Bunu isə əməkdaşımıza açıqlamasında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM-nın) I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Xalq Yazıçısı Çingiz Abdullayevin "Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır…" fikrinə qarşı çıxanlara münasibət bildirərkən söylədi. R.Məmmədov dedi ki, oktyabrın 31-də Sumqayıt şəhərində keçirilən Birinci Sumqayıt Kitab Sərgisində DAMM-nin I vitse-prezidenti olaraq o da iştirak edirb: "…Kimyaçıların Mədəniyyət Evində baş tutan tədbirin səbəbkarı imzası dünya çapında tanınan yazıçı Çingiz Abdullayev idi. Onunla görüşə gələn qonaqlar arasında qazilər, şəhid ailələrinin üzvləri, məktəb şagirdləri və digər təbəqədən olan insanlar vardı. Yazıçı öz oxucularının gur alqışları ilə zala daxil oldu. Demək istəyirəm ki, böyükdən-kiçiyə hər kəs onu hörmətlə qarşıladı… Bir məqamı da deyim ki, Çingiz Abdullayev dəyərli vaxtından 3-4 saat ayıraraq görüşdə təxminən 1000-ə qədər kitabını avtoqraf yazaraq tədbir iştirakçılarına təqdim etdi. Onun görüşdəki əhatəli çıxışı rəğbətlə qarşılandı. Belə ki, iştirakçılar Çingiz Abdullayevi böyük diqqət və maraqla dinləyib onun yaradıcılığına valeh olduqlarını öz gurultulu alqışlarıyla bildirdilər. Qeyd etdiyim kimi, tədbirdə iştirak edənlər arasında çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri vardı. Məsələ burasındadır ki, tədbirdə bir nəfər də olsun Çingiz Abdullayevin çıxışına qarşı nəsə fikir söyləmədi… Ancaq iki gündür sosial şəbəkələrdə, saytlarda bəlli qüvvələrin təşkilatçılığı ilə Çingiz Abdullayevin çıxışına irad bildirənlər meydana çıxıb. Onlar bilirsiniz kimlərdir: Cəmiyyətimizin aşağı səviyyəsində olan, zəif təfəkkürlü, yalnız burnunun ucunu görən feysbuk trollarıdır ki, bəzi rüşvətxor məmurların, içimizdəki vaxtilə 30 min, artaraq indi 120 min olan ermənilərin vəzifədə olanlarının birbaşa tapşırığı ilə dünyada xalqımızı tanıtdıran Çingiz Abdullayevə şər-böhtan atanlar. Çingiz Abdullayev Sumqayıtda oxucuları ilə görüşündə xahiş etdi ki, Birinci Qarabağ Müharibəsi ifadəsini işlətməsinlər. Dedi ki, Birinci Qarabağ Müharibəsi olmayıb. Yəni, ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı işğal edirdilər. Çünki o dövrdə bizim ordumuz yox kimi idi… Xocalıya girən 366-cı alayda komandirlərin hamısı ermənilər idi. Əsl müharibə indi olub - 2020-ci ilin ötən payızında! …Və 44 günlük müharibədə ki, bizim müstəqil ordumuz olub, komandiri olub…
"…Rəşad Məcid mənfur Solovyova zəng etdirib ki, Çingiz Abdullayev yalan danışır, onun babası Bakıda dəfn olunub…"
- Rasim müəllim, əsasən kimlərdir o boyda yazıçıya daş atanlar? Bəlkə…
- Gəlin bu gün Çingiz Abdullayevin dünyada olan nüfuzuna kölgə salmağa çalışanların kimliyini nəzərdən keçirək. FB-də onun əleyhinə hədyan yazanlar… Rauf İlyasoğlu, kimdir axı Rauf İlyasoğlu? O, əvvəlcə özünün səviyyəsinə, fəaliyyətinə baxsın, sonra Çingiz Abdullayevi tənqid eləsin. Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid. Çox təəssüflənirəm ki, o, ətrafındakı bəzi nüfuzlu insanlara arxalanaraq cəmiyyətdə Çingiz Abdullayevə qarşı mənfi fikirlər formalaşdırmağa çalışır. Hətta ötən il Çingiz Abdullayev Rusiyanın "Rossiya 1" telekanalında "Vladimir Solovyov ilə axşam" verilişinə qatılaraq Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşərkən, Rəşad Məcid Solovyova zəng etdirib ki, Çingiz Abdullayev yalan danışır, onun babası Bakıda dəfn olunub… Ancaq R.Məcid başa düşmür ki, həyatda adamın iki babası olur - ana və ata babasçı... Çingiz Abdullayevin bir babası Qarabağda dəfn olunub, digəri Bakının Pirşağı qəsəbəsində. Dövlətdən 5 dəfə ev alan Rəşad Məcid Çingiz Abdullayev kimi dünya şöhrətli insanın ünvanına feyk məlumat yaydırmamalıdır… Görünür, Rəşad Məcid bu hərəkəti ilə Azərbaycan Yazıçılar Birliyinin sədri olmaq arzusunu gerçəkləşdirmək üçün yolundakı nəhəng maneələri zərərsizləşdirməyə çalışır. Ancaq mən "küçə uşağı" təfəkkürlü gəncləri kitabları dünyanın 32 dilinə tərcümə olunan, kitabları 30 milyon tirajla satılan, altı dildə danışa bilən, görkəmli Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi və "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin prezidenti, dünyaca tanınmış dedektiv yazıçısı Çingiz Abdullayevin üstünə qaldırmağı Rəşad Məcidə yaraşdırmıram. Çünki ən azından Çingiz Abdullayevin imza atıb, hədiyyə etdiyi kitabların sayı qədər onu sevən insanlar var. Çingiz Abdullayevi Azərbaycanın dövlət başçısı oxuyur, Çingiz Abdullayevi İspaniyanın kralı oxuyur, Çingiz Abdullayevi İsveçrənin kralı oxuyur. Lakin bu gün özümüz özümüzü təhqir edirik, tənqid edirik. Çox təəssüf…".
Azərbaycanın Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev:
- Mənim yadımdan çıxmaz, bir neçə il əvvəl Moskvaya Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq Çingiz Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü kimi mən də Rusiyada diaspor nümayəndələrimizlə olan beynəlxalq forumda iştirak etdim… Çingiz Abdullayev Rusiyalı deputatların iştirak etdiyi forumda faktlarla, məntiq və siyasi izahlarla elə bir çıxış etdi ki, Rusiyalı millət vəkilləri Çingiz müəllimin çıxışında erməni vəhşiliyinin tarixi faktlarla izahını eşidəndə ayağa durub alqışlarla "Azərbacan" deyib qışqırdılar... Həmin forumda mən də çıxış etdim… Ölkəmizi belə mötəbər səviyyədə təmsil edən böyük bir şəxsiyyətə qarşı belə soyuqqanlı, yersiz, antitəbliğat aparmaq qəti yolverilməzdir… O, Azərbaycanın müasir, tanınmış, ən ucalıqda dayanan yazıçısıdır…
Azərbaycanın Xalq artisti Niyaməddin Musayev:
- Çingiz Abdullayev Azərbaycanın dünyada səsidir, dünyanın anlaya bimləcəyi yazıçı dilidir, bədii əsəridir, böyük ziyalısıdır… Başqa nə demək lazımdır?! Belə bir ziyalıya çamur atmaq xalqımızın bütün dəyərlərini inkar etməkdir…
Azərbaycanın Əməkdar jurnalisti Flora Xəlilzadə:
- Çingiz müəllimin adı gələndə Azərbaycan düşünülür, Azərbaycanın adı səslənir. Çünki onun əsərləri dünyanın çoxsaylı dillərinə tərcüməlidir, oxunur, sevilir, qəbul edilir… Niyə biz dünyanın sevdiyi böyük bir ziyalımızı-yazıçımızı tanımaq istəmirik, sevmək istəmirik, qəbul etmək istəmirik, gözdən salmaq istəyirik? Çingiz Abdullayev Azərbaycanın brendidir, yazıçılıq – əsərlər ünvanıdır. O ünvanı qorumalıyıq…
Azərbavcanın Xalq artisti Eldost Bayramov:
- Azərbaycanı dünyaya tanıdan, sevdirən… Xalq yazıçısı Çingiz Abdullayevi kim sevməyə bilər?! Çingiz müəllim müasir yazıçılığımızın korifeyi, ustadı, ölçü vahididir… Ona qarşı mənfi nəsə demək, düşünürəm ki, günahdır. Ən azı söz qarşısında, mədəniyyətmiz qarşısında, ziyalılığımız önündə günahdır…
"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov:
- Xalq yazıçısı Çingiz Abdullayevin Sumqayıt şəhərində keçirilən Birinci Sumqayıt Kitab Sərgisindəki çıxışını sosial şəbəkələrdə dəfələrlə dinlədikdən, eləcə də özünün həmin çıxışla əlaqədar açıqlamasını oxuduqdan sonra bu qənaətə gəldim ki, həqiqətən ona qarşı aparılan kampaniya qərəzli və əsassızdır. Çünki Çingiz Abdullayev Azərbaycanı dünyada tanıtdıran ziyalılarımızın öndə olanlarındandır. Qarabağ müharibəsi dövründə Çingiz müəllimin göstərdiyi xidmətləri, Rusiya telekanallarında Qarabağ məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqedən yanaşanlara onun məntiqli cavablarının çəkisini, eyni zamanda vətənimiz, dövlətimiz, xalqımız və millətimiz üçün gördüyü böyük, saysız-hesabsız işləri saymaqla bitirmək olmaz. Bu da onun həqiqətən fenomen olmasından xəbər verir.
Çingiz Abdullayevin "Birinci Qarabağ müharibəsi" ifadəsini qəbul etməməsinə gəlincə, məncə, yazıçının vurğulamaq istədiyi odur ki, Qarabağ müharibəsinin birincisi, ikincisi olmayıb, torpaqlarımızın işğaldan azad olunması yolunda gedən döyüşlər ümumilikdə Vətən müharibəsidir. Və 90-cı illərdən bəri gedən müharibədə qanı tökülən şəhidlərimizi, qazilərimizi, qəhrəman döyüşçülərimizi fərqləndirmək, onların arasında ayrı-seçkilik salmaq lazım deyil. Görünür, kimlərsə Çingiz müəllmin dediklərini yanlış anlayıb, yaxud kimlərsə həqiqətən məsələyə qərəzli yanaşıb. Ola bilər ki, kimlərsə kimlərinsə birbaşa tapşırığını yerinə yetirir. Təbii ki, bu da düşmənin dəyirmanına su tökməkdir. Lakin biz – 10 minlərlə qazini, döyüşçünü, müharibə veteranını özündə birləşdirən "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyi olaraq bu gün Xalq yazıçısı Çingiz Abdullayevə qarşı aparılan çirkin kampaniyanı qınayır və onun yanında olduğumuzu bəyan edirik. Ümid edirik ki, bu işi görənlər tezliklə öz səhvlərini anlayacaqlar.
***
Qeyd edək ki, "Təzadlar"ın elektron poçtuna və qəzetin fb səhifəsinə bu məzmunlu oxsaylı rəylər daxil olmaqdadır. Hətta Ç.Abdullayevin çıxışını izləmiş şəhid ailələrinin üzvləri adından (101 imza) daxil olmuş müraciət vardır. Növbəti yazıda təqdim ediləcək.
E.ŞİRİNOV