Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülərək, göz və üz nahiyyəsi və göz qapaqlarında zədələrin alması sosial mediada xeyli hiddətə səbəb olub.
Tofiq Yaqublu mediaya bildirib ki, aksiyanın keçirildiyi Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanılıb.
“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada bandotdeldən (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra da sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra yenə də bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğnu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər,“ deyə Tofiq Yaqublu bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.
“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaq,” o qeyd edib.
Baş verənlər barədə hüquq müdafiəçisi, Vətəndaş hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bu barədə mediaya ətraflı açıqlama verib, fakta münasibətini açıqlayaraq bir sıra suallara cavab verib...
A.Məmmədli