Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 18-də parlamentdə çıxışı zamanı Azərbaycanla münasibətlərdən danışıb.
Hökumətin fəaliyyəti barədə illik hesabatı təqdim edən baş nazir deyib ki, ölkə 2022-ci ildə də xarici siyasət istiqamətində konkret addımlar atacaq. Bu addımlardan biri də qonşu dövlətlərlə münasibətlərdir: "Gələn il də Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olacaq. Bundan başqa, Türkiyə və Ermənistanla da əlaqələrin inkişafı diqqət mərkəzində olacaq".
Hökumət başçısı qeyd edib ki, Gürcüstan bölgədə mövcud potensialı maksimal olaraq istifadə edəcək və infrastruktur layihələri həyata keçirəcək. İ.Qaribaşvili 2021-ci ildə ölkənin xarici siyasətinin çox uğurlu olduğunu bildirib. “Bölgə ölkələrinə bir neçə uğurlu səfərlərim olub. Bu istiqamətdə əməkdaşlığı davam etdiririk. Region ölkələrinə səfərlər daha intensiv və ardıcıl olacaq”, – Qaribaşvili vurğulayıb.
A.Məmmədli