21-ci ilin Qars müqaviləsi: bu necə baş verdi?

Dr. Harun Yilmaz, Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü:

Bolşeviklər Azərbaycanı, Nəriman Nərimanovun rəhbərlik etdiyi yerli tərəfdarlarının razılığı əsasında 27 aprel, 1920-ci ildə işğal etmişdilər.

Bakıda Azərbaycan Sovet Sosialist Respublikası elan edilmiş və Bakı neftinin yeni rejimin nəzarətinə keçməsi təmin olunmuşdu.

Bu arada Müttəfiq Qüvvələr Osmanlı İmperiyasının bölüşdürülməsinə başlamışdılar. 23 aprel 1920-ci ildə Ankarada Türkiyə parlamenti Mustafa Kamalın rəhbərliyi altında milli ordunun yaradılması və Müttəfiqlərin müdaxiləsinə müqavimət göstərilməsi üçün toplanmışdı.

Mustafa Kamalın rəhbərlik etdiyi milli hərəkata ümumi düşmənə qarşı mübarizədə Sovetlərin dəstəyi lazım idi.

Bunun müqabilində bolşeviklər müstəmləkə idarəçiliyi altında olan müsəlman dünyasının britaniyalılara və fransızlara qarşı ayağa qaldırılmasında Türkiyənin potensial rolunu tanımışdılar.

Onlar həmçinin Türkiyənin simasında özlərinə dost münasibətdə olan bufer bir ölkənin olmasında və Qərb qüvvələrinin Sovet ölkəsinə Türkiyə ərazisindən müdaxiləsinin qarşısının alınmasında maraqlı idilər.

Qarabağ-Naxçıvan dəhlizi

Ankaradakı Türkiyə parlamenti fransızlara, erməni və yunanlara qarşı vuruşacaq milli ordunun təşkililə məşğul idi. Hökumətin hərbi və maliyyə dəstəyinə ciddi ehtiyacı var idi.

Bolşevik rəsmilərilə Türkiyə nümayəndələri arasında danışıqlar hələ 1920-ci ilin yayında başlanmışdı. Sovet tərəfi hərbi və maliyyə dəstəyi verməyə hazır idi, lakin müstəqil Ermənistan və Gürcüstan dövlətlərinin mövcudiyyəti belə bir əməkdaşlığı mümkünsüz edirdi.

Sovet rəsmiləri belə bir nəticəyə gəlmişdilər ki, Rusiya ilə Türkiyə arasında çox tez bir zamanda torpaq körpüsünün yaradılmasına ehtiyac var. 11-ci Qırmızı Ordu Ermənistanın nəzarətində olan Qarabağ-Naxçıvan dəhlizini işğal etməyə hazır idi.

İlkin Türkiyə-Sovet razılaşmasını əldə edən Mustafa Kamal general Kazım Karabekirə Ermənistana qarşı hücuma başlamaq və 1914-cü ilə aid sərhədi keçmək əmri verdi.

Bu həm də bütün dünyaya nümayiş etdirməli idi iki, Ankara avqustun əvvəllərində Müttəfiqlərlə Osmanlı nümayəndələri arasında imzalanmış Sevr müqaviləsini tanımır. Bu müqavilə ermənilərə böyük torpaq konsessiyası vəd edirdi.

Kazım Karabekir sentyabrın sonlarınadək mühüm sərhəd postlarını və Sarıqamışı tutdu və bundan sonra Qars istiqamətində hərəkət etdi. 1920-ci il, oktyabrın 30-da ermənilər arasında düşmüş qarışıqlıq və panika əsnasında Qars təslim oldu.

Noyabrın 6-da Türkiyə qoşunları Aleksandropolu (indiki Gümrü) tutdular. Eyni zamanda (noyabrın 28-də) yerli bolşeviklər Ermənistanda sovet hakimiyyəti elan etdilər və Qırmızı ordunun hissələri Ermənistana daxil olub Yerevan istiqamətində hərəkət etdilər.

Naxçıvan-Şərur

Daşnak hökumətinin son aktı 1920-ci il, dekabrın 2-də Aleksandropolda Ermənistan Respublikası ilə Ankara arasında müqaviləni (Aleksandropol müqaviləsi) imzalamaq oldu. Bu müqavilə heç vaxt qüvvəyə minməsə də, müqavilədə delimitasiya edilmiş sərhədlər 1921-ci il Moskva və Qars müqavilələrinin sərhədləri üçün çərçivə rolunu oynadı.

Ermənistan və Türkiyə arasında sərhədlərin delimitasiyası ilə yanaşı Türkiyə Naxçıvan-Şərur regionunun xüsusi statusunun müqavilədə təsbit olunmasında israrlı idi.

Müqavilənin ikinci maddəsinə görə Naxçıvan-Şaxtaxtı-Şərur regionunun idarə olunması məsələsi referendumla həll olunmalıydı və Ermənistan bu regionların idarə olunmasına müdaxilə edə bilməzdi. Burada Türkiyənin himayəsi altında regional idarəetmə qurulmalı idi.

Dekabrın 4-də Daşnak hökuməti Təbrizə köçdü və yerli bolşeviklər sovet hökuməti qurub iki gündən sonra 11-ci Qırmızı Ordunun Yerevana gəlişini salamladılar.

1921-ci ilin 12 fevralında Qırmızı Ordu rəsmən müharibə elan etmədən Cənubi Qafqazın son müstəqil ölkəsi olan Gürcüstanın ərazisinə daxil oldu.

Tbilisi fevralın 25-də süqut etdi və martın 18-də gürcülər təslim oldular. Qırmızı Ordunun ölkə içərisində irəlilədiyi bir vaxtda, martın 7-də Türkiyə qüvvələri Ardahanı tutdular və Artvin və Borçka üzərinə hərəkət etdilər. Burada Batumi uğrunda, bir növ yarış gedirdi və Tükiyənin avanqard qüvvələri ilə qısa atışmadan sonra ayın axırında Qırmızı Ordu şəhəri zəbt etdi.

Yeni Sövet-Türkiyə sərhədi iki sənədlə təsdiq olunmuşdu: Moskva (7 mart 1921-ci il) və Qars (13 oktyabr 1921-ci il) müqavilələri. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikici müqaviləni sovet respublikaları olan Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə nümayəndələri imzalamışdılar.

Batumi

Bu müqavilələrə görə bolşeviklər Qars, Ardahan və Artvinin Türkiyəyə qaytarılmasına razılıq verirdilər. O zaman razılıq əldə olunmuşdu ki, Batumi muxtar vilayət və azad liman olacaq. Sonunda sovetlər regionun xüsusi vəziyyətini tanıdılar və Acarıstan Muxtar Respublikasını elan etdilər.

Batuminin cənub sektoru Türkiyənin nəzarətində qalırdı. Türkiyə tərəfinə həmçinin Batumi regionunun itirilməsinə görə müəyyən kompensasiya verilirdi.

Tuzluca və 1828-ci ildən bəri Rusiyanın suverenliyi altında olan İğdır (Rusiya İmperiyasında Yerevan quberniyasının Sürməli qəzası) Türkiyəyə verilirdi. Beləliklə, Ağrıdağın əvəzində Araz çayı iki ölkə arasında sərhədə çevrilirdi.

Müqavilənin Azərbaycan üçün ən əhəmiyyətli nəticəsi Ermənistanla mübahisəli olan Naxçıvanının statusu idi. Bu regionda nəzərəçarpacaq müsəlman əhali vardı, lakin özünün qısa mövcudiyyəti zamanı bu ərazi çox vaxt Azərbaycan Respublikasının idarəetməsi xaricində qalmışdı.

Buna görə də Türkiyə bu regiona fasiləsiz dəstək verirdi. 1918-ci ildə Türkiyə qüvvələri regionu tərk etdikdən sonra da Araz Respublikası adlanan bu ərazinin yerli özünümüdafiə qüvvələrinə Türkiyənin üstüörtülü hərbi dəstəyi davam edirdi.

1920-ci ilin noyabrında regiona qayıdan Karabekir paşa Aleksandropolu tutdu və Daşnak nümayəndələri ilə danışıqlar apararaq Naxçıvan-Şərur regionunun xüsusi statusunu təmin etdi.

Türkiyə-Azərbaycan sərhədi

Növbəti il Ankara hökuməti ilə bolşeviklər 1921-ci il Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəldi. Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı.

Belə düşünülürdü ki, Zəngəzur rayonu da Türkiyə və Sovet Azərbaycanını birləşdirən torpaq zolağına daxil ediləcək.

Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar.

Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılırdı.

Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar.

Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu.

Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi.

Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi.

Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN