... 90-cı illərdə Ermənistanın Azərbaycanın daxilində-Qarabağda yaratdığı qondarma "DQR"ı kimi, indi də Rusiyanın Ukraynada Donetsk və Luqansk kimi iki separatçı qurumunun yaradılması təmin edilməkdədir...
Və ən maaraqlısı, Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb. Bu barədə "Təzadlar" "Ria Novosti"yə istinadən xəbər verir. Hansı ki, bundan az əvvəl Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb. Vladimir Putin fransalı həmkarı və Almaniya kansleri ilə telefon danışığında bildirib ki, o, yaxın vaxtlarda tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması haqqında fərmanı imzalamaq niyyətindədir. “Bütün bunları nəzərə alaraq, Rusiya Prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - Kremlin məlumatında deyilirdi.
Qeyd edilir ki, Fransa Prezidenti və Almaniya kansleri hadisələrin bu inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda Kreml əlavə edib ki, Makron və Şolts təmasları davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
***
Bu arada “Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin statusu ilə bağlı qərarından çox narahatam”, -deyən BMT Baş katibi Antoniu Quttereş özünün tviterdəki hesabında yazıb ki, “Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik”.
Bu gün isə BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş təcili iclas keçirəcək.
Ukrayna prezidenti Zelenski isə xalqa müraciət edib. O, Ukraynanın müdafiəsi üçün birliyin təmin edilməsini vacib sayıb, Ukraynanın ərazi bütövlüyü əvvəlki sərhədləri daxilində olacağına əminliyini bildirib.
A.Məmmədli