Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib.
Şahid Cəmil Musayev bildirib ki, 2003-cü ildən indiyədək İmişli RİH-də müxtəlif vəzifələrdə işləyir. O deyib ki, V.Hacıyev İmişli RİH-in başçısı işləyən zaman ora baş mühasib təyin olunub.
"Mənə verilən vəsaitləri adbaad qeyd edirdim. Pulların hamısını da Vilyam Hacıyevə təqdim edirdim. İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə 3 milyon manat vəsait ayrılmışdı. Lakin həmin pullar 3 aya yoxa çıxdı. Təkcə 342 min manat pulu Vilyam Hacıyevə aparıb, onun Şəkər zavodunun yanında yerləşən evində şəxsən özünə vermişəm. Eyni zamanda, vəzifə təyinatına görə pullar verilirdi. Mən də həmin pulları Vilyama təqdim edirdim. Məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatına görə 70 min manatı, rayonun Olimpiya İdman Kompleksinə rəhbər təyinatına görə 10 min manatı və s. pulları Vilyam Hacıyevə təqdim etmişəm”, - hazırda da İmişli İcra Hakimiyyətində baş mühasib işləyən Musayev belə deyib.
Şahid ifadəsinə davam edərək deyib ki, təkcə 2019-cu ildə rayon İcra Hakimiyyətində 4 milyon manatdan artıq pul toplanıb (rüşvət və korrupsiyadan) və həmin pulları da şəxsən Vilyam Hacıyevə verib.
“Bunlar şəxsən Vilyamın özünə çatan vəsaitlər idi, lakin qanuni olaraq rəsmiləşdirilmirdi. Burada mənim heç bir marağım olmayıb. Bunları bütün işimi itirməmək üçün edirdim", - o deyib.
V.Hacıyev isə şahidin dediklərini təsdiqləməyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, şahid C.Musayevin cinayət məsuliyyətə cəlb olunmasını tələb edib: "Bu şəxs vəsaitləri bir başa qəbul edən olub. Lakin hələ də İmişli Rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyir".
Vəsatət təmin edilməyib. Məhkəmənin növbəti iclası martın 5-nə təyin olunub. Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin mayında DTX tərəfindən həbs edilib. Onun evindən karton qutulara qablaşdırılmış milyonlarla dollar və avro tapılmışdı.