Bu gün Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına saat 11:00-da start verdi...
Amma sosial platforma üzərində narazıların sayı yüzlərlədir. Budur, sosial platforma istifadəçilərindən Bəxtiyar Firuzənin statusu: "...Ev almaq istəyən şəxslərin hardasa 90%-i proqramçılara müraciət etmişdi. Amma ala bilmədilər. Çünki 500 ev 4-5 saniyəyə satıldı. Onlayn formada bir insanın fiziki olaraq bunu bacarması mümkündürmü?
Keçən dəfə satış başlayan kimi guya ki, saytları çökdü. Açılanda bütün mənzillər satılmışdı. Evsizlər yenə evsiz qaldı. Evi olanların başqa bir evi də oldu.
İddia olunur ki, maklerlər bu işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. Belədirsə, deməli məsələnin korrupsiya, saxtakarlıq və s. tərəfləri də var. Hansıa makler bunu özyanından edə bilməz axı. Bu layihənin məqsədi nədi bəs? Evsizləri evlə təmin etmək, yoxsa kütləvi etiraz yaratmaq?
Ortada bu qədər anormallıq, şübhə, iddia varkən, niyə düz-əməlli araşdırma aparılmır? Onlayn yolla satış alınmırsa, niyə alternativ variant tapılmır?".
Bəli, MİDA rəhbərliyi məsələni ciddi araşdırmalıdır. Ortada makler dələduzluğu varsa, bu artıq cinayət işinin başlanması üçün yetərlidir. Həmin alıcıları təkrar filtrdən keçirib kimliyini yoxlamaq indiki internet və elektron hökumət müstəvisində nə çətin işdir?! Fakt təsdiqini taparsa, həmin maklerləri və araçıları ciddi cəzalandırmaq lazımdır. Əks halda, sosial mənzillərin bu sayaq satışı ciddi sosial narazılığa yol açacaq...
A.Məmmədli