Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimlərinin (dəfn, 3, 7, cümə axşamları, 40 və s.) keçirilməsinə də icazə verilməsi barədə qərar qəbul edib-ən vacibi, rəhmətlik təmiz bulaq suyu ilə yuyulub İran ağına bükülməli, ətrafında virusu öldürmək üçün üzərlik yandırılmalıdır...
Əlbəttə, bu, gözlənilən idi. Atalar nahaq yerə deməyib ki, Xeyirlə Şər qardaşdır. Neçə vaxtdır toy həsrətilə alışıb yanan gənclər, nəhayət, arzularına çatdılar. Yəni Operativ Qərargah bir neçə gün öncə toyların keçirilməsinə icazə verən qərar qəbul etdi. Düzdür, bu qərarda toyların keçirilməsi üçün xeyli çətin şərtlər qoyulub. Amma neyləmək olar, necə deyərlər, buna da şükür.
***
Bu toy qərarından sonra hamını bir sual düşündürürdü: - Görəsən, belə bir qərar yas mərasimlərinin keçirilməsi üçün də verilə bilərmi? Xalqın arzusunu nəzərə alan Operativ Qərargah, nəhayət, yas mərasimlərinin keçirilməsinə icazə verməsi haqqında qərar qəbul etdi. Bu qərarda da müəyyən məhdudiyyətlər olmasına baxmayaraq, hər halda, dünyasını dəyişənlərin hörmətlə yola salınmasına şərait yaradır. Gəlin əvvəlcə Operativ Qərargahın yas mərasimlərinin keçirilməsi haqqında verdiyi qərarı olduğu kimi təqdim edək, sonra onun kəm-kəsirlərindən danışarıq.
Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla yas mərasimlərinin (dəfn, 3, 7, cümə axşamları, 40 və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib:
50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan yas mərasimlərinə münasibətdə:
- yaşı 18-dən yuxarı olan bütün şəxslərin yasda iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq imunitetə malik olması barədə təsdiqləyici sənəd (bundan sonra COVID-19 pasportu) olduğu halda icazə verilir və yas mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir.
Əgər səbəbkar, yəni rəhmətlik koronavirusdan vəfat edibsə, yasa gələnlərlə meyit arasında 1,5-2 metr ara məsafə saxlanılmalıdır və rəhmətliyin qoruyucu vasitələrdən, əlcək, maskadan istifadə etməsi mütləqdir. Bu prosesə cavabdehliyi yas mərasiminin sahibi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi olan molla daşıyır.
- yas mərasimi keçirilən məkan və ya müəssisənin sahibi tərəfindən (QMİ sədri Şeyx Allahşükür Paşazadə) həmin mərasim zalları, onlaırn tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilən işçilər də daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az [1] ) daxil edilməlidir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcəkdir. Rəhmətliyin dünyasını dəyişənə qədər işlətdiyi mobil telefonun nömrəsi QMİ-yə və portala təqdim edilməlidir.
- keçiriləcək yas tədbirlərinin tarixinə ən azı 5 gün qalmış, yəni şəxsin artıq o dünyalıq olacağına QMİ-nin rəsmisi qərar qəbul edib, fatihəsini verəndən sonra mərasimin keçirilmə tarixi, başlanma və bitmə vaxtı (saat 17:00-dan gec olmamaq şərti ilə) qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən yas mərasimlərinin keçirilməsi qadağandır və ölünün dəfn edilməsinə icazə verilməyəcək. Gələn qonaqlar isə cərimə olunacaqlar.
- yas mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı yas və məkan sahibi arasında iltizamnamə imzalanmalıdır. İltizamnaməyə görə, yas sahibi ölünü özbaşına qoymamağa, gələn qonaqların ölənlə ünsiyyətinə və vidalaşmasına, qadınların şaxsey-vaxsey kimi ağlaşmasına, məkan sahibi isə gələn qonaqların sayına və həmçinin karantin qaydalarına əməl etməsinə nəzarət etməlidirlər. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və yas sahibi cavabdehlik daşıyırlar.
- sanitar-epidemioloji tələblərə riayət olunması məqsədi ilə, yəni ölünün təmiz su ilə yuyulub, ətirlənib, kəfənlənməsi üçün yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq yas mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaqdır(rəhmətlik mütləq təmiz bulaq susyu ilə yuyulmalıdır);
50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan yas mərasimlərinin “Yas keçirilən ictimai müəssisələrdə koronavirus infeksiyasından (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də [2] müyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istiafədə tələbi saxlanılmaqla) və həmin yas mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur. Gələn qonaqların yaxasında rəhmətliyin şəklinin olması kifayətdir.
150 nəfərdən artıq iştirakçısı olan yas mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.
- yas mərasimləri keçirilən obyektlərin monitorinqləri ilə yanaşı 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə olunan yas mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Yoxlama zamanı müəyyən edilməlidir ki, yasa gələn qonaqlar ölünü bir kənara qoyub ölkədə baş verən siyasi, iqtisadi və kriminal hadisələrdən söhbət etmirlər ki... QMİ-nin göndərdiyi molla fatihənin axırında “Əliyəm vəliyullahi” deyərək Qurandan kənara çıxırmı?
Monitorinq qrupları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və QMİ-nin nümayəndələrindən ibarət tərkibdə təşkil olunacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərini, həmçinin ölülərin sərbəst dəfn olunması qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, ölünü üzü qibləyə tutmaq üçün kompasdan istifadə edən QMİ-nin rəsmisi olan molla, yaxud axund 3000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər isə 5000 manatdan 10.000 manatadək məbləğdə cərimə olunur. Hüquqi şəxslər tərəfindən pozulma halı təkrar baş verdiyi təqdirdə yas mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericilikdə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər. Belə qərar qəbul edilərsə, onda yas mərasimləri keçirilən məkanlarda 3, 7, 40, «İl» mərasimlərinin keçirilməsi, ölünün ruhuna dualar oxunması tamamilə dayandırılacaqdır.
***
Operativ Qərargahın qəbul etdiyi bu qərardan da görünür ki, toya icazə verilən qərar kimi, bu qərar da başdan-ayağa qüsurludur. Yas mərasimlərinin keçirilməsinə icazə verilməsi haqqında qəbul edilən bu qərarda xalqımızın adət-ənənəsi, mentaliteti qətiyyən nəzərə alınmayıb. Elə bil Operativ Qərargahda təmsil olunan şəxslər öz xalqımızın nümayəndələri deyillər. Harada görünüb belə şey ki, karantin qaydasını pozmağa görə ölünün dəfninə icazə verilməyəcək? Bəs bu ölü onda harada saxlanılacaq? Bunun üçün müvafiq soyuducu varmı ki, meyit bu istidə xarab olub, iylənməsin. Tutaq ki, ölünün yaşı 65-dən yuxarıdır, onda Operativ Qərargah zəhmət çəkib ölünün hər keçən günü üçün onun pensiyasını yazdırsın ki, yasın bir anbar xərci var.
Qərarda qeyd edilir ki, tədbirin tarixinə 5 gün qalmış, mərasimin başlanma və bitmə tarixi, qonaq sayı barədə portala məlumat daxil edilməlidir. Adama deyərlər, nə bilirsən ki, adam 5 gündən sonra öləcək. Lap tutaq ki, xəstə koronadan əziyyət çəkir. Necə deyərlər, üzü o tərəfədir. Amma bu adam 5 günə yox, 10 günə öldü. Ona neyləyək? Gələn qonaqların adını portala necə salaq? Bütün bunlar Operativ Qərargahın mentalitetdən uzaq üzvlərinin düşünülməmiş addımıdır və xalqın adət-ənənəsinə vurulan zərbədir. Bu qərarın yaratdığı baryerləri görən adam, Əzrailin əlindən sivişib qaçmaq fikrinə düşür və heç ölmək istəmir.
İnanırıq ki, tezliklə bu qərar yenidən işlənəcək və yas mərasimlərinin normal keçirilməsi təmin olunacaq. Həmçinin, ölünün mənafeyi nəzərə alınıb ruhunun incidilməsinə son qoyulacaq. S.Vurğun demiş: “Allah sizə rəhmət eləsin, ölülər!” Operativ Qərargahın üzvləri bu rəhməti özlərinə götürməsinlər. Düzdür, ölüyə də rəhmət var, diriyə də. Amma burada söhbət faktiki ölülərdən gedir, diriykən ölülərdən yox!

Operativ Qərargahın yas mərasimlərinə icazə verilməsi haqqında qərarını şərh etdi:

Elçin MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN