...Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin “Qarabağın təhlükəsizliyi” ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını, bölgəni öz asılılığında saxlamaq üçün ənənəvi oyunlarını davam etdirəcəyini bir daha sübuta yetirdi və təsdiqlədi ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Rusiyaya güvənməməkdə tamamilə haqlıdır. Rusiya “münaqişə” barmağını Ermənistan-Azərbaycan münasibətlərindən çəkmək istəmir və əlindən gələni edir ki, rəsmi Bakı ilə İrəvan arasında birbaşa dialoq baş tutmasın, hər iki ölkə Kremlin “vasitəçilik lütfü”ndən asılı vəziyyətdə qalsın. Şübhə etmirəm ki, əgər günlərin birində Azərbaycanla Ermənistan istisnasız olaraq bütün məsələlərdə razılaşsalar, sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etsələr də, Rusiya razılaşmanı pozmaq üçün mütləq bir təxribat törədəcək. Necə ki 1999-cu ildə Ermənistan parlamentində baş verən gülləbaranı səhnələşdirməklə əldə olunan bütün razılaşmaları “0” nöqtəsinə qaytarılmasına və hətta prosesin geriyə atılmasına nail oldu.
Şübhəsiz ki, 1999-cu ildə Ermənistan parlamentində “səhnələşdirilən” terror aksiyasının arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını sübuta yetirmək mümkün deyil. Həmin hadisədən istifadə edib hakimiyyətlərini möhkəmləndirən hərbi cinayətkar xuntanın rəhbərləri və MKİ-DTK tör-töküntüləri, onların bu siyasi terror aksiyasında iştiraklarını sübuta yetirən faktları çoxdan məhv ediblər və klassik erməni ənənəsinə uyğun olaraq saxta dəlillərdən “reallıq” düzəldiblər.
Rusiya yenə də öz ampluasındadır və “nə yardan doyur, nə əldən qoyur”.
Moskvanın “ədalət” standartları heç bir ölçüyə uyğun gəlmir. Qərbi haqlı olaraq ikili standartlarda suçlayır, amma öz standartlarının sayı-hesabı bilinmir. Kremlin siyasətinin qeyri-müəyyənlik elementlərinin sayı o qədər çoxdur ki, onların hansı maraqlar və iddialar üzərindən ortaya atıldığını təxmin etmək mümkün deyil.
10 noyabr bəyanatından dərhal sonra Rusiya prezidenti beynəlxalq birliyin artıq mövcud olmayan “Dağlıq Qarabağın”, hazırda isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan torpaqlarımızın Azərbaycan Respublikasının ərazisi kimi tanındığını bəyan edirdi, yəni həqiqəti dilə gətirirdi.
 Bu yanaşma Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik müqaviləsində də əks olunub və hətta rəsmi Moskva ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan amillərlə bağlı prinsipial mövqe sərgiləyəcəyinə dair öhdəlik götürüb. İndisə Ermənistan parlamentindəki çıxışında Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini bəyan edən Nikol Paşinyanla “Qarabağın təhlükəsizliyi”ndən danışır. Cənab Putin, Azərbaycanın iqtisadi rayonlarının birinin təhlükəsizliyindən sizə və məğlub Ermənistanın baş nazirinə nə var? Sizin hansı sözünüzə inananaq, hansı əməlinizə etimad göstərək?
Rusiyanın indiki siyasətinin təməlində qonşularına sülh, təhlükəsizlik, rifah gətirmək niyyəti dayanmır. Siz postsovet məkanındakı müstəqil dövlətləri və vu dövlətlərin xalqlarını dünyanın inkişaf tempindən illərlə geridə buraxdığınız Rusiyadan və rus xalqından daha rəzil duruma salmaqla öz vətəndaşlarınızın gözündə böyük və güclü görünmək istəyirsiniz. Vəssalam! Sizin ABŞ-la, Avropa İttifaqı ilə dərdiniz-filanınız yoxdur, zatən.
 Əgər olsaydı, bugünədək yürütdüyünüz siyasətlə onlara ziyan verərdiniz. Rusiyanın dərdi-azarı neoimperialist xəyallarının sərhədləri çərçivəsində gördüyü xalqlarla və onların qurduqları dövlətlərlədir!
P.S. Mən kütləvi psixoz həddinə çatmış neoimperialist iddiaların başına götürdüyü bir cəmiyyətin qısa bir zaman çərçivəsində dəyişəcəyinə, sivil inkişaf yolu seçəcəyinə, postsovet məkanına “Rusiyanın arxa bağçası” kimi baxmaqdan əl çəkəcəyinə inanmıram. Təəssüf ki, bunun əksini düşünməyə iynə ucu boyda ümid də yoxdur. Reallıq ondan ibarətdir ki, biz hələ uzun illər müstəqilliyimizi hər cür təhlükədən qorunmaq üçün bir millət və dövlət olaraq mücadilə aparacağıq. Bu səbəbdən də bir an belə tərəddüd etmədən hədəflərimizə doğru inamla addımlamalı, daha güclü və daha həmrəy olmalıyıq. Qarşımıza duran bütün problemlərin həlli içimizdəki Vətən sevgisində və bu sevginin özünü əməldə büruzə verməsindədir!
Elçin MİRZƏBƏYLİ,
POLİTOLOQ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN