İndiyədək, daha doğrusu, 30 il ərzində Ermənistanın işğal əziyyətlərini çəkib yurdundan didərgin düşmüş məcburi köçkün müəllimlər Böyük qayıdış başlayanda onların iş fəaliyyəti necə olacaq?
Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib. Sitat: “İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir. Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir. Hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər. Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var. Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var”.
Bəli, Böyük qayıdış təkcə yeni iş yerləri deyil, həm də böyük siyasi-hərbi məna daşıyır. Çünki şəhid qanı ilə alınmış torpaqları o ruhların əbədiyaşarlığı üçün dirçəldilməsi vacibdir. Düşmən də bilməlidir ki, biz o yurdların əsl sahibləriyik, əkib-becərəni, yaşadanıyıq.
A.Məmmədli