Şirkətin bir qrup işçisi Prezidentə şikayət etdi…

"Təzadlar" həmin müraciəti olduğu kimi təqdim edir:

«Salam, Mirvari xanım. Mən, Səmədov Şaiq Cilovxan oğlu, "Qarasu Əməliyyat Şirkəti"nin (QƏŞ) keçmiş işçisiyəm. SOCAR rəhbərliyinə 21.02.22 tarixində yazdığımız şikayət məktubunu bəzi kiçik əlavələrlə sizə göndərirəm. Bu məktubda bir çox məsələlər qeyd olunub, amma əlbəttə ki, bütün məslələri bir məktubda yazmaq mümkün deyil. Əgər bizim SOCAR rəhbərliyi ilə görüşümüzə köməklik edə bilsəniz hər şeyi ətraflı danışarıq, ələlxüsus da "QƏŞ"in rəhbəri Vladimir Oleqoviç Davlyatovun azərbaycanlı mütəxəssislərə qarşı etdiyi haqsızlıqlar barədə. Onu da qeyd edim ki, V.O.Davlyatovdan əvvəllər də "QƏŞ"də işləyən Qarabağ müharibəsinin veteranları və sıravi işçilər tərəfindən rəhbərliyin qanunsuz hərəkətləri barədə kollektiv şəkildə şikayət ərizələri olub (78nəfər, 36 nəfər və s.). Bu məktublar baxılmaq üçün SOCAR-dan barəsində şikayət etdiyimiz V.O.Davlyatovun özünə göndərilib. V.O Davlyatov isə bu işçilərdən istədiyi kimi qisas alıb. Həmin məktublardan da əldə etsəm Sizə göndərəcəm. Göstərəcəyiniz köməkliyə görə əvvəlcədən təşəkkür edirik. Bu dəfə isə SOCAR-dan şikayətlərimizə cavab verilmədiyindən məcbur olub Prezident cənab İlham Əliyevə müraciət etməli olduq. Aşağıda təqdim edirəm. Hörmətlə: "QƏŞ"in keçmiş işçisi (Tikinti-Quraşdırma Sexinin rəisi) Şaiq Səmədov».

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Cənab Prezident! Biz Şirvan Şəhəri, “Qarasu Əməliyyat Şirkəti”ndə (“Karasu Operating Company”) uzun illər işləmiş və haqsızlığa məruz qalmış bir qrup işçilər Sizə müraciət etməli olduq. Bildiririk ki, uzun illər “Qarasu Əməliyyat Şirkəti” (QƏŞ)də işləmişik və öz zəhmətimiz və işgüzarlığımız hesabına pillə-pillə irəliləyərək müəyyən vəzifələri tutmuşuq. “Qarasu Əməliyyat Şirkəti”ndə işlədiyimiz uzun müddət ərzində bir-birini əvəz edən bir neçə rəhbərlə işləmişik. Bu rəhbərlər bizim işimizdən tamamilə razı olublar, bizi bir mütəxəssis kimi, nizam-intizamlı işçi kimi dəyərləndiriblər və etimad göstəriblər. Biz də bu etimadı layiqincə doğrultmuşuq. Lakin sonuncu rəhbər Vladimir Oleqoviç Davlyatov “QƏŞ”-ə rəhbər təyin olunandan sonra vəziyyət 1800 dəyişdi. Belə ki, V.O Davlyatov heç cür anlaşılmayan addımlar atmağa başladı. Mütəxəssislərə münasibət tamamilə dəyişdi və onlar bir-birinin ardınca ləkələnərək işdən azad edilməyə başlandı. Biz bilirik ki, Siz ölkə başçısı kimi xarici şirkətlərlə müqavilə bağlananda bu şirkətlərin qarşısında əsas vəzifələrdən biri kimi iş yerlərinin artırılması vəzifəsini qoymusunuz və bu şirkətlərdə daha çox Azərbaycan vətəndaşlarının işləməsi üçün şərait yaradılması tapşırığını vermisiniz. V.O.Davlyatov isə “QƏŞ”-də rəhbərlik etdiyi vaxt ərzində (2017-ci ildən) 200-ə yaxın  işçini müxtəlif bəhanələrlə işdən azad etmişdir. Bu proses 2020-ci ildə pandemiya vaxtı daha da sürətlənmiş, onlardan 8 nəfərini bir-birinin ardınca 20-30 il təcrübəsi olan və şirkət yaranandan daima yaxşı işinə görə irəli çəkilən ali təhsilli mütəxəssisləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə ləkələyərək işdən azad etmiş və onların karyerasını qərəzli şəkildə məhv etmişdir. Bu işçilərin birinin, ya da ikisinin günahı ola bilər, heç bir məntiqə sığmır ki, uzun illər “QƏŞ” də işləyən yaxşı mütəxəssis və nizam-intizamlı işçi kimi tanınan bu rəhbər işçilər birdən-birə yararsız işçiyə çevrilsinlər.

Bilirik ki, əgər ali savadlı işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilirsə, bu o işçinin karyerasının bitməsi deməkdir. Yəni, bu işçinin başqa yerdə iş tapma şansı sıfıra bərabərdir. Rusiyalı mütəxəssislərə qarşı isə münasibət tamamilə fərqlidir. Eyni məsələyə görə azərbaycanlı mütəxəssislərin məsuliyyətini şişirdərək 5 nəfər ali təhsilli, 20-30 il neft sahəsində çalışan və təcrübəli mütəxəssisləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edərək karyerasını məhv edən V.O.Davlyatov eyni bəhanədə birbaşa məsuliyyət daşıyan rusiyalı işçinin isə vəzifəsini artıraraq “ŞİRVAN OİL” şirkətinə istehsalat üzrə vitse-prezidenti təyin etmişdir (o həm də “ŞİRVAN OİL”- ın rəhbəridir).

 Pandemiyanın tüğyan etdiyi bir vaxtda karantin rejiminin tələblərinə uyğun olaraq bütün müəssisələrdə işçilərin sayı 2 dəfə və daha çox azaldıldığı bir vaxtda V.O.Davlyatov karantin rejiminin tələblərini kobud surətdə pozaraq illərlə növbəli iş rejimində işləyən bir kollektivi heç bir lüzum olmadan növbəsiz iş rejiminə keçirmiş, yəni 2 növbəni birləşdirərək iş yerində işçilərin sayını 2 dəfə artırmış və Covid-19 virusunun yayılmasına şərait yaratmışdır. O isə həyatlarının təhlükədə olduğunu görən və buna etiraz edərək növbəli iş rejiminə keçirilmələrini tələb edən işçiləri karantin rejiminin tələblərini pozmaqda günahlandıraraq  şiddətli töhmət vermiş, 1 sex rəisinə- Səmədov Şaiqə isə böhtan ataraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç“ bəndinə əsasən işdən azad etmişdir. Nəticədə xəstəlik yayılmış, 1-i şiddətli töhmət alan və şirkətin 1 nömrəli qaynaqçısı olan Xanlarov Ümidvar olmaqla 2 nəfər koronavirusdan vəfat etmişdir. Özü gün ərzində 2-3 saat işdə olmayan V.O. Davlyatov davamiyyət jurnalına işdə ola-ola 16 30 – da qol çəkdiyinə görə növbəti qondarma töhməti verərək 30 il neft sahəsində çalışan və həmişə 8 saat əvəzinə 10-12 saat işləyən ali savadlı neft mütəxəssisi Aqil Məlikovu  Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç“ bəndinə əsasən işdən azad etmişdir.

  Cənab Prezident! Öz əmək haqqısını günü-gündən artıraraq fantastik məbləğ olaraq 50.000 (əlli min) AZN-dən yuxarı edən V.O. Davlyatov əmək şəraitinin dəyişdirilməsi adı altında yerli mütəxəsslərin maaşını günü-gündən azaldır (10-50 %). Etiraz edəni isə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən işdən qovulacağı ilə hədələyir.

   İşçiləri ixtisar etmək üçün və buna qanuni don geyindirmək üçün o, 01.08.2019-cu ildə yeni qazma şirkəti – “Şirvan Driling” şirkəti yaradılmasına nail olmuş və V.O. Davlyatovun göstərişi ilə 20-30 il “Qarasu Əməliyyat şirkəti”ndə və “ŞİRVAN OİL” şirkəti”ndə işləyən  “Quyuların Yeraltı və Əsaslı Təmiri (QYƏT)” sexinin  bütün işçiləri, digər sexlərdən isə bəzi işçilər məcburi (öz xahişi ilə keçmək üçün məcburi ərizə yazdırılmışdır) bu şirkətə keçirilmişdir Və ən maraqlısı, cəmi 8 aydan sonra- 01.05.2020-ci ildə «Şirvan Driling” şirkəti bağlanmışdır. İşçilər nə qədər təkid etsələr də  V.O. Davlyatov onları geri qaytarmaqdan imtina emişdir. İndi həmin işçilərin böyük bir hissəsi (200 nəfərə yaxn) çox pis vəziyyətdə işsiz qalıblar.

   2008-ci ildə kanadalılardan alınan və Azərbaycandakı quruda olan şərkətlər arasında ən yaxşı şirkət sayılan “QƏŞ” bu gün V.O. Davlyatovun dırnaqarası xidmətləri sayəsində Azərbaycanın ən qalmaqallı və problemli şirkətinə çevrilmişdir. Maddi- texniki baza bərbad hala salınıb. Texnikaların və avtomobillərin 90% -i qəzalı vəziyətdədir. Ona görədə son aylarda bir- birinin ardınca 3 ədəd iri həcmli xüsusi texnika və qaldırıcılar hərəkətdə olarkən yanaraq yararsz vəziyyətə düşmüdür. Şirkətə isə küllü miqdarda ziyan dəymişdir. “Ehtiyat hissəsi almağa pul yoxdur” deyən və işçilərin həyatını təhlükəyə ataraq istismar vaxtı keçmiş qəzalı vəziyyətdə olan avtomobillərə doldurub dağ relyefi olan Mişovdağ sahəsinə göndərən V.O. Davlyatov bir dəfə də olsun nə texnikaların və avtomobillərin vəziyyəti ilə, nə də işçilərin əmək şəraiti ilə maraqlanmayıb, onu ancaq öz cibi və lyuks şəraiti maraqlandırır, şirkət hesabına aylıq kirayəsi 5000 AZN-dən yuxarı olan avtomobildə gəzir. Eləcə də  dəniz kənarında aylıq kirayə haqqı 10 000(on min) AZN olan villa kirayə götürüb və s. Ləkələyərək işdən çıxartdığı mütəxəssislərin talehi isə ümumiyyətlə, bu insanın vecinə deyil.

 

 «Biz uzun illər əziyyətlə ali təhsil alaraq, istehsalatda çalışaraq mütəxəssis olmamışıq ki, V.O. Davlyatov Rusiyadan gəlsin və qərəzli şəkildə bir dəqiqənin içində bütün əziyyətimizin üstündən xətt çəksin…»

  Cənab Prezident! V.O Davlyatov QƏŞ-ə rəhbər təyin olunanda, QƏŞ-də neftin hasilatı 300 tona yaxın olub. Hasilatın aşağı olmasını əsas gətirərək, V.O Davlyatov hasilat üzrə meneceri, çox təcrübəli və savadlı mütəxəssis Əhməd Kələşovu işdən azad etmişdir (təzyiqlər göstərərək öz xahişi ilə işdən azad olunması üçün ərizə yazmağa məcbur etmişdir). Halbuki, Əhməd Kələşov işdən azad edilən vaxt QƏŞ-də heç bir təzə quyu qazmadan, köhnə quyuların hesabına gündəlik 300 tona yaxın neft hasil edilirdi. Əhməd Kələşovu işdən azad etdikdən sonra V.O Davlyatov milyonlarla dollar xərcləyərək 50-yə yaxın təzə quyu qazmasına baxmayaraq, bu gün QƏŞ-də neftin hasilatı 230 tona enib.

 Öz ərizəsi ilə işdən çıxmağa məcbur edə bilmədiyi 18 il təcrübəsi olan mütəxəssis və bu 18 ildə bir dəfə də töhmət almayan Nofəl Ismayılova 1 gündə, 1-inə 10.08.2021, digərinə 13.08.2021 tarixi yazaraq 2 töhmət və bir bildiriş verərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə  əsasən işdən azad etmişdir.

  Onu da qeyd edək ki, mütəxəssislərin ləkələnərək sıradan çıxarılması kimi çirkin işlər və bir çox qanunsuz işlər Kadrlar Şöbəsinin rəisi Fərid Əliyevin əli ilə həyata keçirilir. Beləcə, V.O. Davlyatov dövlətin vəsait xərcləyərək uzun illərlə yetişdirdiyi və balaca bir şəhərdə- Şirvanda  sayı o qədər də çox olmayan neft mütəxəssislərinin əmək kitabçasına qərəzli şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndini vuraraq onların karyerasını məhv etmişdir. Biz uzun illər əziyyətlə ali təhsil alaraq, istehsalatda çalışaraq mütəxəssis olmamışıq ki, V.O. Davlyatov Rusiyadan gəlsin və qərəzli şəkildə bir dəqiqənin içində bütün əziyyətimizin üstündən xətt çəksin. Bu haqsızlığın əcnəbi vətəndaş tərəfindən edilməsi bizi daha da çox hiddətləndirir və bizim bu haqq işimizdəki mübarizəmizdə bir addım da geri atmamağa məcbur edir. Bizim öz Vətənimizdə işləmək, əmək haqqı alaraq öz ailəmizi dolandırmaq haqqımız var. Heç kimə, ələlxüsus da əcnəbi vətəndaşa icazə verilməyib ki, qərəzli şəkildə, bizə böhtan ataraq bu hüququ bizim əlimizdən alsın. Əlbəttə ki, biz bu məsələdə zəif tərəfik. V.O. Davlyatov isə güclü tərəfdir, çünki onun çoxlu pulu, vəzifəli şəxs kimi böyük imkanları və SOCAR-da müdafiəçiləri var və o, öz imkanlarından və pulundan istifadə edərək haqqı boğa bilir.

 «Şirkətdə Kadrlar Şöbəsinin rəisi Fərid Əliyev başda olmaqla 2-3 nəfər var ki, bu adamlar istənilən adama istənilən böhtanı atıb aktlaşdıra, istənilən adam haqqında donos yaza bilirlər…»

 İşdən azad edilən işçilərin bir neçəsi məhkəmələrə müraciət etmiş və qalib gəlmişlər. Lakin V.O. Davlyatov yenə də qanunsuz əməllərini işə salaraq növbəti instansiyalarda məhkəmələrə müxtəlif yollarla təsir göstərərək qərarları öz xeyrinə dəyişdirə bilmişdir. Bunu deməyə əsasımiz var, çünki məhkəmələr heç bir fakta və şahid ifadələrinə məhəl qoymur, böhtan əsaslı sənədlərə əsaslanaraq qərarlar qəbul edirlər. V.O. Davlyatovun əlində belə sənədləri təşkil emək su içmək kimi bir şeydir. Şirkətdə Kadrlar Şöbəsinin rəisi Fərid Əliyev başda olmaqla 2-3 nəfər var ki, bu adamlar istənilən adama istənilən böhtanı atıb aktlaşdıra, istənilən adam haqqında donos yaza bilirlər.

  İşlərini itirənlər hamısı ailə başçılarıdır. Ailə başçısının isə işini itirməsi bu ailənin çox böyük maddi və mənəvi problemlərlə üz-üzə qalması deməkdir. Əlbəttə ki, işsizlərin sayınin artması Respublikadakı problemləri artırır. Belə şeylər isə fantastik maaş alan və Azərbaycanda hər bir şey ilə yüksək səviyyədə təmin olunaraq çox gözəl həyat keçirən xarici vətəndaş Vladimir Oleqoviç Davlyatovu qətiyyən maraqlandırmır.

Hörmətli cənab Prezident!

V.O. Davlyatovun qanunsuz əməllərini saymaqla bitməz və onu 1-2 məktuba sığışdırmaq  mümkün deyildir. Heç bir yerli məmur bu qədər özbaşınalıq etmir. V.O. Davlyatovdan ayrı-ayrı işçilər tərəfindən və ya kollektiv şəkildə çoxsaylı şikayətlər olunub (QƏŞ-də işləyən 36 nəfər Qarabağ müharibəsi veteranları tərəfindən, QƏŞ-də işləyən 78 nəfər Qarabağ müharibəsi veteranı və sıravi işçiləri tərəfindən, QƏŞ- in və “ŞİRVAN OİL”şirkətinin- ın V.O. Davlyatov tərəfindən aldadılaraq işlərini itirən 200-dən yuxarı ,,Quyuların Əsaslı və Yeraltı Təmiri,, sexlərinin işçiləri və s.). Amma bu adam yenə də qanunsuz əməllərini çox sərbəst şəkildə davam etdirir. Yəni, nəticə çıxartmaq əvəzinə şikayət edən isçiərin adları qara siyahıya salınır, onlara olmazın təzyiqləri olunur, vəzifələri aşağı salınır, maaşları kəsilir və s. Çünki SOCAR-a yazdığımız bütün bu şikayət məktubları ,,Vətəndaşların müraciətlərinə baxılması haqqında» Qanuna zidd olaraq baxılmaq üçün V.O. Davlyatovun özünə göndərilir. V.O. Davlyatovun tabe olduğu “GLOBAL ENERGY AZERBAYCAN LTD” sirkətinin rəhbərliyi tərəfindən də hələ bu adam haqqında heç bir tədbir görülməyib. Biz xahiş edirik ki, V.O. Davlyatovun qanunsuz əməlləri ciddi şəkildə araşdırılsın. Növbəti qurbanların qarşısı alınsın. Əlbəttə ki, o bu məktuba özü bildiyi kimi cavab verərək özünə haqq qazandıracaq. Amma biz xahiş edirik ki, biz də, V.O. Davlyatov da ARDNŞ-ə dəvət olunaq və bizim şikayətlərimiz rəhbərlik tərəfindən dinlənilsin. V.O. Davlyatov Azərbaycan vətəndaşlarına qarşı etdiyi bu qanunsuzluqları əsaslandırsın.

 Hörmətlə:

“Qarasu Əməliyyat Şirkəti”ndə işləmiş, əsassız olaraqş işdən çıxarılmış mütəxəssislər:

  1. Səmədov Şaiq - Tikinti - Quraşdırma Sexinin rəisi.
  2. İsmayılov Nofəl - Quyuların Əsaslı Təmiri üzrə menecer.
  3. Məlikov Aqil - Hasilat üzrə sex rəisinin müavini.
  4. Əhmədov Qüdrət - mühəndis.
  5. Kələşov Əhməd - Hasilat üzrə menecer və başqaları.

Redaksiyadan: İnanırıq ki, yuxarıda qeyd edilənlər aidiyyəti üzrə ciddi şəkildə araşdırılacaq və qanuni tədbirlər görüləcək.

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN