İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda müxtəlif müəssisələr, obyektlər, torpaq sahələri, nəqliyyat vasitələri və s. satışa çıxarılır.
Xatırladaq ki, həmin hərraclarda əldə edilən vəsaitlər üzrə dövlət büdcəsinə ödənişlər edilir.
Nazirliyin saytında aprel ayında 5 hərrac keçiriləcəyi nəzərdə tutulsa da 4 hərrac keçirilib. Aprelin 5-i, 7-si, 19-u və 21-də hərraclar keçirilib, 26 apreldə nəzərdə tutulan hərrac barədə isə məlumat verilmir. Aprelin 19-da təşkil olunacaq hərracda 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, 21 və 26 aprel tarixində keçiriləcək hərraclara isə müvafiq olaraq 32 və 23 nəqliyyat vasitəsi satışa çıxarılacaqdı.
Qeyd olunan tarixlərdə keçiriləcək hərraclarda ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulurdu.
Qeyd edək ki, aprelin 21-də keçirilən hərracda cəmi 20 nəqliyyat vasitəsi özəlləşdirilib və həmin satılmış nəqliyyat vasitələri üzrə 112.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsinin nəzərdə tutulduğu qeyd edilir.
Aprelin 19-da keçirilən hərracda isə 15 dövlət əmlakı özəlləşdirilib ki, bu hərracda da satılmış dövlət əmlakları üzrə 251.200 manat vəsaitin dövlət büdcəsinə ödənilməsinin nəzərdə tutulduğu bildirilib.
Həmçinin 5 və 7 aprel tarixli hərraclarda ümumilikdə 18 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.
Həmin hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Təkliflərin çoxluğu prosesi rəqabətli edib. İlkin start qiyməti 2.000 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3.840 manata özəlləşdirilib. Buraxılış tarixi 2008-ci il olan “ VAZ-21041 ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 4.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5.650 manata yüksəlib.
Qeyd edək ki, 18 nəqliyyat vasitəsindən ümumilikdə nə qədər vəsait əldə edildiyi və dövlət büdcəsinə ödənildiyi barədə məlumat verilməyib.
Beləliklə, aprel ayında dövlət büdcəsinə ümumilikdə 363 min 200 manat vəsait ödənilib.
Y.MƏMMƏDLİ