ABŞ-ın kəşfiyyat orqanları hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda “daha gözlənilməz olacaq və gərginləşəcək”.
Tezadlar.az CNN-ə istinadən bildirir ki, bu barədə Konqresə Milli Kəşfiyyatın direktoru Avril Hayns bildirib. Çərşənbə axşamı Senatın Silahlı Qüvvələr Komitəsində çıxış edən Hayns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərəsinə diqqəti çəkib. Onun sözlərinə görə, Putinin növbəti addımını qismən proqnozlaşdırmaq çətin olacaq, çünki “Putin öz ambisiyaları ilə Rusiyanın hazırkı adi silah imkanları arasında uyğunsuzluqla üzləşib”. Hayns deyib ki, yerdəki vəziyyət “hərbi vəziyyətin tətbiqi, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların gücləndirilməsi” daxil olmaqla, “prezident Putinin daha sərt tədbirlər görməsi ehtimalını artıra bilər”.
Hayns həmçinin bildirib ki, Putinin məqsədləri Donbassdan çox-çox kənara çıxır. Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti ələ almaq və potensial olaraq tanınmamış Dnestryanıya quru yolunu genişləndirmək istəyir. Lakin kəşfiyyat hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, indiyə qədər bunu etməmişdir. “Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Haynes bildirib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası artıq Ukraynaya 40 milyard dollardan artıq yardımı təsdiqləyib.
A.Məmmədli