Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 12-də Düşənbədə keçirilən üçtərəfli görüşü zamanı Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün birgə səyləri müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına ciddi əməl etməyə hazır olduqlarını təsdiqləyiblər. Əsas istiqamətlər üzrə üçtərəfli sazişlərin həyata keçirilməsində, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında, Rusiyanın yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması üzrə səylərdə irəliləyiş qeyd edilib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin hazırlanması mövzuları müzakirə edilib və Rusiya tərəfi də bu işə hər cür töhfə verməyə hazırdır. Nazirlər Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Rusiyanın iştirakı ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Maraqlıdır ki, mayın 16-17-də Moskvada sərhədin delimitasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının iclası keçiriləcək. Azərbaycanla Ermənistana aid daxili məsələ niyə Rusiya paytaxtında müzakirə mövzusu olur? Ermənistan KİV-ləri də bunun anormal hal olduğunu yazırlar. Bildirirlər ki, əgər bu iki ölkənin problemlərini yenə də Moskva çözəcəksə, deməli, sülhdən danışmaq hələ tezdir. Hansı problemə üçüncü ölkə müdaxilə edibsə, orada həll variantı tapılmayıb və s.
A.Məmmədli