…Bu çoxbilmiş telefon-cihaz yenə məni qurdalayır. Bu nəymiş, bu nələri bilirmiş, bu dünyanın nizamını necə dəyişdi. Biz də dünyanın bir parçası kimi yaman dəyişdik. Abrımız, ləyaqətimiz, namusumuz əldən getdi. Evimizdə sirr qalmadı, xəyanətin yeni-yeni yollarını öyrətdi bizə…

***

 …Ölməz dostum Bəxtiyar Vahabzadə “416” poemasında bir yerdə göstərir ki, tarixi şəxsiyyətlər olan Qaçaq Kərəmlə İsrafil Ağa arasında düşmənçilik varmış. İsrafil Ağa yazbaşı ailəsi ilə yaylağa köçübmüş. Gecə xanımıyla çadırda qalırmış. Bir gün səhər duranda çadırın girəcəyində bir patron tapır. Onunla birlikdə yaylağa qalxmış və ailələri ilə qonşu çadırlarda qalan dostlarından soruşur ki, kimin patronu itib? Heç kim dillənmir, məlum olur ki, heç kimin patronu itməyib. Bəxtiyar müəllim belə deyir:

Səhəri çadırın girəcəyində

O, bir patron tapdı...

Qanı qaraldı.

Kimin bir patronu çatmır? – deyərək

Bütün dostlarından o, xəbər aldı

Heç kəs dillənmədi, tutuldu bu dəm,

Dedi: Bu böyüklük mənə tanışdır.

Gecə burda olub düşmənim Kərəm,

Məni arvadıma bağışlamışdır.

Qanun-qaydası var igidliyin də,

Kişilik sayılmır, axı, hər zəfər

Düşmən düşmənini yatdığı yerdə,

Və arvad yanında vurmaz demişlər…

 İndi Qaçaq Kərəmlə İsrafil Ağanın yurdunda görün kimlər yetişdirib bu cihaz!

***

 …Qobustan rayonunun Təsi kəndində yaşayan, hansı ki, yaşamasa ondan yaxşıdır, Məmmədov Qoşqar Pəhlis oğlu, 2020-ci ildə noyabr ayının 3-nə keçən gecə bacısının, bacısının ərinin və bacısı oğlunun iş dalınca Bakı şəhərinə getdiklərindən xəbər tutub, bacısının gəlini Səmədova Günel Əhmədağa qızı ilə telefonda vədələşib ki, axşam gələcəm. Bacısının gəlnini haaaa. Bacısı oğlunun arvadını haaa!

 Saat 02 radələrində bacısının gəlini ilə bacısının yatdığı çarpayıda görüşəndə 3 körpə uşaq və 17 yaşlı subay bacısı oğlu ayılıb onları çarpayıda tuturlar. Bacısı oğlu ilə əlbəyaxa olub onu boğmaq istəyirmiş. Hər ikisi də polisdə izahat verərək etifar ediblər ki, bəli, biz uzun müddətdir fürsət düşəndə belə işlə məşğul oluruq. Nəticədə ailə dağılıb, halal zəhmətləri ilə yaşayan bacısının ailəsi bu gün də mənəvi sarsıntı keçirir, bacı- qardaş düşmən olublar.

 Amma Qoşqar yenə də kənddə yaşayır, işləyir, qol qaldırıb toylarda sındıra-sındıra oynayır. Onun bu əməlinə görə mən vəkil kimi ona bir sutka inzibati həbs də verdirə bilmədim. Polis və prokurorluq deyir ki, könüllü olan işdir…

***

 Bu qəbildən olan bir hadisə də baş verib. Biləsuvar rayonunda anadan olan Əliyev Əfsun Aslan oğlu Sabunçu rayonu Meyvə Tingliyi qəsəbəsində gəlin olan İbrahimova Gülşən Elşən qızı ilə bu telefon -cihazla tapışıblar. Gülşən Əfsunu gəlin olduğu evə çağıraraq onunla əlaqədə olmuş və qayınatasının 4000 dollarını da xırda-xırda Əfsuna ötürüb. Əfsun bir müddətdən sonra onun çağrışına gəlməkdən imtina edib. Onda Gülşən çılpaq sinəsinə, döşlərinin üstünə boya ilə “ƏFSUN” yazaraq şəklini çəkib Əfsunun mobil telefonuna göndərib. Bu işin də üstü Gülşənin gəlin olduğu mötəbər ailə tərəfindən aşkar edilib. Onlar da hər ikisi Sabunçu Rayon polis İdarəsində izahatlarında baş verənləri etiraf etmişlər. Amma 4000 ABŞ dollarını boyunlarına almamışlar. Bu hadisədə də mən Əfsuna bir sutka belə inzibati həbs verdirə bilməmişəm. Polis də, Prokurorluq da bildirirlər ki, balam, qadın özü çağırıb, könüllü olublar.

***

 …Əlacım hər yerdən üzüləndən sonra 27.04.2022-ci il tarixdə Milli Məclisə cənab Əli Hüseynliyə, Zahid Oruca, Hicran Hüseynovaya, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlamışam ki, mənim fikrimcə həm Qoşqar Məmmədovun, həm də Əfsun Əliyevin əməlində xuliqanlıq cinayəti var. Belə ki, bu gədələr hər ikisi ictimai qaydanı pozublar. AR CM-nin 221-ci maddəsində xuliqanlıq cinayətinin anlayışı belədir: «Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörməsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilən qərəzli hərəkətlər xuliqanlıq deməkdir».

 Qanunvericiliyə görə ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Müraciətimdə fikrimi belə izah etmişəm ki, Azərbaycan xalqı arasında təşəkkül tapmış adət, ənənə və əxlaq normalarına görə, başqasının evinə girərək onun ailəsi ilə intim münasibətdə olma hərəkəti qəbul edilməz hərəkətdir, adətimizə, ənənəmizə, əxlaqımıza, dinimizə, milli mentalitetimizə ziddir. Məsələn, qanun marketin qarşısında bir adamla dalaşmaq, onu yumruqlamaq, söyüş söymək hərəkətini xuliqanlıq kimi qəbul edir ki, belə hərəkətlər etmək olmaz, əxlaqımız, adətimiz, ənənəmiz buna yol vermir. Amma başqasının evinə girib onun ailəsi ilə münasibətdə olub ailəsini dağıtmaq əxlaqımıza yol verir! Təklif etmişəm ki, fikrimcə, bu qanunda boşluqdur, bu məsələ Milli Məclis səviyyəsində müzakirəyə çıxarılmalı, bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilməli, ya da yeni norma hazırlanmalıdır. Bununla bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin mütəxəssislərinin də fikir söyləməsini, münasibət bildirmələrini xahiş etmişəm.

 Görün bu beş ünvandan mənə nə cavablar gəlib. Zahid Orucov müraciəti göndərib Daxili İşlər Nazirliyinə, İstintaq İdarəsinə. İdarənin rəis müavini Emin Məmmədov da mənə məktub yazıb ki, müraciətləriniz Sabunçu və Qobustan rayon Prokurorluğuna göndəririlib.

Hicran Hüseynovanın komitəsindən Ceyran Rəhmətullayeva mənim xuliqanlıq barədə yazdıqlarımı köçürüb mənə tövsiyə kimi göndərib.

Baş Prokurorluğun idarə rəisinin müavini Yadigar Aslanov müraciətimi Qobustan rayon Prokuroru Səadət xanım Rüstəmovaya göndərib ki, müraciətə baxın, müraciət müəllifinə məlumat verin.

 Yəni, bunlar hamısı mənə yazıb ki, Qoşqar da, Əfsun da yaxşı ediblər, yəni bizə bu ölkədə hamının bir-birinin arvadına sataşması lazımdır. Mentalitet budur, adət-ənənən budur, əxlaq budur, belə olsa yaxşıdır, get tullan! İndi mən bilmirəm gedim tullanım, yoxsa tullanmayım? Qalmışam belə…

İkram Abdullayev,

vəkil

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN