«Təzadlar» qəzetinin 21.02.2023-cü il sayında Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin dilimiz haqqında bir açıqlamasına rast gəldim.
«O açıqlamasında bildirib ki, mütəmadi olaraq dilimizə əcnəbi və yad sözlər keçir: – «Biz bunun əleyhinə deyilik. Dilimizə yeni sözlərin keçməsi inteqrasiyadır və bu, bizim dünya mədəniyyəti ilə əlaqəmizin nəticəsidir. Bunsuz keçinmək mümkün deyil «Amma qorxulu tərəfi odur ki, dilimizdə ifadə edəcəyimiz söz mövcud olduğu halda onun qarşılığını əcnəbi dildən gətiririk. Bununla mübarizə xüsusilə publisistikanın və mətbuatın üzərinə düşür. Çalışmalıyıq ki, dilimizdə olan sözləri tapaq».
Öncə qeyd edim ki, bu günə mövcud olan bütün türk dövlətlərində mövcud olan türkcələrdə çoxlu sayda ərəb, fars, Avropa dillərindən keçmə sözlər var. Bunların xeyli hissəsi ötən yüzilliklərdə müstəqil türk dövlətləri başçılarının öz dillərinə etinasız yanaşaraq ölkədə ərəb, fars dillərini dövlət dili səviyyəsinə qaldırması, bir hissəsi türk dövlətlərini məğlub edərək əsarət altına aldıqları türk toplumlarını assimilyasiya etmək məqsədilə türk dilinin təhsili, tətbiqi, təbliğinin qadağan edilməsi, son dövrlərdə, xüsusilə son yüzillikdə müstəmləkə və yarımmüstəmləkə halında olan türk toplumlarının ərazilərində iqtisadi, ictimai, elmi, texniki və s. sahələrin mövcudluq dairəsinin çox dar miqyasda və aşağı səviyyədə olması, bir çox sahələrinsə ümumiyyətlə mövcud olmaması səbəbindən yaranıb. Son 30 ildə müstəqillik qazanmış türk dövlətləri aralarında inteqrasiya üçün müəyyən işlər görsələr, hətta Türk Dövlətləri Təşkilatı yaratsalar da, min illər ərzində parçalanıb, bölünüb, bütün sahələrdə, o cümlədən, dilçilik sahəsində də, ayrı-ayrı istiqamətlərdə inkişaf etməsi nəticəsində, müxtəlif türk toplumlarının nümayəndələri bir çox hallarda hətta məişət səviyyəsində belə danışıqlarda bir-birini başa düşə bilmir.
Şivə, ləhcə fərqləri nəinki, türk dövlətlərinin toplumları arasında, eləcə də hər bir türk dövlətinin müxtəlif mahal, vilayət şəhər, kənd ərazilərində yaşayan qruplar arasında da mövcuddur. Lakin bu şivə və ləhcələrdə olan fərq onların bir-birini başa düşməsinə ciddi maneçilik törətmir. Elə Azərbaycanın regionlarında yetərincə məhəlli türk sözləri var ki, 1936-cı ildə Azərbaycan ədəbi dili yaradılarkən ədəbi dilin tərkibinə daxil edilmədiyindən bir hissəsi yaddaşlardan silinib, bir hissəsi isə silinməkdədir. Bir hissəsi də öz ilkin məna məzmununu itirib, uyğun olmayan məzmun və təyinətlarda işlənilməkdədir. Dilimizin ən böyük bəlalarından biri həyatın bütün sahələrinin inkişafı ilə əlaqədar, həyatımızın bütün sahələrindən çıxaraq işlədilməyən sözlərinə, yenqi texnika, texnologiya, məişət əşyaları, prosseslər, adət-ənənə və sairədə onlara tətbiq sahəsi taparaq yeni həyat vermək əvəzinə elə əcnəbi sözlərdən istifadə etdiyimiz səbəbindən dilimizin kasadlaşmasıdır. Hər bir dil canlı orqanizmdir. İnsan qocaldıqca yararsızlaşan hissələrinin müalicə olunduğu, lazım gəldikdə bir orqanın kəsilərək donorun orqanı ilə əvəz edildiyi, tamamilə yararsız hala düşdükdə isə ölüb və onu yeni nəsil əvəz etdiyi kimi. Azərbaycan Respublikası miqyasında dilimizin zəif, boşluq yaranmış hissələrini müxtəlif reqionlarda mövcud olub, ədəbi dilə daxil olmayan sözləri araşdırıb, tapıb, mövcud ədəbi dil qaydaları çərçivəsində, təyinatı üzrə daxil edib, bu boşluqları doldurmaq vəzifəsi dilçi alimlərimizin üzərinə düşür. Hər hansı bir anlayışı, sözü, ifadəni əvəz etmək üçün respublikada türk sözü mövcud olmadığı hallarda isə onu professorun qeyd etdiyi kimi, digər türk dövlətlərində mövcud olan ədəbi dilində və ya bizdə olan kimi ədəbi dilə daxil edilməyib, kənarda qalmış türk sözləri ilə, və ya yeni söz də yaratmaq mümkün olmadıqda, son çarə kimi başqa inkişaf etmiş millətərin dilindəki sözdən istifadə etmək olar.
Professorun açıqlamasının birinci hissəsində maraqlı cəhət, ölkədə bir çox sahələrdə, o cümlədən publisistika və mətbuatda da mövcud olan xaos vəziyyətini hamı bildiyi halda, dilçi alimlərimizin, ilk növbədə isə, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin baş direktor olduğu Nəsimi adına Dilçilik İnstitutunun respublikada ən yüksək rütbə və titullu dilçi alimlərin olduğu kollektivin vəzifə və mənəvi borcu olan bir işi publisistika və mətbuatın üzərinə qoymasıdır. Birincisi, ən müxtəlif iqtisadi, hüquqi, tibbi, texniki, aqrar və s. sahələr üzrə publisistik məqalələr yazan müəlliflər, eləcə də jurnalistlərin, jurnal, qəzet redaktorlarının mütləq əksəriyyəti heç olmasa bakalavr və ya maqistr dərəcəli filoloq deyillər. Professorun sadalıdığı dil problemlərini onun başçılıq etdiyi institut həll etdikdən sonra dilçi alimlərin müəyyən edib, uyğun qaydada təsdiq edilmiş normativə çevrildikdən sonra bu normalara ciddi əməl edilməsi ilk növbədə Təhsil Nazirliyinin, nəşriyyatın, qəzet, jurnalların məsullarından tələb edilməsi mümkündür. Dərsliklərdə şagirdlərə ana dilində olan mövcud sözlərə alternativ olaraq «blatnoy jarqonda» olan ifadələr öyrədilməsi, nəşriyyatlarda, qəzet, jurnallarda peşəkar dilçi redaktor və korrektorların olmadığı bir şəraitdə, işlənmədiyindən itib-batan doğma sözlərimizi arayıb tapıb, onun işlədilməsini ədəbi dil standartlarımızın qaydalarına uyğunlaşdırılmasıqı, yaxud, başqa türk respublikasında olan uyğun sözləri tapıb, ədəbi dilimizdə tətbiq edilməsi kimi çox çətin, mürəkkəb işi publisistlərin, naşirlərin, jurnalistlərin boynuna yüklənəcəksə, onda Nəsimi adına dilçilik institutunun mövcudluğunun zəruri olub-olmaması sualı ortaya çıxmayacaqmı?
Professor açıqlamasının ikinci hissəsində qeyd edir ki, – «Əgər sözün qarşılığı dialektimizdə yoxdursa, başqa türkdilli xalqlardan götürmək olar. Orada da yoxdursa, əcnəbi sözlərdən götürmək olar. Bəzi insanlar deyir ki, dilimizdə alınma sözlər işlənməsin. Biz onun əleyhinəyik. Alınma sözlə əcnəbi söz ayrı məsələlərdir. Bu gün alınma sözlər dilə ehtiyacdan gələnlərdir. Məsələn, kompüter sözünü nə ilə əvəz edə bilərdik. Bütün dünyanın işlətdiyini biz də işlədirik».
Müxtəlif ərazilərdə yaşayıb, hər bir türk toplumunun həyatının konkret təbii, iqtisadi, ictimai və s. şəraitindən, bir çox hallarda əsarətində olduğu millətlərin dinindən, adət-ənənələrindən asılı olaraq onların hər birində formalaşmış dialekt fərqlərindən istifadə edərək, onları millət olaraq bir-birinə yadlaşdırmağa çalışanlar, türkləri vahid millət olaraq özünün dərk edilməsini əngəlləmək üçün «türk dilli xalqlar» məhfumundan istifadə etmişlər. Professorun, yəqin ki, heç özü də fərqinə varmadan vərdiş üzrə başqa türklərdən ifadəsi əvəzinə «başqa türk xalqlarından» ifadəsini işlətməsini mən hər hansı bir iddia ilə yox, sadəcə söz gəlişi qeyd etdim. Belə ki, «vərdiş ikinci xasiyyətdir» – deyib türk aqilləri. Professor alınma və əcnəbi sözlərin başqa məsələlər olduğunu qeyd etsə də, bu başqalığın səbəblərini açıqlamadığından mən bu səbəbləri və fərqi açıqlamağa məcbur oluram. Professor alınma sözlər dedikdə yüksək səviyyədə iqtisadi, ictimai, elmi, texniki və s. sahələrdə inkişaf etmiş millətlərdə bu sahələrdə bizim inkişaf səviyyəmizin fərqi çərçivəsində bizim dilimizdə olmayıb, başqa millətlərin dilində yaranmış sözlərdən istifadə etməyə məcbur olduğumuzu nəzərdə tutur ki, o bu fikrini «kompyuter sözünü nə ilə əvəz edə bilərik?» sualında ortaya qoyur. Yəni, həqiqətən də həyat inkişaf etdikcə bütün və ya hansısa sahələrdə inkişafımızın başqalarından geri qalması, həyatın yeni reallıqlarının tələblərinə cavab verməyən köhnə reallıqları ifadə edən sözlərimizlə birlikdə meydandan çıxan sözlərlə dilimiz kasadlaşdıqca yeni reallıqları əks etdirən sözləri əcnəbi dillərdən götürürük. Əcnəbi dillər dilimizə ən çox iki yolla və iki səbəblə daxil olur. SSRİ dövründə aparıcı iqtisdai, texniki, ictimai elmlər üzrə müəyyən ixtisas və elmi səviyyəyə malik olmaq və cəmiyyətdə müəyyən səviyyədə mövqe qazanmaq üçün zəruri olan tədris və elmi ədəbiyyatın əksər hissəsi rus dilində olduğundan, rus dilinin ana dili səviyyəsində mənimsənilməsi zərurətə çevrildiyindən hamı bu dili öyrənməyə çalışırdı. Bu gün ölkədə rus dili ilə yanaşı ingilis dili də bu baxımdan hegemon mövqedədir. İstər yüksək səviyyəli ixtisas sahibi olmaq, istərsə də təhsilini başa vurduqdan sonra iş tapmaq baxımından.
Belə ki, təhsil və intellekt tələb edən işlərə, vəzifələrə qəbul olunmaq üçün əsasən rus və ingilis dilini bilmək tələb olunur. Əcnəbi dillərin dilimizə daxil olması bu dillərdə təhsil alıb, xüsusilə ixtisası ilə bağlı əsas söz və terminləri təhsil aldığı rus və ingilis dilində mənibsəyib, Azərbaycan dilində, hətta mövcud olan bu söz və terminləri bilməyən, və ya bilsə də professor «başqa türklərdən» ifadəsi əvəzinə, vərdiş etdiyi «başqa türkdilli xalqlardan» dediyi kimi vərdiş etdikləri əcnəbi sözlərdən istifadə etməklə bu sözləri dilimizə gətirmiş olurlar. Yəni, bizim dilimizdə olduğu halda ayrı-ayrı insanlarımızın bu sözləri öz nitqlərində, yazılarında, müsahibələrində əcnəbi dildə işlədərək onların qeyri-qanuni olaraq dilimizdə «vətəndaşlıq» qazanmasına yardımçı olurlar. Lakin, onları buna vadar, məcbur edən, ölkənin iqtisadi-ictimai durumundan və bizim türkcəmizin söz fondunun inkişafın mövcud səviyyəsinin tələbatına cavab verməməsindən irəli gələn vəziyyətə görə publisistləri və jurnalistləri nəinki, təqsirləndirmək, hətta onları qımamağın, məzəmmət etməyin özü, ədalətsizlik olardı. Yəni bu, «Türk demişkən günahkar olan eşşəyi kənara qoyub, palanı döymək» – olardı. Bu məsələdə ən böyük günah Dilçilik İnstitutunda, uşaqlara, gənclərə dilimizi mükəmməl öyrətməli olan Təhsil sistemi və Təhsil Nazirliyimizdə, «Kütləvi İnformasiya vasitələri haqqında», yarımçıq, dekorativ, ölü qanunlar qəbul edən Milli Məclisimizdə, sonda isə bu qanunların icrasına nəzarət etməli olan dövlət və ictimai orqanlarımızdadır. Məsələni bir qədər dərindən qurdaladıqda nəinki təkcə bu sahədə, eləcə də bütün digər sahələrdə inkişafımızı kiçik çərçivələrdə məhdudlaşdıran əsas və ən böyük amil, türk millətinin parçalanması üzündən türk dövlətlərinin, bununla yanaşı türk dilinin də parçalanaraq az qala bir-birinə tamamilə yadlaşmasıdır. Biz millət və dövlət olaraq bütün sahələrdə, o cümlədən dilimizin də sürətli və hərtərəfli inkişaf etməsi üçün bütövlükdə də, ilk növbədə millətimizin və dövlətlərimizin bütövləşərək monolitləşməsini təmin etməliyik ki, bu da bu gün müstəqil dövlətə malik olan və dövlətçiliyini itirib başqa millətlərin əsarətində olan türk toplumlarının müxtəlif dialektlər şəklində mövcud olan türk dilinin bütün söz fondu toplanaraq, zəngin vahid ÜMUMTÜRK ƏDƏBİ DİLİNƏ çevirib, onu tədris, tətbiq və təbliğ etmədən mümkün deyil. Ümumtürk ədəbi dili yaradılaraq bu dili mükəmməl mənimsəmiş bir neçə nəsil yetişdirmədən, ən yaxşı halda daim tısbağa sürəti ilə inkişaf edərək, bütün sahələrdə, o cümlədən, dil sahəsində inkişaf etmiş millətlərin qabağından qalan «kompyuter» sözü kimi tör-töküntülərinə möhtac qalacağıq. Digər bir məsələ də var ki, farslar kimi bəzi millətlər son dövrlərdə inkişaf etmiş millətlərin elmi-texniki, iqtisadi və s. sahələrdə əldə etdikləri yeni nəticələr əsasında yaratdıqları yeni, xüsusilə iki və daha çox sözün birləşməsindən və ya yeni yaradılan texnika və texnologiyanın funksiyalarına uyğun öz dillərində yeni söz yaradır, yaxud da əcnəbi dildə yaradılan bir neçə sözdən ibarət sözü hissələrlə tərcümə edərək, bir hissəsinə uyğun gələn söz əlavə etməklə öz dillərində yeni söz, termin yaradırlar. Bu üsulun ən müsbət cəhəti odur ki, yeni yaradılan söz, əcnəbi dildən fərqli olaraq dilin bütün tələblərinə uyğun gələn milli söz, ifadə, terminə çevrilir.
Dünyada mövcud olan türk dialektkərindəki sözlər bir fonda yığılaraq sistemləşdirilsə, ümumtürk ədəbi dili dünyanın ən zəngin bir neçə dili sırasında olmağa ən real namizəddir.
Məsələn, pasta türk sözü olmadığı halda biz «diş pastası» ifadəsini işlətdiyimiz halda, farslar bunu «xəmire dəndan», yəni «diş xəmiri» olaraq ifadə edirlər, belə misallardan istənilən qədər gətirmək olar. Yeri gəlmişkən, fars dilinin 35 (otuz beş) faizi türk sözlərindən ibarət olduğu halda, bu sözlərin siyahısı tutulub geniş ictimaiyyətə təqdim edilmədiyindən, nəinki başqa ixtisas sahibləri, hətta Azərbaycan dili müəllimləri və jurnalistlərin mütləq çoxluğu fars, erməni dilində işlədilən türk sözlərini, fars, erməni sözləri kimi tanıyır və qəbul edirlər. Fars dilinin 35 faizinin türk sözlərindən ibarət olduğuna əmin olmaq üçün məşhur fars dilçi alimi Məhəmməd Moinin 6 (altı) cildlik «Fars dilinin izahlı lüğəti»nə (Fərhənge Moin) baxmaq yetərlidir.
Xaçatur Abovyan (1809-1848) yazır ki, – «Baxmayaraq ki, mən türklərə və onların dilinə nifrət edirəm, lakin türk dili olmadan erməni dili mövcud ola bilməzdi. Bizim dilimizdəki sözlərin yarısı türk və fars dilindədir».
Erməni akademik Raçiya Açaryan da yazır ki, – «Erməni dilində 4200-dən çox türk sözlərindən istifadə olunur. Beləliklə bizim xalqımız onların (yəni, türklərin – Ş.Q.) dilindən elə iştaha gəlib ki, mahnılarımız, nağıllarımız, zərbməsəllərimiz bizim yox, türklərindir».
Ümumtürk ədəbi dilinin yaradılmasının bir müsbət cəhəti də budur ki, türk dilində kifayət qədər söz var ki, indiyədək dilimizə daxil edilmiş əcnəbi sözləri əvəz etməklə türk dilini yad sözlərdən arındırıb, saflaşdıra bilər. Bunun bir üsulu köhnəlib, günümüzdə yeni texnika, exnologiya, hərbi, kənd təsərrüfatı, sənaye prosseslərində istifadə edilməyib, müasir söz fondumuzdan çıxarılmış sözlərin müasir texnika, texnologiya və s. funksiyaları baxımından yararlı olan hallara tətbiq edilməsidir. Məsələn, Türkiyədə vaxtilə at, öküz arabası adlandırılan primitiv texniki vasitənin funksiyası baxımından, bu gün avtomobil adlandırdığımız texniki vasitəni araba adlandırmaqla, türk dilindən bir «kərpicin» düşüb, dilin kasadlaşmasının qarşısının alınması ilə bərabər bu nəqliyyat vasitəsinin funksiyasını özündə əks etdirən terminin milli koloritini də qorumuş olublar. Türk dialektlərində bu gün tut (giləmeyvə, nəyisə, kimisə tut), at (heyvan, nəyisə atmaq) kimi bir sözlə başqa-başqa məna, mahiyyət daşıyan anlayışları ifadə etməklə dilimizin gözə çarpan naqisliklərini, boşluqlarını aradan qaldırmaq, eləcə də, eyni mənalı sözlərin, prosseslərin müxtəlif hallarını müxtəlif sözlərlə ifadə etmək üçün istənilən qədər söz ehtiyatı mövcuddur.
Bu gün türk dövlətlərinin bütün sahələrdə inteqresiya edilərək nəticədə vahid türk dövləti TURANIN yaradılması istiqamətində bütün türk dövlətləri və türk toplumlarının qarşılıqlı əlaqədə, səmərəli fəaliyyəti üçün münbit beynəlxalq mühit və şərait olduğu halda, bu prossesin əsas nüvəsi olub, onu çox sürətləndirə, həm də professorun «türkdilli xalqlar» adlandırdığı toplumların vahid, monolit TÜRK MİLLƏTİNƏ çevrilməsinin yeganə üsul və vasitəsi olan ümumtürk ədəbi dilinin yaradılması məsələsi ilə əlaqədar 2022-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı mütəxəssislərindən birinə etdiyim müraciətə 8 (səkkiz) aydan sonra, onun dediyinə görə institutun baş direktoru, professor Nadir Məmmədlinin cavabı bu olub ki, – «Bu məsələ ilə məşğul olmaq üçün yuxarı təşkilatların qərarı lazımdır». Bir inzibatçı nöqteyi-nəzərindən tamamilə obyektiv və haqlı cavabdır. Təəccüb və təəssüf doğuran cəhət isə odur ki, bu barədə qərarı vermək yuxarı təşkilatın, dəqiq desək, Azərbaycan Respublikası Prezidentinin digər Türk dövlət başçıları ilə bu məsələni müzakirə edib, ümumi qərara gəldikdən sonra Türk Dövlətləri Təşkilatının nəzdində bütün dünya türkləri toplumlarının aparıcı dilçi mütəxəssislərindən ibarət bir qurum yaradılaraq bütün türk söz, ifadə, terminlərinin bir fonda yığılaraq, onun sistemləşdirilməsi, vahid yazı qaydaları, əlifba, böyük bir millətin möhtəşəm bir dilinin, ən azı, bir sıra zəruri tələbləri çərçivəsinə saldıqdan sonra, onun bütün türk dövlətlərində tədris, tətbiq və təbliği ilə bağlı təşkilati, maliyyə və s. məsələlərinin həll edilməsi AMEA-nın Nəsimi adına Dilçilik İntstitutunun hüququ, funksiyaları və faktiki imkanları çərçivəsinə sığa bilməyəcək və bu institutun çəkə biləcəyi bir yük olmasa da, yuxarı təşkilatlar qarşısında bu məsələni İSRARLA qaldırmaq, bu institutun hüququ, funksiyası daxilində olmaqdan əlavə, institut rəhbərliyinin birbaşa mənəvi vətəndaşlıq borcudur. Xüsusilə, institut rəhbərinin tabeliyində bu institutun «Tətbiqi dilçilik» şöbəsinin müdiri, Azərbaycan Prezidenti Yanında Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, adlarını çəkmədiyim, xeyli sayda nəhəng titullu, rütbəli, təcrübəli, həm də gənc enerjili dilçi alimlərin mövcud olduğu halda.
Bir erməni döyüşçü Şuşa uğrunda döyüş barədə xatirələrini yazarkən deyir ki, – «Biz onları (yəni, Azərbaycan döyüşçülərini – Ş.Q.) güllə ilə vururduq, yıxılırdılar, lakin yenidən durub üstümüzə gəlirdilər». Ölkədə mövcud olan quruluşun bütün qəbillərdən olan yaradıcı insanların, o cümlədən dilçi amillərin potensialını dar bir çərçivədə qandalladığı məlumdur.
Türk aqilləri demişkən, elə, «Cidanı çuvalda gizlətmək mümkün deyil», kimi. Lakin dilçi alimlərimizin qarşısında duran döyüş öz əhəmiyyəti və miqyası etibarilə Şuşa döyüşündən milyon dəfələrlə böyük, məsuliyyətli, tarixdə bütün dünya türklərinin ikinci intibah dövründə start verəcək, bütövlükdə türk millətinin OLUM YA ÖLÜM məsələsini həll edəcək şərəfli bir döyüşdür. Bu döyüşün təfərrüatları hərb meydanındakı döyüş kimi adi gözlə görünməsə də, bu sahədə əldə olunacaq qələbə, xüsusilə bu döyüşün generalları olan dilçi alimlərimizdən Şuşa döyüşündə hərbçilərimizin sərgilədiyi yüksək vətənpərvərlik, zəka, cürət, fədakarlıq tələb edir. Artıq türk millətinin böyük bir hissəsi başqa millətlərin inzibati köləliyindən azad olub. Azərbaycan türkcəsində yaranan boşluqlara əcnəbi dillərdən yamaq vuran pinəçiliklə məşğul olmağın vaxtı 30 ildir ki, ötüb. Biz bu gün bütöv, vahid türk millətinin boyna, öz istehsalımız olan doğma türk söz, ifadə və terminlərimizdən, bu gün hələ də əsarətdə olan türklərimizi sabah köləlikdən azad edə biləcək türkün, möhtəşəm dilini, ümumtürk ədəbi dilini yaradıb, qloballaşma prossesində gedən amansız milli mövcudluq döyüşünə ayrı-ayrı, parçalanmış kasad, «türkdilli xalqların dialektini» deyil, nəhəng türk millətinin yamaqlardan ibarət deyil, türk sözlərindən ibarət zəngin, möhtəşəm türk dilini çıxarmalıyıq. Çünki, türk milləti ilə türk dili anlayışı bir medalın iki üzüdür.
Sonda isə bu böyük və müqəddəs döyüşdə başda professor Nadir Məmmədli olmaqla ölkənin, o cümlədən AMEA-nın bütün dilçi alim və mütəxəssislərinə bu sahədə davamlı təşəbbüs, milli taleyimiz üçüb məsuliyyət hissi, böyük inad və bəşərin qazana biləcəyi ən nəhəng və möhtəşəm qələbəsini arzulayıram.
Şapur Qasimi,
Politoloq