(Hüseyn Kürdoğlunun xatirəsinə)

“İblisin torundan çıxa bilmirik” - misra istedadlı şairimiz Hüseyn Kürdoğluna məxsusdur. Və şairin 25 il əvvəl yazdığı “Ya İmam Əli” adlı şeirinin birinci misrasıdır. 

Arxivimi vərəqləyirdim, “Cahan” jurnalının 1997-ci il yanvar - mart sayında qarşılaşdım. Demək istərdim ki, mərhum şairi ötən əsrin 70-90-cı illərindən tanıyırdım, şeirlərini oxumuşdum. Rastlaşmış və səmimi görüşmüşəm. Çox təbli və məhsuldar şairdi, məxsusi görkəmi vardı, sıx dalğalı saçı onu daha əzəmətli göstərirdi.

***

Türkiyədə - qardaş ölkədə baş vermiş qeyri - adi fəlakət - zəlzələ belimizi bükdü, minlərlə günahsız insanın dağıntı altında həlak olması faciəsinə tab gətirmək elə də asan deyil - dözəsən. Dünyanın insanlara gətirdiyi bir bəladır, bu hadisə on illər keçsə də unudulmayacaqdır və unutmağa haqqımız yoxdur: Körpələr ana - atasız, nənə - babalar övladsız, qohum - əqrəbalar bir-birindən xəbərsiz dünyalarını dəyişdilər, məkanları cənnət olsun!

Fəlakət hər bir insanı - əgər onda Allah duyğusu, Allah rəhmi, Allah mərhəməti varsa... kədərlənməyə bilərmi?! Belə bir fəlakət dəhşətli faciə - itkisini ağıla sığışdırmaq qeyri - mümkündür.

Hüseyn Kürdoğlunun Dünyanın hara üz tutduğunu, insanlara fəlakətlər gətirdiyini öncədən duymasını fəhmlə şeirə gətirməsi məni maraqlandırdı.

Neçin məhvərindən çıxır bu dünya,

Əyridir bəlkə də ərşin təməli,

     Ya İmam Əli!

 - deyən şairə haqq qazandırardım.    

 

Nəslin kəsilməmiş Əbu Süfyanın,

Hələ də göynəyir mənfur əməli -

                                   Ya İmam Əli!     

Hüseyn Kürdoğlu vətənpərvərlik hissiylə yaşayan şairdir, o, yaşadığı Dünyanın başına hansı oyunlar gəldiyini və gələcəyini proqnozlaşdırırdı. O, arzulayırdı adamlar xoşbəxtlik üçün doğulmuşlar, buna onların haqqı çatır, bu insanlar bir-birini başa düşməli, bir-birini sevməli, çünki onlar dünyaya övladlar gətirmişlər, bu varislər insanlığı kəşf edəcəklər! Lakin şairə bəllidir millətin həmişə ürəyi yaralı olmusdur, üzü gülməmişdir, min bir faciələrlə üz-üzə dayanmışdır. Tarix boyu milləti həyatı naminə, azadlığı naminə ölümə belə getmişdir, köləliyin nə olduğunu ruhən idrak etmişdir, pıçıldamış ki, bütün əziyyətləri, əzab və işgəncələri açıq gözlə qarşılamaq gücünə malikdir. Və təəssüf hissilə xatırlatmışdır:

Mənimdir sinəsi yaralı millət,

Yoxdur insaniyyət, yoxdur ədalət.

Düşüncə varmı ki, nədir bu vəhşət,

Dərdimdən dəliyəm, dəliyəm, dəli -

  Ya İmam Əli!     

Dünyanı məvhərindən çıxaran, yerindən oynadan məhz insan varlığı deyilmi? Təbiəti harmoniyasından çıxaran, ahənginə mane olan İnsan zəkası deyilmi? Planeti öldürücü silahlarla, yandırıcı raketlərlə silkələyən, yerin alt qatlarını səthə çıxaran dünyanın günahı nədir? Vaxtilə yazıçı T.Eliot yazmışdı ki, Dünya gurultudan deyil, zarıya - zarıya məhv olacaqdır, - haqlı idi. Qəribə taleli insana vəhşət hissi haradan gəlir - Allah - Təala da bundan xəbərsizdir yaratdığı bəndənin naqisliyindən. İnsan öz ömrünün qısalığını belə, hesabata almır, “əylənir”, buna antik filo-soflar da reaksiya vermişlər. Belə ki, insan ömrünün qısalığına toxunan Ərəstu Hippokratla birlikdə Təbiəti təqsirləndirmişlər ki, marallara, qarğalara, başqa heyvanlara daha çox ömür verdiyi halda, yüksək məqsədlər üçün yaranmış insanları çox dar, qısa sərhədlərlə məhdudlaşdırılmışdır. Lakin filosof Seneka müdrikliklə cavab vermiş ki, qısa həyatı bizə vermirlər, onu biz özümüz belə edirik, bizim həyatımız kasıb deyil, amma biz onu istismar edirik, həyatdan bacarıqla istifadə olunsa o, çox uzundur.

Belə məqamlarda insan iddialarında insan iblisləşir, iblis toruna bələnir. Şair Hüseyn Kürdoğlunun misraları səslənir, iblisi “aldada” bilmirik.

 

İblisin torundan çıxa bilmirik,

Fəndgiri güləşib yıxa bilmirik,

Göz açıb dünyaya baxa bilmirik,

Bizi nişan alır namərdin əli -

Ya İmam Əli!    

Boylu qadınların kəsildi başı,

Qalmadı dağların daş üstə daşı,

Qanlı selə döndü elin göz yaşı,

Gör kimdir qalmalı, kimdir ölməli -

Ya İmam Əli!       

Hüseyn Kürdoğlu üzünü İslam dininə tutur - İslam həmişə qeyrət - namus rəmzi olubdur, xeyirxahlığa çağırmışdır bəşər övladını. Türk həmişə ucalmış, əməli ilə şöhrətlənmişdir, hərçənd enişləri və yoxuşları da baş vermişdirsə, onun bayrağı enməmişdir. Necə edəsən ki, naqis insanlar bəd əməlləri ilə Dünyanın başına min oyun açmış, açmaqdadır. İnsanlar yaranmış və savada yiyələnmişlər - Allahı inkar edirlər, onun mövcudluğunun təftişilə məşğuldurlar. Qurana bayağı gözlə baxırlar, belələrinin ruhu yoxdur, canı var, Allahı tanımaq istəmirlər, cahillər Allahı xəyal və qorxu xəzinəsində axtarırlar, beləliklə özlərini dərk etmirlər, halbuki Allah özünüdərkdən keçir. İnsan Allahın xəlq etdiyi nadir incidir, hər hansı sənət əsəri sənətkardan xəbər verdiyi kimi, ana Torpaq, onun insanları əmanətdir, bir sənət əsəridir, onu fəlakətlərin ağzına ötürməməliyik. İnsanların neqativ niyyətlərinin, əməllərinin və iddialarının nəticəsidir fəlakətlərin qurbanı olar günahsız övladlar, onların mənəvi və maddi dəyərlərinin də qiyməti puça dönər.

Gərəkdir kükrəsin islam qeyrəti,

Hanı Zülfüqarın ulu şöhrəti!?

Qalmamış qələmin qədri - qiyməti,

Samandan ucuzdur gövhəri - ləli -

Ya İmam Əli!

Allahverdi Eminov,

yazıçı-publisist

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN