Dostlardan biri yazıb ki, Bakıdakı Rus Dram Teatrı tam kollektiv olaraq qanlı Rusiya imperiyasının dost Ukraynaya işğalçı hücumunu dəstəkləyir.
Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti, Əməkdar jurnalist Azər Həsrət sosial şəbəkə hesabında bildirib.
“Açığı, bu dəstəyin harada, necə ifadə olunduğunu bilmirəm. Amma yazan adamın ciddiyyəti, yetərincə məlumatlı və təcrübəli birisi olması məni bu həyəcan təbilini çalmağa məcbur edir. Azərbaycan dövlətinin pulu hesabına fəaliyyət göstərən bir mədəniyyət müəssisəsi necə belə edə bilər axı? Dövlətimizin özü belə putlerin bu faşizmini dəstəkləmədiyi halda necə olur ki, bir teatrda belə ovqat hakim olur?”, - deyə jurnalist qeyd edib.
Azər Həsrət Azərbaycanın müstəqillik qazandıqdan sonra da rus dilində fəaliyyət göstərən teatra yaşıl işıq yandırılmasına təəccübləndiyini bildirib.
Onun sözlərinə görə, ölkəmizdə əcnəbi dildə fəaliyyət göstərən tetar olmamalıdır:
“Ümumiyyətlə isə Bakıda rus teatrının nə işi var? Tamam da, anladıq, sovet dönəmində lazım idi, buna məcbur idik. İndi nə olub bizə? Həm də bu teatrın adı artıq, hətta işğalçı-qanlı rus rejimini dəstəkləməkdə çəkilirsə, ona bir çəki-düzən vermək lazım deyilmi?”.
Həmçinin media eksperti bəzi teatrlarda çoxlu sayda rus dilində tamaşaların hazırlanmasına da diqqət çəkib və bunun arxasında kimlərin dayandığını sual edib:
“Bu arada onu da xatırladım ki, bir müddət öncə bəzi teatrlarımızda hələ də çoxsaylı rusca tamaşaların səhnəyə qoyulduğu diqqətimi çəkib. Bu da bizi əsarət zənciri ilə daha möhkəm bağlamağa xidmət edir. Kimdir bunların arxasında? Elə teatr bilirəm ki, oradakı tamaşaların 50 faizi rus dilindədir! Məgər bu ölkənin əhalisinin 50 faizi rusdur ki, teatr da əlli əlliyə işləyir?..”, - deyə Əməkdar jurnalist iradını bildirib.
Xatırladaq ki, Bakının mərkəzində yerləşən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 1920-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, teatrın direktoru Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyevdir, baş rejissoru isə Azərbaycanın xalq artisti Şarovski Aleksandr Yakovleviçdir.
Onu da diqqətə çatdıraq ki, 2021-ci ildə hər iki şəxs Rusiya Prezidenti Vladimir Putinin Fərmanına uyğun olaraq mükafatlandırılıblar.
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində teatrın direktoru Ədalət Hacıyevin “Puşkin” medalı və teatrın baş rejissoru Aleksandr Şarovskinin “Dostluq” ordeni ilə təltif olunması mərasimi keçirilib.
Mədəniyyət xadimlərinə mükafatları Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov təqdim edib.
Rus Dram Teatrının direktoru və baş rejissoru, fəaliyyətlərinə verilən bu yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə dərin minnətdarlıqlarını bildiriblər.
Y.MƏMMƏDLİ