İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi

Düşmənə igid tək sinəsin gərən,

Hər bir əsgərinin qədrini bilən.

Döyüşdə Sənan tək oğul itirən,

Vuruşan Əkbəri tap, Qarabağda,

Atını dördnala çap, Qarabağda.

Akif Hüseynli

Qısa arayış: Rüstəmov Əkbər Məhəmməd oğlu 1947-ci ildə Ağdam şəhərində doğulub. Rayon 3 saylı orta məktəbin səkkizinci sinfini bitirib. Daha sonra elektrik montyoru ixtisasına yiyələnib. Bakı-Sənaye Pedaqoji İnstitutunu bitirib. Ağdam Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. Dəfələrlə sambo güləşi üzrə çempion olub. O, Ağdam icra hakimiyyətinin şəhər nümayəndəsinin sədr müavini işləyib. Bakıda idman məktəbində çalışıb. Hazırda pensiyaçıdır. I Qarabağ mühaibəsi veteranıdır.

Əkbər Rüstəmovun I Qarabağ savaşı illərində torpaqlarımızı Ermənistanın hücumlarından qorumaq, üçün fəaliyyəti necə-necə kitaba sığmaz. Əkbər müəllim yaxşı publisistdir. Şəhid Sənanın atasının “Qayıt, gəl!” kitabı müəllifin oxucularla dördüncü görüşüdür. Bundan əvvəl “Qalx, ayağa, Vətən oğlu”, “Qapımı Vətən döydü”, “Vətən kitabı” əsərlərini çap etdirib.

Bu kitabı da maraqla oxudum. Bu əsər birinci Qarabağ müharibəsi dövründə - milli ordunun ilk yaradılışı dövründən atəşkəsə qədər bir müddəti, eləcə də son illəri əhatə edir.

O dövrdə, yəni 90-cı illərin əvvəllərində ilk ordumuz yaranmağa başladı. Milli Qəhrəman Şirin Mirzəyevin fəaliyyətindən də bu kitavda söz açılır. Bu illərdə Ağdamda ilk batalyonlarda fəaliyyətə başladı. 845 saylı olayın komandir müavini Ə. Rüstəmov övladları-Sənan, Sarvan, Kənan ilə birlikdə erməni qəsbkarlarına qarşı mərdliklə vuruşub. Sənan Hacı Əkbər oğlu 1992-ci ildə Ağdamın Abdal-Gülablı kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla şəhid olub. “Qayıt gəl!” kitabında bu illərin döyüş səhnələri, əsgər yoldaşların vətənpərvərliyi, vətən segvisi hərarətlə əks olunub.

Esse və məqalələrində emosionallıq var. Qələbədən xeyli əvvəllərdə “Qarabağ”, “Ədalət”, “Ana torpaq” və s. qəzetlərdə dərc olunmuş yazılara da rast gəlirik. O, Vətən torpağının müqəddəs güşəsi olan Qarabağın erməni qəsbkarlarının caynağından xilası üçün çağırış edirdi. Hacı Əkbərin “Hey, hey, irəli, milli ordu əsgəri!”, “Nə deyim”, “Vətən torpağı”, “Şəhidi ağlamazlar”, “Müharibə və ya nəslin sınağı”, “Haqqın yolu” və s. həm kövrək, həm dəyanətli ürək yanğısı ilə qələmə alınmış yazıları maraqla oxunur.

Əkbər müəllim döyüş yoldaşlarının obrazlarını əks etdirir.

“Sağ ol, Babək!” yazısı daha çox xoşuma gəldi. Müəllif qeyd edir ki, Babək Quliyev  bir əlində video-kamera-foto aparat, o biri əlində avtomat tutub səngərlərə atılmışdı.

Bu kitabda şəhid olmuş oğullarımız kövrək hisslərlə xatırlanır. “Məktub” essesinin bədii dili çox emosionaldır. Səngərdə məktub alan döyüşçü yazır: “Bu məktubu hər kəs oxumalıdır. Qeyrətlilərin hamısı birlikdə oxuya-oxuya döyüşə atılmalıdır”

Hacı Əkbərin yazıları rəngarəgdir. “Əlvida, Vətən oğlu”, “Şəhidi ağlamazlar”, Vətən torpağı və digər publisistik qeydləri maraqlı oxunur.

Abdal-Gülablı vertolyotdakı pilotu xilas edən Sənan Əkbər oğlunun igidliyi haqqında yazarkən həyəcanını gizlədə bilmir.

“Bir neçə saatdan sonra pilotun birini azad etdilər. İkinci pilotu azad etmək cəhdi baş tutmadı. Düşmən gülləsi Sənanın sinəsini parça-paça etmişdi”.

Sənanın son sözü daha təsirlidir: “Qəm yemə, komandir. Onsuz da düşməndən qisasımı almışam. Atama, anama, deyərsiniz ki, məni ağlamasınlar, axı şəhidi ağlamazlar”.

23 iyul 2013-cü ildə qələmə alınmış “Qayıt, şəhid ruhları sevinsin” yazısı daha çox emosional, kövrək və inamlı təsir bağışlayır. Kitabda 1993-cü ilə kimi cəbhə xronikası verilib.

Müəllif öz publisist yazılarında döyüş yolunun anlarını xatırladır, o vaxtlar uduzmağımızın səbəblərini araşdırır, tezliklə qələbə olacağına inanır.

Hissiyyat, səmimi duyğular, birliyinə çağırış bu kitabın məziyyətləridir.

Hacı Əkbər canıyla, qanıyla bir çox yazılarıyla tarixə səyahət edir. Onun çağırış ruhlu yazılarının bir çoxu son illərdə mətbuatda çap olunub. Kitabda verilən “Yandırdılar Xocalını, yanır Xocalı, “Hansı yolla getməli”, “Döyüşçü Əkbərin bayatıları” və digər yazılar Vətən eşqiylə çırpınan bir ürəyin haray dolu həyacanlarıdır. Məsələn, bayatılarda o vətəndaş, Vətənsə vətənsiz qalan soydaşların ağrılarını əks etdirir. Bayatılarının biri daha kövrəkdir:

Vətənsiz ömrüm soldu,

Gözlərim yaman doldu,

Üç oğlumla döyüşdüm,

Sənanım şəhid oldu.

Hacı Əkbərlə şəxsi söhbətlərində qələbə sevinci var. O deyir ki, 2020-ci ildə qələbənin əldə edilməsi ürəyimi dağa döndərdi. Indi 76 yaşım var. Əgər erməni qəsbkarları yenidən baş qaldırsa, övladlarımla birgə döyüşə hazıram.

Bir qədər kitabın poliqrafik xüsusiyyətləri haqqında danışmaq istəyirəm. Kitab o illərdə çəkilmiş foto-şəkillərlə zəgindir. Nəfis tərtibat, üz qabığı, çap keyfiyyəti xoşagələndir. Üz qabığındakı rəngli rəsm işi Hacı Əkbərin nəvəsi Rəmzinin həyat yoldaşı Nigar Süleymanovanın əsəridir, əsərlərin ruhuna uyğundur. “Adiloğlu” nəşriyyatında buraxılmış kitabda ön söz çox maraqlıdır. Nəşrin redaktoru jurnalist, yazıçı-tərcüməçi Novruz İbrahimoğlu kitabın girişində yazır: “...Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir”.

“Qayıt, gəl!” kitabı oxunduqca oxucu düşünür, təəssüratını başqalarıyla bölüşməyə çalışır. Müəllif onu təlqin edir ki, hər an torpaqlarımız qorumağa hazır olmalıyıq. Bəli, artıq Qarabağ azaddır.

Əkbər müəllim bu yaxın vaxtlarda işğaldan azad olunmuş Ağdama bir neçə dəfə gedib torpağı öpdüm deyir. O torpağa şəhid oğulların qanı hopub. Mənfur düşmən yurd yerlərini xaraba qoysa da, tezliklə qurulacaq, o yerlərə qayıdacağıq.

“Azad Azərbaycan” televiziyasında “Ağdam və mən” verilişinə həmişə baxıram. Bu yaxınlarda Əkbər müəllim Ağdamda çəkilmiş tele-filmdə gördüm. O, oğlu Sənanın qəbrini ziyarət etdi.

Qarabağdan, Ağdamdan danış.

... Bu kitabı hamı oxumalıdır, təbliğ etməlidir. Yaxşı olar ki, “Qayıt, gəl!” Əsəri Yazıçılar Birliyində müzakirəyə çıxarılsın, təqdimatı keçirilsin. Arzu edirəm ki, Əkbər Rüstəmov jurnalistlər birliyinə üzv qəbul edilsin.

Nəhayət sonda kitabın müəllifinə uzun ömür, can sağlığı, qələbə ruhlu yeni yazılar qələmə almasını arzulayıram.

Şamil Namaz,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

shamil-namazz

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN