Bu gün şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru Zaur Ustacın doğum günüdür.
Zaur Mustafa oğlu Mustafayev (Zaur Ustac) 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində alıb. Sonra Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsilini davam etdirib. Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabitdir.
Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur.
Zaur Ustac 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə YAZARLAR.AZ saytı idarəçiliyindədir.
Redaksiyamız adından Zaur Ustaca "yeni yaşın mübarək olsun" deyir, ona öz ürəyindən doğulan bir neçə şeirini hədiyyə edirik:
XİSLƏTİMİZ
Bilirik;
Zaman nisbidir,
Məkan müvəqqəti…
Adlar müxtəlifdir,
Kimliklər fərqli…
Fəqət, sabit bir cövhər var;
O xislətdir!
Yaşayır;
Ana dilimdə,
Təqdim Ata sözümdə…
Qorunur;
Laylalarda,
Bayatılarda,
Dastanlarda…
Nə qədər ki, dilim var;
Doğulacaq,
Yaşayacaq
Səttarlar!
ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində
çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ
yüz ildən sonra çatacaq…
Hər iki halda
fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə
sərdiyi dünyanın
İpliyi, yunu olduğunu
anlatdı Anam…
Kimi anladı, kimi
yüz ildən sonra anlayacaq…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni
tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın simasından
Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman
gəbədir yeni dünyaya!
GƏZDİM
Gəzdim qarış-qarış vətən torpağın,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsində gözüm var mənim.
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim.
Gəzdim bu torpağı mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım sözüm var mənim.
NƏ GÖZƏL, NƏ GÖZƏL…
Dünyamızı çiçək görən
Gözlər nə gözəl, nə gözəl…
Ruhumuza şəfa verən
Sözlər nə gözəl, nə gözəl…
Gül əkənlər gül dərəcək,
Qəlb deyəni dil deyəcək,
Düz əyrini düz görəcək,
Düzlər nə gözəl, nə gözəl…
Ustac olub sözə məftun,
Daim gülən üzə məftun,
Qəlbdə qalan izə məftun,
İzlər nə gözəl, nə gözəl…
Təqdim etdi:
ELBAR