Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri,
Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə tariximizdə, ədəbiyyatımızda, mənəviyyatımızda” mövzusunda elmi konfrans keçirilib. Muzeydən "Təzadlar"a bildirilib ki, Konfransda muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, ölkəmizdə görkəmli ictimai-siyasi xadimə həsr edilən silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. Bugünkü tədbirin də sözügedən sərəncama əsasən keçirildiyini deyən direktor Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, onun istiqlal, azadlıq uğrunda mübarizəsindən, Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan danışıb.
Akademik Rafael Hüseynov XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və həmin insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda yaşayacağını vurğulayıb.
Daha sonra “Milli düşüncəmizin Məhəmməd Əmin Rəsulzadə səhifəsi” mövzusunda məruzəsini təqdim edən akademik Rafael Hüseynov publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində iz qoymuş Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərlərinin yazıldığını bildirib.
Direktor Məhəmməd Əmin Rəsulzadənin 1903-cü ildə ilk ictimai-siyasi təşkilatı yaradarkən 19 yaşında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Rəsulzadə gənc olsa da müdrik düşüncələri ilə milləti daha güclü olmağa səfərbər edən şəxsiyyətlərdən idi. XX yüzilin başlanğıcında siyasət aləminə gələn Rəsulzadə istiqlal düşüncəsi, azadlıq eşqi ilə mübarizələrin ön cərgəsinə çıxmışdı.
1918-ci ilin sentyabrında Azərbaycanın istiqlalı elan edildikdən az sonra hakimiyyətin Gəncədən Bakıya köçdüyünü xatırladan akademik Rafael Hüseynov Milli Hökumətimizin üzvlərinin o zamanlar “Metropol” adlanan mehmanxanada, indiki Ədəbiyyat Muzeyinin yerləşdiyi binada həm yaşadığını, həm də çalışdıqlarını qeyd edib. Vurğulayıb ki, istiqlalımızın təməlləri məhz bu tarixi məkanda qoyulub, Azərbaycan Hökumətinin ilk çağırışları buradan eşidilib. Həmin insanların şərəfinə “İstiqlal” adlandırılan bu zalda AXC-nin iclasları keçirilib, Azərbaycanın gələcəyi üçün vacib qərarlar verilib, müzakirələr aparılıb. Bu baxımdan da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin bu binada rəmzi məna daşıyır.
Alim 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsinin elan edilməsini xalqımızın tarixində ən bəxtiyar, mühüm hadisə adlandırıb. Qeyd edib ki, gənclik illərindən Rəsulzadənin ən böyük amalı insanlara hürriyyət, millətlərə istiqlal idi. Bu görkəmli şəxsiyyət ömrünün sonunadək daim Azərbaycan istiqlalının, Azərbaycan istiqlal düşüncəsinin sönməsinə imkan verməyənlərdən olmuşdur.
Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Məhəmməd Əmin Rəsulzadənin dövlət quruculuğundakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. O, ictimai mühitə ədəbi, poetik düşüncə ilə gəlib. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərkən istiqlal düşüncəsini nəzərdə tutan Rəsulzadə 1920-ci ildən sonrakı bütün fəaliyyəti boyunca mühacirətdə istiqlal işığını sönməyə qoymamışdır. XX yüzilliyin əvvəlində Azərbaycan istiqlal düşüncəsinin yüksəlişinin əsas təməlçilərindən biri olan bu görkəmli şəxsiyyət həm də bu istiqlal düşüncəsinin siyasi irsini yaratmışdır.
Tədbirdə “Nizami Gəncəvinin şəxsiyyəti və irsinin görünən və görünməyən tərəfləri Məhəmməd Əmin Rəsulzadə yozumunda” adlı ikinci məruzəni təqdim edən akademik Rafael Hüseynov bildirib ki, onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. Rəsulzadə bu əsəri 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, müharibənin doğurduğu çətinliklər səbəbindən çapı gecikən monoqrafiya 1951-ci ildə Ankarada nəşr olunub.
Qeyd olunub ki, dörd fəsildən ibarət kitab Nizami Gəncəvinin dövrü, mühiti, həyatı, yaradıcılığı, ədəbi sələflərinə münasibəti, sənətdə xələflərinin şairə münasibəti, "Xəmsə"nin bədii xüsusiyyətləri, Nizami ədəbi məktəbi və s. haqqında sanballı monoqrafiyadır. Sovet dövründə Azərbaycanda bu monoqrafiyaya birtərəfli, əksər hallarda mənfi münasibət bildirilib. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra M.Ə.Rəsulzadə irsinə, o sıradan alimin "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasına obyektiv qiymət verilib.
Sonra muzeyin elmi işçisi, Məhəmməd Əmin Rəsulzadə ədəbi və publisistik irsinin tədqiqatçısı Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyatla bağlı araşdırmalarında Azərbaycan davası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi ədibin “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami”, “Azərbaycan davası” əsərlərindən bəhs edərək onun ədəbi əsərlərində də Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyini vurğulayıb. Tədqiqatçı qeyd edib ki, Azərbaycan davası Rəsulzadənin siyasət meydanında apardığı istiqlal mücadiləsinin ideoloji sahədə davamıdır. Konfransda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə “Nizami Muzeyinin ekspozisiyasında Cümhuriyyət irsi” mövzusunda məruzəsini təqdim edən muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadənin irsindən bəhs edib. Məruzəçi ədiibin onun ideyalarını dəstəkləyən Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Məhəmməd Hadi, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Abdulla Şaiq, Seyid Hüseyn və digərlərinin adlarını sadalayaraq, onların Azərbaycan tarixində, ədəbiyyatında müstəsna xidmətlərindən, Cümhuriyyət dövrünü əks etdirən yaradıcılıqlarından bəhs edib. Eyni zamanda, Nizami muzeyinin mövcud ekspozisiyasında bu görkəmli şəxsiyyətlərə məxsus və ya onlara həsr edilmiş sərgilənən müxtəlif eksponatlar haqqında məlumat verib.
Daha sonra muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Göyərçin Mustafayevanın təqdimatında “Tatar tarixçisi Bulat Sultanbekovun Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırması” adlı məruzə dinlənilib. G.Mustafayeva tatar tarixçisi Bulat Sultanbekovun Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, repressiya dövrünün tədqiqatçılarından olan professor Bulat Sultanbekov Rəsulzadənin məhz İosif Stalinlə olan münasibətlərini araşdıraraq maraqlı faktlar üzə çıxarıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivinin “Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr” bölməsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva isə “Məhəmməd Əmin Rəsulzadənin repressiya olunmuş doğmaları” adlı məruzəsində ictimai xadimin repressiyaya məruz qalmış ailə üzvlərinin – 24 yaşında güllələnən oğlu Rəsul, Qazaxıstana sürgün olunmuş anası Maral xanım, həyat yoldaşı Ümmülbanu, qızları Lətifə, Xalidə və oğlu Azər, onlarla yanaşı Rəsulzadənin əmisi oğlu və yaxın silahdaşı, onun kimi mühacirətdə olan Məhəmmədəlinin də ailə üzvləri – yoldaşı Raziyə xanım uşaqları Musa, Gündüz və Aydının adlarını və faciələrini qeyd edərək əsas diqqəti Rəsulzadənin əmisi qızı və baldızı Şairə Ümgülsümə və onun həyat yoldaşı şair, publisist Seyid Hüseynə yönəldib. Məruzəçi Seyid Hüseyn Sadıqzadənin güllələnməsindən sonra Ümgülsüm Sadıqzadənin də həbs və sürgün həyatı, övladlarının taleyi haqqında müxtəlif faktları dinləyicilərin diqqətinə çatdırıb. Şəhla Abdullayeva, həmçinin akademik Rafael Hüseynovun rəhbərliyi ilə geniş ədəbi layihənin başladıldığını və layihənin ilk kitabının məhz Seyd Hüseyn Sadıqzadənin 1907-1920-ci illərdə nəşr etdirdiyi məqalə və hekayələrini ehtiva etdiyini bildirib. Qeyd edib ki, Abu nəşr tezliklə oxucuların ixtiyarına veriləcək.
Sonda muzeyin tərtibatçı rəssamı Leyla Məmmədovanın təqdimatında muzeyin yeni layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Heykəltəraş Leyla Məmmədova ictimai-siyasi xadim, ədib, publisist Məhəmməd Əmin Rəsulzadənin yeni heykəlinin hazırlanması üçün müxtəlif eskizlərini təqdim edib və onlar haqqında məlumat verib.